Dövlət peşəkar jurnalistlər üçün sosial cəhətdən təmin olunmuş azad mətbuat mühiti formalaşdırır Hadisə

Dövlət peşəkar jurnalistlər üçün sosial cəhətdən təmin olunmuş azad mətbuat mühiti formalaşdırır

Və yaxud peşəkarlar üçün yaradılan şəraitə peşəkar olanlar sevinməlidir!

Mahir Zeynalov

Milli Mətbuat Günü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən 255 jurnalistə ev hədiyyə olundu. Bundan 4 il əvvəl birinci binada 156 nəfər qələm əhli mənzillə təmin olunmuşdu. İki binada 400-dən artıq jurnalist ailəsi ev alıb. Bu mətbuat tariximizdə önəmli hadisə olmaqla yanaşı həm də daha çox böyük bir sosial aksiyadır. Deməli, dövlət peşəkar jurnalistin fəaliyyətini yüksək qiymətləndirir, ona yazıb-yaratmaq üçün daha yaxşı şərait yaradır. Dövlətin bu humanist siyasəti qarşılıqlı olaraq peşəkar qələm əhli tərəfindən də yüksək dəyərləndirilir və minnətdarlıq hissi ilə qarşılanır. Bunu müşahidə eləmək üçün ən azı sosial şəbəkələrdəki statusları izləmək kifəyətdir.
1995-ci ildən Azərbaycan mətbuatındayam. Fasiləsiz olaraq 22 ildir mətbuatda müxbirlikdən başlayaraq redaktorluğa qədər müxtəlif vəzifələrdə çalışıram. Azərbaycanda az sayda olan peşəkar iqtisadçı-jurnalistlərdən biriyəm. Müxtəlif jurnalist müsabiqələrində aldığım diplomların sayını-hesabını da itirmişəm. Təkcə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi yazı müsabiqələrində 8 dəfə qalib olmuşam. Mətbuat Şurasından da müxtəlif təltiflərim var... Orta məktəbi fərqlənmə ilə - medalla, ali məktəbi qırmızı diplomla bitirmişəm. 4 kitabın, 25 elmi əsərin müəllifiyəm. Həm də iqtisadçı-alim, iqtisad üzrə fəlsəfə doktoruyam. Bir sözlə, həm mətbuatda, həm də elmi sahədə böyük əmək sərf etmişəm. Ən əsası həmişə əmin olmuşam, inanmışam ki, bu əməyim qiymətləndiriləcək. Belə də oldu, Azərbaycan Prezidentinin hədiyyəsi olaraq ev aldım!
Amma şox təəssüf ki, bu cür humanist aksiyaya gölgə salmağa cəhd göstərən, qara yaxmalarla məşğul olan "yazarlar" da tapılır. Yuxarıda peşəkar jurnalist sözünü heç də təsadüfən vurğulamadıq. Peşəkarlar üçün yaradılan şəraitə peşəkar olanlar sevinməlidir! Dini, mənəvi və etik cəhətdən də ev alan ailəni təbrik eləmək daha düz yoldur. Bu yanaşma həm də bizim milli mentalitetdən, babalarımızdan öyrəndiyimiz adət-ənənələrdən irəli gəlir. Lütfən, onlara sadiq qalaq!
Bəziləri bunu başa düşməzlikdən, humanist siyasəti görməməzlikdən gəlirsə, daha nə deyəsən beləsinə? Belələri 255 ailənin sevincinə sevinc qatmaq əvəzinə, mənzil bölgüsündə hansısa şübhəli məqamlar axtarırlar. Amma heç bir şübhəyə də yer yoxdur. Siyahı göz qabağındadı. Ev alanlar müasir Azərbaycan mediasında ən qabaqcıl və peşəkar Kütləvi İnformasiya Vasitələrinin təmsilçiləridir.
Bu dəfə ev ala bilməyən bir çox jurnalist həmkarlarımızı da yaxşı başa düşürük. Aydın məsələdir ki, son seçimlərdən sonra adları siyahıda olan 850 nəfərin hamısına ev vermək mümkün deyildi, çümki cəmi 255 mənzil vardı. Həmin həmkararıma da səbrli olmağı tövsiyə edirəm. Mən də jurnalistlər üçün tikilən 1-ci binada ev veriləndə ev almamışdım, amma mənzil alanları təbrik elədim. 4 il də gözlədim, bu dəfə arzuma çatdım. Əminəm ki, peşəkar jurnalistlər növbəli şəkildə zamanla evlə təmin olunacaqlar. Çünki jurnalistlər şəhərçiyi salınır və proses davamlı olacaq. Əsas məsələ odur ki, cənab Prezidentin göstərişi ilə yeni 255 mənzilli bina 3 ilə tikiləcək və 2020-ci ildə də həmin sayda qələm əhlinin evlə təmin edilməsi nəzərdə tutulur. Prosesin davamlı olması, digər həmkarlarımızın da yaxın gələcəkdə ev alması üçün bizlərə sadəcə dövlətin bu sahədəki sosial siyasətini dəstəkləmək düşər!
Əgər ölkənin ən aparıcı yazılı mətbuat orqanlarından olan "Yeni müsavat" qəzetinin 4, "Xalq cəbhəsi" qəzetinin 2 jurnalisti ev alırsa (habelə "Bakı-xəbər", "Bizim yol" qəzetləri), özü də hətta onların bəzilərinə püşkatma yolu ilə 3 otaqlı ev verilirsə, bu özü mənzil bölgüsündə obyektivliyin bariz nümunəsidir. Yəni iqtidar, müstəqil və yaxud müxalifət, özəl və ya dövlət qəzeti adına fərqləndirmələr yoxdursa, hamıya eyni jurnalist gözü ilə yanaşılırsa, ev almağa iddialı jurnalistlərin siyahısını redaksiyaların əməkdaşları özləri keçirdikləri iclaslarda müstəqil şəkildə və açıq səsvermə yolu ilə müəyyən edirlərsə burada heç bir şübhəli məqama yer qalmır...
Bir də ki dövlətin jurnalistə ev verməsinin nəyi pisdir? Bunu ancaq alqışlamaq və təqdir etmək lazımdır. Bundan sonra jurnalistlərin obyektivliyini şübhə altına almağa cəhd edənlər də yanılırlar, elə bu da qərəzdən irəli gəlir. Elə bilirsiz daha tənqid olmayacaq? Tənqid də olacaq, jurnalist araşdırmaları da aparılacaq, nöqsanlar da qeyd ediləcək, işinə məsuliyyətsiz yanaşan, şikayətləri qulaq ardına vuran məmur da ifşa olunacaq. Çünki məqsəd mətbuat orqanı kimi cəmiyyətin güzgüsü olmaq, baş verən siyasi, iqtisadi, sosial, mədəni və s. prosesləri obyektiv işıqlandırmaq, gündəmə gətirmək, dövlət qurumlarının diqqətinə çatdırmaq, onların həllinə yardım etmək, bir sözlə dövlətin və cəmiyyətin inkişafına xidmət göstərməkdir.
Əslində ev alan jurnalistin mənəvi məsuliyyəti bir qədər də artmış olur. Çünki o həm də diqqət mərkəzinə düşür, ona peşəkar yazar kimi yanaşılır. Cəmiyyət ondan daha məhsuldar fəaliyyət gözləyir. Bəlkə da bir idmançı üçün 1 dəfə dünya və ya olimpiya çempionu olmaq yetərlidir. Amma jurnalist hər gün baş verən hadisələrin, proseslərin içində olmaqla, dövlətin və xalqın maraqlarını qoruyaraq bəlkə də hər xəbərin obyektiv və peşəkarcasına çatdırılmasının çempionu olmaq məcburiyyətindədi...
Bu yolda isə dövlət jurnalistə onun işinə müdaxilə etmədən sadəcə şərait yaradır. Dövlət sahibkara əlverişli biznes mühiti yaratdığı kmi, jurnalist üçün də sosial cəhətdən təmin olunmuş azad mətbuat mühiti formalaşdırır. Bu işdə ona əvəzsiz olaraq və hər hansı şərt qoyulmadan ev hədiyyə olunur ki, evsizlik kimi sosial qayğıdan uzaq olsun, yazıb-yaratmağa daha çox imkan və vaxt qazansın. Əmin olun ki, belə də olacaq, jurnalist yenə yazacaq, bəlkə də daha çox yazacaq... Həm də milli və dövlətçilik maraqlarını qoruyaraq, Vətənini, xalqını, ölkəsini sevərək Vətənpərvər kimi yazacaq...
EVimiz tikildi, EViniz tikilsin!