Ata-analar öz övladlarını necə bədbəxt edirlər... Hadisə

Ata-analar öz övladlarını necə bədbəxt edirlər...

Bir az öncə çox bahalı avtomobili ilə 24 yaşlı iki uşaq anasını öldürən 14 yaşlı azyaşlının (bəziləri 16 olduğunu yazır) sosial mediada paylaşılan şəkillərini gördüm. İçki içərkən, qəlyan çəkərkən və sair…
Bu sözləri millət vəkili Qənirə Paşayeva iş adamı Füzuli Fərəcovun 14 yaşlı oğlu Ağəli Fərəcovun 200 minlik maşınla 24 yaşlı ananı vurub öldürməsi hadisəsinə münasibət bildirərkən qeyd edib. Qənirə Paşayeva sosial şəbəkədəki hesabından ifadə etdiyi mövqeyində bu hadisədə valideynin də məsuliyytə daşıdığını vurğulayıb:
"Həmin fotolardan baxan uşağın həyat tərzini təxmin etmək çətin deyil. Kimsə "ata-analar öz övladlarını necə bədbəxt edirlər" deyə danışanda bu hadisəni diqqətdən qaçırmamalıdır. 24 yaşlı gənc ananın ölümündə 14 yaşında uşağa bir müəllimin ömrünün sonuna qədər qazana bilməyəcəyi məbləğə maşın alıb, onu məktəbə göndərən ata günahkardır; yaşı çatmayan və demək, sürücülük vəsiqəsi olmayan bir uşağa sənədsiz maşın sürməyə imkan verən, buna şərait yaradan ailədir bu gün iki uşağı yetim qalan gənc ananın ölümündə suçlu olan (Bu uşağın sənədsiz şəhərdə necə maşın sürə bilməsi də ciddi araşdırılmalıdır. Bəs bu sahəyə cavabdehlər niyə addım atmayıblar? Atıblarsa, hansı addımlardır, ictimaiyyət bilməlidir. Çünki bir gənc insan həyatını itirib və iki uşaq anasız böyüyəcək)".
Millət vəkili Fərəc Fərəcovun mediaya açıqlamasına da diqqət çəkib:
"Atanın mətbuatdakı açıqlamalarını baxdım. Böyük təəssüf, qınaq və hiddət hissi ilə... Bu cür atalara demək istəyirəm ki, milləti düşünmürsünüzsə, heç olmasa, övladınızı, onun gələcəyini düşünün! Bir uşaq əlində içki, ağız dolusu qəlyan tüstüsü, bahalı maşın pozları ilə qürur duymamalıdır, bunu etməməlidir. Bu onun gələcəyinin məhv olması deməkdir. Neçə-neçə insanın həyatını məhv etməsi deməkdir. O yaşda bir uşaq məktəbdəki təhsili ilə, əxlaqı, çalışqanlığı ilə fərqlənməlidir. O pulları uşaqlarınızın məhvinə deyil, kasıblara, ehtiyacı olanlara, yaxşı bir işə dəstəyə xərcləyin və uşağınız da sizin bu əməllərinizi görüb doğru tərbiyə olunsunlar. Onsuz da sizin pulunuz Allah nəsib etsə, övladınıza qalacaq. Kiçik yaşlarda yazıq etməyin övladlarınıza... Sonra da əziyyətini sizdən çox başqaları çəkir və buna haqqınız yoxdur. Qudurğan pozlar, həyat tərzi heç bir normal insanda rəğbət yaratmır, tam əksinə, nifrət yaradır. Qanunlar, hüquq öz yerində və ümid edirik ki, ədalət yerini tutacaq. Amma əgər bir az vicdan anlayışı varsa, o ailə və iki uşaq anasını yetim qoyan o "uşaq" bir ömür vicdan əzabı cəzası çəkəcək.