Ruhun bu günü səbirsizliklə gözləyir... Hadisə

Ruhun bu günü səbirsizliklə gözləyir...

Arzu Şirinova

Hər bir insanın həyatında sevinc və kədər dolu hadisələr baş verir. Və bu hadisələr konkret ayda, gündə olur. Hər il valideynlərimi itirdiyim təqvim yaxınlaşanda elə bilirəm yenə də nəsə baş verəcək. Bir sözlə, bu təqvimi qorxu içində yola salıram. 7 fevral tarixini də sevmirdim. Çünki bu tarixdə mən ümüdlərimi, arzularımı, güvəncimi itirmişdim. O ümidlər ki, həmin gün puç oldu. O arzular ki, həmin gün gözümdə, ürəyimdə qaldı. Reallaşmayacağını bilib içim qan ağladı. O güvənc ki, həmin gündən qolu-qanadı qırılan ağac kimi qırıldım. Ağrısam da göz yaşlarımı içimə axıtdım...
...Artıq bu təqvimi sevməyə başlamışam. Səbəbi o deyil ki, ümidlərim, arzularım, güvəncim geri qayıdıb. Bu təqvimi sevməyimə səbəbkar Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovdur. Sağ olsaydı Mübariz İbrahimov doğum gününü-7 fevralı ailəsilə, qohum-əqrabasıyla birgə keçirəcəkdi. Ancaq bu gün Mübarizin doğum gününü bütün Azərbaycan qeyd edəcək. Azərbaycana şərəfli bir tarix yaşatdığı, milli kimliyimizi bir daha xatırlatdığı, vətənpərvərlik ruhunu yüksəltdiyi üçün...
...Mübariz İbrahimov çox qısa və şərəfli bir ömür yaşayıb. Biləsuvarın Əliabad kəndində maddi cəhətdən kasıb, ancaq mənəvi cəhətdən zəngin ailədə dünyaya göz açan Mübariz orta məktəbi bitirəndən sonra hərbi xidmətə yollanır. Hərbi xidmətə Daxili Qoşunların H saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə başlayan Mübariz çavuş rütbəsi alır. Bir il altı ay bu şərəfli işi layiqincə yerinə yetirir və ordudan tərxis olunandan sonra əmək fəaliyyətinə başlayır. 2008-ci ilin yayında valideynlərinə yenidən hərbiyə qayıtmaq istəyini bildirir. Harazı valideynləri yola gətirən Mübariz nəhayət, istəyinə çatır.
2010-cu ilin aprelində Tərtərin H saylı hərbi hissəsində arzusunda olduğu xidmətə başlayır...
...2010-cu il iyunun 19-da gecə saat 22:30 radələrində əvvəlcədən planlaşdırdığı əməliyyata gedən Mübariz düşmənlə üzbəüz bir kilometrlik neytral ərazini keçərək neçə illərdir torpaqlarımızı işğal altında saxlayan, ana-bacılarımızın gözünü yaşlı, uşaqları yetim, qadınları dul, anaları ürəyi dağlı qoyan erməni cəlladlarına aman verməyərək, qarşısına çıxanları məhv edir. Gülləsi qurtaran Mübariz sonda şəhid olur. Mübarizin qəhərəmanlığı, qorxmazlığı ermənilərin gözünün odunu elə alır ki, onlar Azərbaycanın igid oğlunun cəsədindən belə çəkinirlər. Şəhid olmuş Vətən oğlumuzun əllərini bağlayırlar. Şəkillərini çəkib internetdə yerləşdirirlər. Ancaq düşmənin əlində olan Mübarizin cəsədiydi, ruhu isə xalqı ilə birgəydi. Mübarizin qəhrəmanlığını dövlət başçısı da yüksək qiymətləndirdi. 2010-cu il 22 iyul sərancamıyla Mübariz İbrahimova Milli Qəhrəman fəxri adı verildi...
...2010-cu ilin noyabrın 7-də isə düşməndən geri qaytarılan Mübarizin cəsədi Bakıda torpağa tapşırıldı. Bu gün çoxları sənin məzarını ziyarət edib, gül-çiçəyə bürüyəcəklər. Və sənə rəhmət diləyib, Vətənə isə "başın sağ olsun" deyəcəklər. Mən də eyni addımı atmaq istərdim, ancaq... Harahat ruhun məni fikrimdən döndərdi. Fikirləşdim ki, torpaqlarımız düşməndən azad olunan gün sənin məzarını ziyarət edib, gözün aydın deyərəm. Çünki ruhun bu günü səbirsizliklə gözləyir...