Mətbuat Şurasının «525-ci qəzet»ə təbriki Hadisə

Mətbuat Şurasının «525-ci qəzet»ə təbriki

Azərbaycan Mətbuat Şurası "525-ci qəzet"i fəaliyyətə başlamasının 24 illiyi münasibəti ilə təbrik edib. Təbrikdə deyilir:
"Azərbaycanın zəngin media palitrasında özünə məxsus yeri və rolu olan kütləvi informasiya vasitələrindən biri də "525-ci qəzet"dir. Noyabrın 17-də nəşrin fəaliyyəti başlamasından 24 il ötür. Bu münasibətlə onun rəhbərliyini və kollektivini təbrik edirik!
"525-ci qəzet" Azərbaycanın müstəqilliyinin ilk ilində yaranmış mətbuat orqanıdır. Qəzet fəaliyyətə başlaması ilə cəmiyyətə çox önəmli mesajlar vermişdi. Onun üslubu, hadisə və proseslərə yanaşma tərzi toplum üçün həmin dövrə qədər yad olan bir sıra dəyərləri aşılamış, söz və ifadə azadlığının vacibliyini müstəqilliyimizin əbədiyyat simvolu kimi əsaslandırmışdı. Bu, son dərəcə vacib missiya idi.
Çap mediasının onlayn mediaya bir çox komponentlər üzrə uduzduğu hazırkı dövrdə "525" mövqeyini qorumağı bacarıb. Bu, peşəkarlıqdan, ənənələrə sadiqlik ruhundan irəli gələn keyfiyyətdir. Qətiyyətlə demək mümkündür ki, 24 illik müddət onu oturuşmuş kütləvi informasiya vasitəsinə çevirib.
"525" böyük həvəslə oxunur, qəbul edilir. Cəmiyyətin ən müxtəlif təbəqələrini təmsil edən şəxslər nəşrin səhifələrində öz imzalarını görməyə üstünlük verirlər. Çünki "525-ci qəzet"də dərc edilmiş hər bir yaradıcılıq məhsulu ictimai şüurda özünə yer tapır, bir növ legitimləşir.
"525-ci qəzet"in hazırkı yüksək statusu Rəşad Məcid başda olmaqla nəşrin fədakar kollektivinin gərgin əməyinin, axtarışlarının nəticəsidir. Azərbaycan Mətbuat Şurası bir daha nəşri fəaliyyətə başlamasının 24 illiyi münasibəti ilə təbrik edir, onun zəhmətkeş kollektivinin hər bir üzvünə möhkəm sansağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayır.
24 yaşınız mübarək, əziz həmkarlar!"