Türk Birliyi məsələsi Mingəçevirdə gənclərlə müzakirə olundu Hadisə

Türk Birliyi məsələsi Mingəçevirdə gənclərlə müzakirə olundu

“Müasir İnkişaf” İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Mingəçevir Gənclər Evinin tərəfdaşlığı ilə “Türk dövlətləri gənclərinin həmrəyliyinin gücləndirilməsinə ideoloji dəstək” adlı tədbir keçirilib. Tədbirdə mingəçevirli gənclər iştirak edib.

“Müasir İnkişaf” İctimai Birliyinin sədri, BDU-nun Jurnlaistika fakültəsinin müəllimi, Crossmedia.az saytının baş redaktoru, AMEA-nın şöbə müdiri Mübariz Göyüşlü geniş çıxışında Türk Dünyasının tarixinə, müasir durumuna toxunub. O, türk dövlətlərinin birlik çalışmalarının faydalarından bəhs edib. M.Göyüşlü qeyd edib ki, Azərbaycanın və Türkiyənin öncüllüyündə Türk Dövlətləri Təşkilatı güclənməkdə və genişlənməkdədir. Onun sözlərinə görə gənclər bu nəticələri qorumağa və daha da inkişaf etdirməyə çalışmalıdır. Təşkilat sədri qeyd edib ki, bu birliyin daha da genişlənməsi üçün əhali, xüsusən də gənclər arasında ideoloji təbliğat gücləndirilməlidir. M.Göyüşlü bildirib ki, gənclər bu prosesdə aktiv rol oynayarsa, hərtərəfli dəstək verərsə türk birliyinin gələcək perspektivi daha da möhtəşəm olacaq. Birlik sədri hesab edir ki, Azərbaycanın Qarabağın azad olunması üçün apardığı 44 günlük Vətən müharibəsi Türk Birliyinin daha da güclənməsinə səbəb olub. O, buna misal olaraq Zəngəzur dəhlizi reallığının yaranmasını, dəhlizin açılmasından sonra qurulacaq nəqliyyat əlaqələrinin verəcəyi faydanı nümunə göstərib.

Daha sonra İşıqlı Gələcək gənclər təşkilatının üzvü Nigar Mustafayeva və Mingəçevir Gənclər Evinin əməkdaşı Humay Baxışova türk birliyinin hazırkı durumu, perspektivi, Azərbaycanın burada oynadığı rol, birliyin güclənməsində təhsilin rolu, 44 günlük Vətən Müharibəsi, türk xalqlarını, onun gənclərini ideoloji təsirlərdən, zərərli fikirlərdən qorumağın vacibliyindən ətraflı bəhs ediblər.

İştirakçılar gələcəkdə də bu cür tədbirlərin davamlı olaraq keçirilməsini qərarlaşdırıblar. Müzakirələrdən sonra tədbir yekunlaşıb.