Yollar niyə tez-tez çökür? Hadisə

Yollar niyə tez-tez çökür?

Zöhrab İsmayılov: "Bunların hamısı Bakı şəhərində normal planlaşdırmanın olmaması ilə bağlıdır"

Bir neçə gün bundan önə Bakının Nobel prospektində yol çökdü. Bu barədə danışan Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev dedi ki, Bakının Nobel prospektində yolun çökdüyü hissədə torpaq yuyulmasının kollektor üzərində olması ehtimal etməyə əsas verir ki, yolun çökməsi bu kollektorda olan uzunmüddətli sızmalar səbəbindən baş verib: "Kommunikasiya xəttlərində baş verən qəzalar nəticəsində asfalt-beton örtüyünün çökməsi hadisəsi birinci dəfə deyil". Onun sözlərinə görə, həmin ərazidə nə vaxtsa çalanın olması və yumşaq torpaqla doldurulması barədə söylənən fikirlər tamamilə əsassızdır: "İstismara veriləndən sonra, həmin hissədə "Azeryolservis" ASC tərəfindən heç zaman təmir işləri aparılmayıb. Hansısa podratçı tərəfindən texnoloji prosesə tam əməl olunmadan iş aparılsa belə, orada heç bir halda 10 metr dərinliyində çökmə yarana bilməzdi. Yaranmış çalaya gəlincə, həmin yolda intensiv hərəkətin təmin edilməsi və bədbəxt hadisələrin baş verməsinin qarşısını almaq məqsədilə, həmin çala "Azəryolservis" ASC tərəfindən doldurulub və aidiyyatı üzrə yol istismar sahəsinə də tapşırıq verilib. Yəni lazım gələrsə, həmin ərazidə problem baş verərsə, təcili bərpa işləri aparılacaq. Hazırda həmin ərazi "Azeryolservis" ASC tərəfindən tam nəzarətə götürülüb. Nəzərə almaq lazımdır ki, çökmənin əsas səbəbi nə vaxta qədər ki, aradan qaldırılmayıb, həmin sahədə çökmənin təkrar baş verməsi qaçılmazdır".
Ümumiyyətlə yollarda tez-tez çökmənin baş verməsinin əsil səbəbləri nədir?
Azad İqtisadiyyata Yardım İctimai Birliyinin sədri Zöhrab İsmayılov hesab edir ki, yollarda aparılan işlər keyfiyyətli görülsə, bu qədər problem olmaz: "Yəni Bakı şəhərinin içərisində bu dəqiqə normal yolun uzunluğu azdır. Bu, bir tərəfdən ayrılan vəsaitlərin səmərəsiz istifadəsi ilə bağlıdırsa, digər tərəfdən düzgün olmayan şəhər planlaşdırılmasından asılıdır. Tutaq ki, hansısa yol təmir olunur. Sonra oranı "Azərsu" qazıb su xətti çəkir, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi rabitə xətti, Baş Dövlət Yol Polisi İdarəsi işıqforlar üçün kabellər çəkir. Bunların hamısı Bakı şəhərində normal planlaşdırmanın olmaması ilə bağlıdır".
Zöhrab İsmayılovun sözlərinə görə, Bakının böyük şəhər bələdiyyəsi yaradılsa, həmin qurum şəhərin bütün problemləri ilə məşğul olsa, tam səlahiyyətli və sakinlərin qarşısında hesabat versə, sakinlər tərəfindən seçilən bir bələdiyyə başçısı olsa, bu problemləri nisbətən həll etmək olar.
QHT sədri hesab edir ki, Bakı şəhərini idarə edən qurum olmalıdır: "Bakı 10-20 il bundan əvvəlki Bakı deyil, kifayət qədər hərəkət var. Demək olar ki, əhalinin təxminən 40 faizi burada cəmləşib. Və burada böyük tikinti işləri gedir, böyük dəyişiklər var. Ona görə də Bakı şəhəri normal idarə olunmalıdır. Onun özünün böyük şəhər bələdiyyəsi yaradılmalıdır ki, o bələdiyyə də şəhərin planlaşdırılması ilə məşğul olsun. Bələdiyyənin səlahiyyəti olmalıdır və bilməlidir ki, hardan kabel, hardan su xətti çəkilməlidir".

Əli