“Ruh” İctimai Birliyi Zaqatalada “dəyirmi masa” keçirib Hadisə

“Ruh” İctimai Birliyi Zaqatalada “dəyirmi masa” keçirib

Avqustun 24-də Zaqatalada "Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr" mövzusunda "dəyirmi masa" keçirilib. "Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə gerçəkləşdirdiyi "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək" layihəsi çərçivəsindəki tədbirdə yerli dövlət qurumlarının və medianın təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Toplantını giriş sözü ilə Zaqatala Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İlqar Vəliyev açaraq bildirib ki, Azərbaycan dövləti mediaya hər zaman böyük diqqət və qayğı ilə yanaşıb. Bu qayğı eyni zamanda media sahəsində fəaliyyət göstərən jurnalist təşkilatlarından da yan ötmür. Onlar ölkənin ictimai həyatının ən müxtəlif məsələləri ilə bağlı təşəbbüslər reallaşdırırlar, ictimaiyyəti maarifləndirirlər. Belə təşəbbüslərdən birinin Zaqatalada həyata keçirildiyini vurğulayan İlqar Vəliyev tədbirin mahiyyətinə diqqət çəkib. O bildirib ki, torpaqlarımızın 20 faizinin işğal altında olduğu bir dövrdə müharibə təhlükəsi qalmaqdadır. Ancaq müasir dövrdə müharibənin aparılmasının forma və üsullarında dəyişiklik var. Mövcud dəyişiklik müharibənin həm də informasiya cəbhəsinin olması reallığına söykənir. İlqar Vəliyev "dəyirmi masa"da bu istiqamətdə müzakirələrin aparılacağını qeyd edib.
"Ruh" Jurnalistlərin Müdafiəsi ictimai birliyinin sədri, "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək" layihəsinin koordinatoru Əvəz Rüstəmov çıxışına layihənin məqsəd və vəzifələri barədə məlumat verməklə başlayıb. O bildirib ki, istər 2014-cü ilin avqustunda cəbhə xəttində atəşkəsin geniş miqyaslı pozulması faktı, istər ondan sonra yaşananlar, istərsə də 2016-cü il aprelin ilk həftəsində davam edən iri miqyaslı silahlı qarşıdurma müharibəni ölkəmiz üçün qaçılmaz proses kimi dəyərləndirməyə imkan verir. Belə bir durumda cəmiyyətin hazırlıq səviyyəsi vacibdir. Bu isə eyni zamanda informasiya müharibəsinə hazırlığını nəzərdə tutan prosesdir. "Azərbaycanda informasiya texnologiyaları sürətlə inkişaf etməkdədir. Həyatımızda onlayn medianın və sosial şəbəkələrin rolu artıb. Əlbəttə, bu, ölkədəki demokratizmin təzahürüdür. Hər kəs sərbəst şəkildə öz fikrini bildirir, vətəndaş jurnalistikası inkişaf edir. Lakin prosesin mənfi tərəfləri də var. Cəbhə xəttində gərginliyin yaşandığı dövrdə bizlər bunu hiss etdik. İnformasiya ilə müxtəlif məqsədlər üçün manipulyasiyalara yol verənlər oldu. Bu kimi hallar isə cəmiyyətdə müəyyən gərginlik yaratmaq iqtidarındadır və informasiya təhlükəsizliyi məsələlərinə xüsusi diqqət yetirməsini aktuallaşdırır. Layihəmiz də bunun təmin edilməsinə dəstək məqsədi daşıyır. Zaqatalada keçirdiyimiz toplantı ilk tədbirdir. İstəyirik ki, geniş ictimaiyyət informasiya müharibəsi şəraitində medianın və sosial şəbəkələrin fəaliyyət xüsusiyyətlərinə, yerinə yetirdiyi missiyaya dair ətraflı məlumatlı olsun. Bu məlumatlılıq insanlarımızın neqativ hallara münasibətdə reaksiyasının formalaşması baxımından önəmlidir", - deyən Ə.Rüstəmov rəhbərlik etdiyi qurumun daha 3 rayonda "dəyirmi masa"lar təşkil edəcəyini diqqətə çatdırıb.

Jurnalist Araşdırmaları Mərkəzinin sədri, "İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək" layihəsinin eksperti Seymur Verdizadə bildirib ki, hazırkı dövrdə kütləvi informasiya vasitələrinin bir çoxu internet üzərindən yayımlanırlar. İnternet özü ilə yeni dəyərlər gətirir. Onlara müsbət tərəfdən yanaşmaq mümkündür. Amma bəzən neqativ meyllər daha çox nəzərə çarpır və həmin meyllər ictimai maraqlara meydan oxuyur. "Bunu bizlər həm 2014-cü ilin avqustunda, həm də 2016-cı ilin aprelində müşahidə etdik. Əlbəttə, aprel ayında dövlət qurumlarımız daha çevik işlədilər. Düşünürəm ki, media da cəmiyyəti düzgün şəkildə məlumatlandırdı. Ancaq bəzi saytlar oldu ki, ya qeyri-peşəkarlıqdan, ya da müəyyən maraqlar yerinə yetirdiklərindən məsələyə fərqli yanaşdılar. Əlbəttə, Milli Ordumuz cəbhədə böyük uğur qazandı. Ancaq bəzən bu uğur daha şişirdilmiş formada göstərildi. Belə hal yolverilməzdir. Çünki bu, həm düşmənin əks addımlarının müəyyənləşməsinə kömək göstərir, həm də vətəndaşımızı yanlış məlumatla üz-üzə qoyur. Əlbəttə, bu cür hallara qarşı cəmiyyətin səfərbər olunması mütləqdir. Layihəmiz də məhz bu məqsədə xidmət edir", - deyə o vurğulayıb.
"Zaqatala" qəzetinin baş redaktoru İbrahim İbrahimli 2016-cı ilin aprelində Azərbaycan cəmiyyətində monolitliyin olduğunu bildirib. Bu monolitliyin yaranmasında Azərbaycan mediasının rolunun müstəsna əhəmiyyət daşıdığını önə çəkib.
Yeni Fikir Jurnalist Həmrəyliyi ictimai birliyinin sədri Elmira Mehdiyeva informasiya təhlükəsizliyi ilə bağlı maarifləndirmə işlərinin aparılmasının zəruriliyini əsaslandırıb. O, mövcud xüsusda əsasən də gəncələrlə işin düzgün qurulmasının əhəmiyyətindən danışıb.
Tədbirdə çıxış edənlərdən Ailə Qadın və Uşaq Problemləri Mərkəzinin rəhbəri Cövhərət İbrahimova, "Zaqatala" qəzetinin əməkdaşı Abdulla Əfəndi, Zaqatala Rayon Veteranlar Şurasının sədri Ənvər Kərimov və başqaları müzakirənin əhəmiyyətini vurğulayaraq milli təhlükəsizliyimizin vacib elementi olan informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlərə ictimai dəstək göstərilməsinin zəruriliyinə toxunublar.