Marneulidə azərbaycanlılar etiraz aksiyası keçirib Hadisə

Marneulidə azərbaycanlılar etiraz aksiyası keçirib

Səbəb soydaşlarımızın torpaq sahələrinin qeyri-qanuni şəkildə zəbt olunmasıdır

Dünən səhər saatlarında Marneuli rayonunda azərbaycanlıların kompakt yaşadığı Aşağı Qullar kənd sakinləri etiraz aksiyası keçiriblər. APA-nın Gürcüstan bürosunun məlumatına görə, buna səbəb kəndin Xram çayının sahili boyu uzanan 65 hektar otlaq sahələrinin 60 hektarının bəzi şəxslər tərəfindən qeyri-qanuni şəkildə zəbt olunması olub. İndi həmin yerlərdə çınqıl çeşidləmə zavodu və digər obyektlər tikilib, mal-qara saxlamaq üçün binə salınır.
Sakinlərin APA-ya verdiyi məlumata görə, kənddə 200 baş mal-qara var. Əhali indi bu mal-qaranı əllərində qalan cəmi 5 hektar otlaq sahədə otarır, bu isə əhalinin əsas dolanışıq yeri olan maldarlığın inkişafına əngəllər törədir. Problemlə bağlı sakinlər rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişviliyə müraciət ediblər. İcra başçısı bildirib ki, bütün problemlər yerli idarəetmə orqanlarına keçiriləcək seçkilərdən sonra həll olunacaq. Əhali isə icra başçısının cavabına inanmır və etiraz aksiyaların davam edəcəyini bildiriblər. Sakinlər əlavə ediblər ki, onlar Gürcüstanda iyunun 15-də keçiriləcək seçkilərdə iştirak etməyəcək və problemləri həll olunmasa, seçkiləri boykot edəcək, eyni zamanda etiraz aksiyalarını yenə də davam etdirəcəklər.
2 saata qədər davam edən aksiyada 100-dək kənd sakini iştirak edib. Kənddə 2 min əhali yaşayır və 500-ə yaxın təsərrüfat var.