Bəhruz Məhərrəmov: Azərbaycanın Zəfəri beynəlxalq münasibətlər sistemində yeni reallıq yaradıb Siyasət

Bəhruz Məhərrəmov: Azərbaycanın Zəfəri beynəlxalq münasibətlər sistemində yeni reallıq yaradıb

“Azərbaycanın 2020–2023-cü illəri əhatə edən mərhələli strateji proses nəticəsində öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi yalnız Cənubi Qafqazın geosiyasi xəritəsini köklü şəkildə dəyişdirməklə kifayətlənməmiş, eyni zamanda beynəlxalq münasibətlər sistemində yeni reallıqlar formalaşdırmışdır”.

Bunu Milli Məclisin deputatı Bəhruz Məhərrəmov “Xalq Cəbhəsi”nə açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycanın əldə etdiyi nəticə beynəlxalq hüququn norma və prinsiplərinin praktik müstəvidə həyata keçirilməsi baxımından mühüm təcrübə ortaya qoyub:

“Böyük güclərin kəsişən maraqları, beynəlxalq təşkilatların təsir imkanlarının məhdudluğu və uzun illər ərzində formalaşmış geosiyasi qarşıdurma şəraitində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi xüsusi əhəmiyyət daşıyır.Azərbaycanın 2020-ci il Vətən müharibəsində əldə etdiyi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror tədbirləri nəticəsində suverenliyini bütün ərazisində təmin etməsi göstərdi ki, uzun illər həllini tapmayan münaqişələrin mövcud status-kvo şəklində saxlanılması davamlı həll modeli deyil. Azərbaycan bu prosesdə beynəlxalq hüququn suverenlik və ərazi bütövlüyü prinsiplərinə istinad edən mövqeyini ardıcıl şəkildə müdafiə edib”.

Deputat vurğulayıb ki, uzun illər ərzində aparılan diplomatik proseslərin nəticəsiz qalması beynəlxalq vasitəçilik mexanizmlərinin effektivliyi ilə bağlı ciddi suallar yaradıb:

“Otuz ilə yaxın davam edən diplomatik proseslərin işğal faktının aradan qaldırılmasına gətirib çıxarmaması beynəlxalq münasibətlər sistemində mövcud mexanizmlərin imkanlarının məhdudluğunu göstərdi. Azərbaycan isə öz siyasi, iqtisadi və hərbi imkanlarına əsaslanaraq ərazi bütövlüyünün bərpasını təmin etdi. Bu baxımdan Azərbaycanın təcrübəsi beynəlxalq hüquq normalarının yalnız bəyan edilməsinin deyil, onların real şəkildə həyata keçirilməsinin əhəmiyyətini ortaya qoyur”.

Bəhruz Məhərrəmov hesab edir ki, Azərbaycan nümunəsi ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə hüququ ilə bağlı beynəlxalq hüquqda mövcud yanaşmaların düzgün tətbiqinin vacibliyini də nümayiş etdirib:

“Dövlətlərin ərazi bütövlüyü və suverenliyinin qorunması beynəlxalq təhlükəsizlik sisteminin əsas prinsiplərindən biri olaraq qalır.Separatizm və özünütəyinetmə məsələlərinin siyasi məqsədlərlə fərqli şəkildə şərh edilməsi uzun illər ərzində bir sıra münaqişələrin həllini çətinləşdirib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası isə bir daha göstərdi ki, beynəlxalq hüququn fundamental prinsipləri siyasi konyunkturadan asılı olaraq seçmə qaydada tətbiq edilə bilməz”.

Deputat Azərbaycanın əldə etdiyi nəticənin Cənubi Qafqazın təhlükəsizlik arxitekturasına da təsir etdiyini bildirib:

“Bu gün regionda yeni geosiyasi reallıq formalaşıb. Azərbaycanın bütün ərazisində suverenliyini təmin etməsi regionda dövlətlərarası münasibətlər üçün yeni mərhələnin əsasını qoyub. Bu reallıq həm təhlükəsizlik, həm kommunikasiya, həm də regional əməkdaşlıq baxımından yeni imkanlar yaradır.Azərbaycanın təcrübəsi eyni zamanda orta gücə malik dövlətlərin beynəlxalq münasibətlər sistemində rolunun artması baxımından da diqqət çəkir.Azərbaycan mürəkkəb geosiyasi mühitdə müstəqil xarici siyasət həyata keçirərək milli maraqlarını qorumağa nail olub. Bu təcrübə göstərir ki, dövlətin siyasi iradəsi, iqtisadi imkanları, müdafiə qabiliyyəti və diplomatik potensialı bir-birini tamamladıqda milli təhlükəsizlik və suverenliyin təmin olunması istiqamətində mühüm nəticələr əldə etmək mümkündür”.

Bəhruz Məhərrəmovun sözlərinə görə, 2020–2023-cü illərdə baş verən proseslər Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoyub:

“Bu gün Azərbaycanın təcrübəsi göstərir ki, beynəlxalq hüquq normalarının yalnız kağız üzərində təsbit olunması kifayət deyil. Dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi üçün siyasi iradə, iqtisadi və hərbi potensial, eləcə də uzunmüddətli və ardıcıl diplomatik strategiya tələb olunur. Azərbaycanın 2020–2023-cü illərdə keçdiyi yol məhz bu baxımdan beynəlxalq münasibətlər müstəvisində ciddi araşdırma mövzusudur”.

Günel Elxan