Daha bir hərbi komissar həbs olundu - Rəsmi Hadisə

Daha bir hərbi komissar həbs olundu - Rəsmi

21:19

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

Onun sözlərinə görə, külli miqdarda rüşvət almaqda təqsirləndirilən Sadiq Əliyevlə bağlı istintaqı Respublika Hərbi Prokurorluğu aparır:

“Saxlanılan mayor Əliyev bundan əvvəl Quba və Mingəçevirin hərbi komissarı olub”.

***

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi həbs edilib.

Bu barədə Report-a hərbi prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

Bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Həsən oğlu Əliyevə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.