“Rabitə işi”ndə təqsirləndirilən şəxslər son söz deyib Hadisə

“Rabitə işi”ndə təqsirləndirilən şəxslər son söz deyib

Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə davam etdirilib.
Proses təqsirləndirilən şəxslərin son söz söyləməsi ilə davam edib.
Təqsirləndirilən, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev son sözündə verilən ittihamları qəbul etmədiyini deyib. Onun sözlərinə görə, Maliyyə Nazirliyinin birliyin aldığı kabel məhsullarının qiymətinin şişirdilməsi ilə bağlı aşkarladığı faktlar əsassızdır: "Biz məhkəmə dövründə Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəmədə dindirilməsi ilə bağlı vəsatət qaldırdıq. Amma təəssüflər olsun ki, vəsatət təmin edilmədi. Mən sübut edə bilərəm ki, Maliyyə Nazirliyi tərəfindən tərtib olunan yoxlama materialları tamamilə formaldır və bu göstərişlə yazılıb. Mənim günahım yalnız ondan ibarətdir ki, əlavə əməkhaqqı almışam və onun vergisini ödəməmişəm. Buna görə vəkillərimə dedim ki, mənə bəraət istəməyin. Mən bəraət alacağam".
Anar Mustafayev barəsində ədalətli qərar çıxarılmasını məhkəmədən xahiş edib.
"Optik Qurğular" İdarəsinin sabiq rəisi, təqsirləndirilən Namazəli Məmmədov son sözündə gördüyü işlərdən danışıb və 20-yə yaxın kitabın müəllifi olduğunu diqqətə çatdırıb. O, müəllifi olduğu kitabları məhkəməyə təqdim edib. N. Məmmədov verilən ittihamları qəbul etmədiyini və hər zaman dövlətə sadiq qaldığını deyib: "Çünki verilən ittihamlar mənə aid deyil. Mən vətən üçün böyük işlər görmüşəm. Məhkəmədən barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm".
Digər təqsirləndirilən, "Rabitə Mülki Tikinti" MMC-nin sabiq direktoru Emin Məmmədov da çıxışında 35 il rabitə sahəsində çalışdığını və fəaliyyətində hər hansı qanunsuzluğa yol vermədiyini deyib: "Mənim günahım nədir ki? Qiymət şişirdilmə ittihamı veriblər. Özəl müəssisədirsə qiyməti istənilən formada şişirdə bilərlər".
Emin Məmmədov da barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Sonra təqsirləndirilən Qəmbər Bəybalayev son sözlə çıxış edib. O, barəsində ədalətli qərar çıxarılmasını istəyib.