Əsgəri təşkilat və Qızılbaş əyanları Hadisə

Əsgəri təşkilat və Qızılbaş əyanları

4-cü yazı

Təəssüf ki, bu günə qədər bizə məlum olan yerli qaynaqlarda hərbi islahatlar və onların tarixi haqqında dəqiq məlumat yoxdur. Ancaq əvvəl göstərildiyi kimi, yerli qaynaqlarda XVI yüzillikdə I Şah Abbasa qədər müəyyən savaşlarda və xüsusilə müdafiə döyüşlərində topdan, tüfəngdən istifadə olunduğu haqqında məlumatlara təsadüf edilir və Təbrizdə, Dərbənddə tüfəngçi hərbi dəstələrin də olduğu göstərilib. Doğrudur, dövrün Avropa ədəbiyyatında yerli qaynaqlarla müqayisədə Azərbaycan Səfəvi dövlətinin hərbi təşkilatı, döyüş texnikası haqqında məlumat daha çoxdur. Ancaq dövrün Avropa ədəbiyyatlarında təhriflərə də yol verilib, bəzən isə bu ədəbiyyatlardakı məlumatlar tarixi gerçəkliklərlə səsləşmir. Məsələn, Pyetro della Valle 22 aprel 1619-cu il məktubunda qeyd edir ki, tüfəngçi korpusunu bir neçə il əvvəl ser Antoni Şerlinin məsləhəti ilə I Şah Abbas yaradıb. Yaxud onun qardaşı Robert Şerlini şəxsən tanıyan Purçal isə yazır: "Məğrur iranlıya (Qızılbaş - Z.B.) döyüş sənətini Şerli öyrətdi və o buna qədər topdan istifadə etməyi bilmirdi. İndi onun 500 mis topu və 6000 tüfəngi var".
V.Minorski yazır ki, Ser Antoni ilə birlikdə İranı (Səfəvi ölkəsini-Z.H.) tərk edən tərcüməçisi Ancelo Romada (28.XI.1519) Şah Abbasın yay-ox, qılınc ilə silahlanmış 100.000 nəfərə qədər süvari qoşun səfərbər etmək imkanına malik olduğunu bildirmişdi. Bundan savayı, onun 50.000 nəfər tüfəngçisi vardır ki, onlar əyri qılıncla da silahlı idilər. Bir vaxtlar o, tüfəngçidən istifadə etmirdi, ancaq indi onlarla fəxr edir və çalışır ki, onlar xidmətdə olsunlar. Onun bir neçə ədəd topu da vardır ki, tatarlardan (Osmanlı türkü) qənimət götürmüşdür. Ser Denis Rossun məlumatlarında da göstərilir ki, Şahın artıq topçu (top tökən) məsələsində çətinliyi yoxdur. Ona görə ki, bir neçə top ustası Osmanlı dövlətindən narazı qalıb, Şahın xidmətinə keçib. O cümlədən Robert və yoldaşlarına görə, onlar Səfəvi dövlətinə gələnə qədər burada top və tüfəngdən istifadə edə bilmirdilər və onların gəlişindən sonra vəziyyət dəyişmiş, artıq Şahın İsfahanda karxanasında 200 işçisi vardır ki, onlar kifayət qədər yaxşı top, tüfəng hazırlayırlar. Ancaq dövrün mötbər qaynaqlarına istinad edən S.M.Onullahi yazır: "…Şerli qardaşlarının İranda (Səfəvi ölkəsində-Z.B.) ilk dəfə top və tüfəng hazırlaması texnikasını öyrətməsi haqqında müddəa tam yanlışdır… Çaldıran döyüşünə qədər Qızılbaş qoşununda top, tüfəng və mancanaq olub… bu silahların bəzisi… Təbrizdə istehsal olunurdu". "Xolde bərin" də də 1585-ci ildə Təbrizin Osmanlı ordusu tərəfindən işğalı ilə bağlı hadisələrdən danışılarkən təbrizli Murad bəy Topçubaşıya və Heydər bəy Ənisin oğlu Bərxudar bəyə Şahın top tökmələri barədə əmr verməsindən bəhs edilir. Qaynaqda göstərilir ki, Bərxudar bəyin qırx beş günə tökdüyü bu top çox böyük olub, iyirmi beş batman ağırlığında mərmi atırdı. Mənbənin verdiyi bu məlumatlar, o cümlədən, ağır mühasirə topunun tökülməsi haqqındakı fakt da Antoniyə qədər Səfəvi məmləkətində top tökülməsindən, Təbrizin ölkə miqyasında odlu silahlar istehsalına görə xüsusi əhəmiyyət kəsb etməsindən xəbər verir və təbrizli topçuların əski çağlardan çox böyük təcrübəyə malik olduqlarını da isbat edir.
Qeyd olunan bu iki qoşun növünə daxil olan 5 hərbi hissədən əlavə, Şardenin əsərində iki kiçik hərbi hissənin də adı qeyd edilib. Şahın 200 nəfər sufi cangüdəninin Səfəvi sülaləsi ilə xüsusi əlaqəsi vardı. Qərargahları Alaqapı darvazasında, töhidxana yaxınlığında idi. Sanson sufilərin XVII yüzilliyin 80-ci illərində izzət və etibarını itirdiklərini bildirsə də, Şardendən fərqli olaraq onlardan 2000 nəfərin sarayın giriş qapısında keşik çəkdiklrini və eşikağasına tabe olduqlarını yazıb.
Şarden göstərdiyi iki kiçik hərbi dəstənin ikincisi haqqında yazır ki, 600 nəfərdən ibarət cəzair adlı qarovul dəstəsini 1654-cü ildə Şah Abbas sani hərbi xidmətə qəbul etmişdi. Onlar Şahın cangüdənləri, saray qarovulçuları olub, tüfəngçibaşıya tabe idi. Ancaq "Təzkirət əl-müluk"da cəzairin qulamlarla əlaqəsinə işarə edilir. Onlar daimi olaraq saray qapısında keşik çəkirdilər. Sanson onların sayının 4000 nəfər olduğunu və tüfəngçibaşına deyil, topçubaşına tabe olduqlarını yazır. Dövlət
və Şah qoşunundan sarayı qorumaq üçün ayrılan takım əsgərlərinin sayını Səfəvi şahları istədikdə artırıb, yaxud azaltmaq, hətta ləğv etmək hüququna malik olduqlarına və bəzən də bunu icra etdiklərinə görə, dövrün ədəbiyyatlarında qeyd olunan takımların əsgərlərinin sayı barədə fərqli məlumatlar verilib. Sansona görə XVII yüzilliyin 80-ci illərində onların sayı 14.000 nəfərdən ibarət olub.
V. Minorski qulamların, topçuların soykökü məsələsində yanlışlığa yol vermiş və onun tüfəngçilərin orduda xalis İran elementi olması haqqındakı fikiri də doğru deyil. Əvvəla tüfəngçilərin içərisində Qızılbaşlar az deyildi. İkinci tərəfdən İ.P.Petruşevskinin yazdığı kimi, bu dövrdə bir o qədər xristian cavanları müsəlmanlığı hələ qəbul etməmişdi ki, onlardan böyük bir hərbi qüvvə – qoşun yaradılsın. Digər tərəfdən yuxarıda qeyd etdiyimiz kimi, qorçular XVII əsrdə yenə də qoşunun əsas yadrosunu təşkil edirdi. Sansonun "qorçu alayları heç vaxt dəyişikliklərlə üzləşməmiş və əski çağlarda olduğu kimi qalır" - deməsi göstərilən fikrin doğruluğunu təsdiq edir. Qulamların da arasında türk tayfalarından mülazim olması şübhə doğurmamalıdır. Necə ki, Pyetro della Valle də yazır: "…Şahın Qızılbaşlar və qulamlardan ibarət qoşunun birinci dəstəsi türkdür, ikinci dəstə isə öz aralarında kökü türkcə olan dildə danışırlar. Onlar fars dilindən heç bir şey bilmirlər. Başçıları onları öz fikrini bildirmək üçün türk dilində fərman verməlidir. Şah da vaxtının çoxunu həmin qoşun içərisində keçirir və əmrlərini türk dilində vermək ona da rahatdır. Məhz bunun nəticəsində türk dili tədricən zadəganlardan təşkil olan saray və ölkənin yüksək rütbəli hərbi və mülki şəxsiyyətlərinin dili olub".
Petro della Vallenin yazdıqlarından aydın olur ki, qeyritürklərdən yaradılan qoşun növü – qulamların türk dilində danışmaları imperatorluqda türklərin nüfuzlarının güclü olmasından xəbər verir. Sözsüz ki, qulam əsgəri heyətinin müəyyən hissəsi türk tayfalarından səfərbər olduqlarına görə, bu takımdakı qeyri-türklər türk dilini asanlıqla öyrənməyə müvəffəq ola bilmişdilər. Digər tərəfdən ünsiyyət vasitəsi olan türk dilinin saray, dövlət və qoşun dili olması, dövlətin yüksək rütbəli şəxsiyyətlərinin bu dildə danışması şəraitində qeyri-türk etnik mənşədən olan gənc qulamlar "farslaşma" prosesinə deyil, məhz türkləşmə prosesinə məruz qala bilərdilər. Bu isə dövlətin hərbi təşkilatında türk və türkdilli əsgəri heyətin çəkisini daha da artırırdı.
Osmanlı yeniçərlərinə bənzər yeni nizami hərbi hissələrinin təşkili əslində dövlətin hərbi qüdrətinin möhkəmləndirilməsi məqsədindən irəli gəlmişdi. Digər tərəfdən, I Şah Abbas yalnız Qızılbaşların dövlətdəki nüfuzunu məhdudlaşdırmağa çalışmamış, o həm də qeyri-türk ünsürlərinin mərkəzdənqaçma hərəkatlarına qarşı da kəskin mübarizə aparmışdı. Və bu mübarizədə onun arxalandığı hərbi qüvvənin türklər olması bəlli həqiqətdir. Elə buna görə də, onun dövründə və ondan sonra yenə də Qızılbaş tayfa əmirləri Səfəvi dövlətinin əsas dayağı olaraq qalırdı. Düzdür, I Şah Abbasdan sonra hakimiyyət başına keçmiş hökmdarlar da səltənətə qarşı çıxa biləcək qüvvələr içərisində ancaq qorçulardan ehtiyat etdiklərinə görə onların imtiyazlarını azaltmağa çalışmış, ancaq bu işi axıra çatdıra bilməmiş və son nəticədə öz tədbirlərindən imtina etmişdilər. Bu, Qızılbaşların yenə də Səfəvi dövlətində öz keçmiş hərbi qüdrətlərini, nüfuzlarını qoruyub saxlaması deməkdir. Hətta tüfəngçi dəstələrinin içərisində də Qızılbaşlar az deyildi. Elə I Şah Abbasın hakimiyyəti dövründə, 1619-cu ildə Təbrizli Məhəmmədtağı bəy min nəfərlik azərbaycanlı tüfəngçi dəstəsinin minbaşısı idi. Topçubaşılar da bir qayda olaraq təbrizlilərdən ibarət olmuşdu. Çünki top istehsalı sahəsində Təbrizli ustalar bu işin ilk təşəbbüsçüsü, ixtiraçısı və mahir sənətkarları olmuşlar. Vilayətlərdə də tüfəngçi və topçu dəstələri vardı. Məsələn, Şah Abbas Dərbəndi tutduqdan sonra Mənuçöhr bəy Cığatayı xorasanlı, iraqlı və sairədən ibarət bir dəstə tüfəngçi ilə onların qalabəyi və yolların mühafizəçisi təyin etmişdi. 1718-ci ildə A.Volinskinin gündəliyində Şirvanda onu müşayiət edənlər içərisində Şirvan hərbi rəislərindən topçubaşı və onun köməkçiləri haqqında da məlumat var. O cümlədən 1722-ci ildə rus qoşunu Dərbəndi tutduqda orada 203 top da ələ keçirmişdilər. Pyetro della Vallenin yazdığı kimi, zamanın tələblərinə uyğun olaraq Səfəvi qoşunun sayı tez-tez artır, yaxud azalırdı. Səyyah qeyd edir ki, Şah Abbas artıq adamlara məvacib verməyi xoşlamırdı.
Bundan başqa əvvəlki dövrün müharibələrində Səfəvi dövlətinin əsgəri itkisi də çox olmuşdu. Bunun hamısı daxil olmaqla, orduda 70.000-80.000 döyüşçü vardı ki, ondan da yalnız 40.000 nəfərindən sözün əsl mənasında hərbi əməliyyatlarda istifadə etmək olardı. Ancaq Pyetro Şahdan məvacib alan ordunun ümumi sayının 100.000 olmasından danışır ki, onun 30.000 nəfəri sərhəddə mühafizə xidmətində olub, buranı heç vaxt tərk etmirdi. Yerdə qalan 70.000 nəfərlə birlikdə, zabitlərin ailəsi, xidmət heyəti də nəzərə alınsa, ordunun ümumi sayı 200.000-300.000 nəfərə çatır. Şardenə əsasən I Şah Abbasın vəfatı əsnasında sarayı qoruyan 10000 nəfər istisna olmaqla, ordunun ümumi sayı 120.000 nəfərdən ibarət olub, onun 50.000 nəfərini üç yeni alay təşkil edirdi. Bu vaxt sarayı qoruyan 10000 nəfər nəzərə alınmadıqda, vilayət qoşunlarının sayı 70.000 nəfərdən çox deyildi.
Səfəvi qoşunun sayı barədə Oruc bəy Bayatın gündəliyindəki məlumatlar isə XVI yüzilliyin son rübünə aiddir. O, Səfəvi qoşununun əsas hissəsinin süvarilərdən ibarət olduğunu, qoşunun sayının bayraqların sayından bilindiyini, hər min nəfər əsgərin önündə öz bayraqları dalğalandığını və bunun Roma senturiyasından götürüldüyünü yazıb. Ancaq müəllif burada müəyyən dolaşıqlığa yol vermişdir. Məlum olduğu kimi, Romada senturiya 100 nəfərdən ibarət qoşun dəstəsinə deyilirdi. Türk hərb strukturunda isə qoşun onluq, yüzlük və minlik, tümənə bölünürdü və əski çağlardan bəri türk ordusunda minbaşının başçılıq etdiyi min nəfərlik takımın önündə öz bayraqlarının aparılması sırf özlərinə aid hərb qaydası idi. Oruc bəy yazırdı: "…Şah asanlıqla 200 min süvari yığa bilərdi və bunu mən özüm görmüşdüm. İştirak etdiyim çoxlu hərbi səfərlərdə 200 bayraq saymışdım". Ancaq onu da qeyd etmək lazımdır ki, dövrün bir çox başqa qaynaqlarında verilən məlumatlar sübut edir ki, Oruc bəy Bayatın qoşununun sayı haqqındakı qeydlərində müəyyən qədər şişirtmələr var.
Tavernyenin ayrı-ayrı hərbi dəstələr üzrə məlumatlarını yekunlaşdırıldıqda XVII əsrin 50-60-cı illərindən ordunun ümumi sayı təxminən 90.000-100.000 nəfər və Engelbert Kempferin məlumatları əsasında aparılan hesablamalara görə isə həmin əsrin 80-ci illərində 90.000 nəfərdən ibarət olub.

Zabil Bayramlı
tarix üzrə elmlər doktoru, professor