Humanitar missiya Hadisə

Humanitar missiya

19 avqust Ümumdünya Humanitar Yardım Günüdür

Ötən günlər arasında çətin ki eləsini tapmaq olsun ki, xəbər mediası dünyada milyonlarla insana təsir edən və regionlarda və qitələrdə kütləvi didərginlik hallarına səbəb olan humanitar böhranları bizə xatırlatmasın. Humanitar böhranların səbəbləri müharibələrdən və icmalararası zorakılıqlardan tutmuş torpaq və resurslar uğrunda münaqişələrə qədər, iqlim dəyişikliyi ucbatından becərilən torpaq sahələrinin və dəniz sahillərinin eroziyaya uğramasından tutmuş zəlzələ, torpaq sürüşməsi və tufan kimi qəfil və gözlənilməz təbii fəlakətlərə qədər müxtəlif ola bilər.
Humanitar fəlakətlərin bütün müxtəlif ssenarilərinin ümumi cəhəti onların təsirinə məruz qalan insanların əzablarından, ailələrin pərən-pərən olmasından, icmaların didərgin düşməsindən, qadın, kişi, oğlan və qızların sığınacağa, himayəyə, su və qidaya, yeni evlərə və sosial strukturlara ehtiyacının yaranmasından ibarətdir. Bir qayda olaraq, zərər çəkmiş və məsul ölkələrin dəstəyi ilə beynəlxalq birlik ən çox ehtiyac duyulan və insan həyatını xilas edə biləcək yardımı təmin etmək məqsədilə ya ikitərəfli razılaşmaların, ya da Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq təşkilatlar kimi çoxtərəfli kanallar vasitəsilə yardım və resursları səfərbər edir.
Bu beynəlxalq yardım zəncirinin sonunda humanitar yardımı verən və alan arasındakı kəsişmə nöqtəsində fəaliyyət göstərən şəxs humanitar işçidir. O, vaxtını, xidmətlərini, peşəkar bacarıqlarını və səylərini humanitar böhranların qurbanlarının təcili və təxirəsalınmaz ehtiyaclarının həlli üçün təqdim edən qeyri-hökumət təşkilatının üzvü və ya beynəlxalq təşkilatın rəsmisi, yaxud da yerli icmadan olan könüllü və ya adi vətəndaş ola bilər.
Hər il avqustun 19-da beynəlxalq birlik humanitar işçilərin səylərini bütün dünyada qeyd edir. 19 avqust Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının qətnaməsi ilə 2008-ci ildə aşağıdakı məqsədlərlə təsis edilmiş Ümumdünya Humanitar Yardım Günüdür: "Bütün dünyada humanitar yardım fəaliyyətləri barədə ictimaiyyətin məlumatlılığının artırılmasına yardımçı olmaq və ... humanitar yardım işinin təşviqi üçün çalışan bütün humanitar işçilərin, Birləşmiş Millətlər Təşkilatının və əlaqədar qurumların personalının işini qeyd etmək və vəzifələrini yerinə yetirərkən həyatlarını itirənlərin xatirəsini anmaq və üzv dövlətləri, eləcə də digər beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatlarını hər il bu günü lazımi qaydada qeyd etməyə dəvət etmək".
19 avqust humanitar işçilərin hansı mühitdə yaşadığını və fəaliyyət göstərdiyini bizə xatırladan gündür. 2003-cü ilin bu günündə Bağdadda BMT-nin humanitar yardım missiyasının mənzil-qərargahı avtomobilə qoyulmuş bombanın partlayışı nəticəsində dağıdılıb və BMT Baş katibinin İraqdakı xüsusi nümayəndəsi Serjiu Vieyra di Mellu və digər 21 əməkdaş həlak olub. Bu faciəli hadisə qlobal miqyasda BMT-nin təhlükəsizlik sahəsindəki praktikasına dərin və uzunmüddətli təsir göstərdi.
Humanitar əməliyyatlarla bağlı məlumatlılığın artırılmasına və daha səmərəli təhlükəsizlik tədbirlərinin görülməsinə baxmayaraq, 2015-ci ildə 287 humanitar yardım işçisi irimiqyaslı hücumların qurbanı olub: 109 nəfər qətlə yetirilib, 110 nəfər yaralanıb, 68 nəfər isə oğurlanıb. Bu rəqəmləri 86 işçinin qətlə yetirildiyi 2011-ci ilin rəqəmləri ilə müqayisə etsək, tələfatlarda artım tendensiyası olduğunu görərik. Humanitar işçiyə hücumların səbəbləri müxtəlif ola bilər, amma bu səbəblərin hamısı onların yerinə yetirdikləri sırf humanitar funksiyanın rədd edilməsinə və ya yanlış başa düşülməsinə əsaslanır. Belə bir qəti tələb vardır ki, humanitar əməliyyatlar zamanı üç əsas prinsipə riayət edilməlidir: humanizm, qərəzsizlik, neytrallıq. Bu prinsiplərə riayət edilməsi münaqişə zonalarında fəaliyyət göstərmənin fərqləndirici xüsusiyyəti və zəruri ilkin şərtidir və bu xüsusiyyət bu insanların döyüşən tərəflərdən tam müdafiəsini təmin etməlidir, belə ki, bu xüsusiyyət münaqişələrin humanitar nəticələrini yüngülləşdirməyə çalışan mülki şəxsləri döyüşçülərdən fərqləndirir.
Lakin yuxarıda qeyd edilən prinsiplərə tam riayət edilməsinə baxmayaraq, humanitar işçilər tez-tez münaqişələrin mənfi nəticələrinə məruz qalır və əsassız şübhələrə əsaslanan qərəzli münasibətlə üzləşir, yaxud sadəcə olaraq uzaqdakı düşmənlərə siyasi ismarıc göndərmək üçün hədəf kimi istifadə edilir, yaxud yerli münaqişələrdə və ya riayət edilməyən kommersiya razılaşmalarında, yaxud da sadəcə olaraq öz iradəsini müvafiq əhaliyə diqtə edən yerli hərbi komandirlərin və silahlı könüllü dəstələrin hakimiyyət uğrunda mübarizəsində "qurbanlıq keçi" kimi istifadə olunurlar.
Münaqişə zonalarında əhaliyə dəstək və yardım gətirən, bəzi hallarda isə əhaliyə yardım əli uzada və onların ehtiyaclarını dinləyə biləcək yeganə şəxslər olan bu insanların arasında itkilərin artmasını dayandırmaq üçün nə etmək lazımdır?
Birincisi, münaqişə tərəfi olan dövlətlər və qeyri-dövlət subyektləri, münaqişənin xarakterindən asılı olmayaraq, humanitar işçilərin tərəfsizlik statusunu qəbul etməli, onların missiyasına və fərdi öhdəliklərinə hörmət etməli və nəyin bahasına olursa-olsun bütün hallarda onların təhlükəsizliyini təmin etməlidirlər. Bunu daha heç cür qəbul etmək olmaz ki, münaqişənin özünün günahsız qurbanlarının olmasından əlavə, həm də humanitar yardım işçilərinin cəsurluqları və insanlara xidmət etməyə hazır olmaları həyatları bahasına başa gəlir.
İkincisi və ən önəmlisi, münaqişələrdə iştirak edən dövlətlərin və qruplaşmaların üzərinə münaqişələri siyasi yolla həll etmək öhdəliyi qoymağın vaxtıdır. İctimai rəyi formalaşdıran vətəndaşlar hökumətlərindən hesabat istəyərək tələb etməlidirlər ki, kompromisli həll yollarının axtarışı üçün səy göstərsinlər, çünki münaqişələrin siyasi həlli səmimi və xoş niyyətli kompromislərə əsaslanır. Nüfuzlu dövlətlər döyüşən tərəfləri danışıqlar masası arxasında müzakirələrə sövq etmək məqsədi ilə onlara zəruri təzyiq göstərmək üçün öz siyasi və iqtisadi rıçaqlarından istifadə etməlidirlər. Təbiət qüvvələrinin səbəb olduğu digər fövqəladə humanitar hallar müvafiq resursların, habelə gözlənilməz və dağıdıcı təbii fəlakətləri aradan qaldırmağa yönələn səylərin getdikcə daha artıq dərəcədə sərf olunmasını tələb etdiyi bir vaxtda humanitar işçilərin həyatı insan əli ilə törədilən fəlakətlər ucbatından məhv olmamalıdır. Dünya humanitar işçilərə imkan verməlidir ki, vicdansız siyasətçilərin və hərbi komandirlərin şıltaqlıqlarının deyil, təbiətin şıltaqlıqlarının nəticələrini yüngülləşdirmək işinə xidmət etsinlər.
Avqustun 19-u vəzifələrini yerinə yetirərkən həyatlarını itirmiş humanitar işçilərin fədakarlığını qeyd etdiyimiz gündür və biz ən çətin vəziyyətlərdə öz xidmətlərini təqdim etməkdə davam edənlərin cəsarətini və işinin çətinliyini dərk edirik. Odur ki, gəlin sülh üçün şərait və imkanlar yaratmaq barədə fikirləşək və onları yaradaq, səmimi sülh axtarışının yolları və vasitələri barədə düşünək və digərlərini buna ruhlandıraq.
Bu il, 2017-ci il həm də Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasında əlaqələrin 25-ci ildönümüdür ki, bu da ölkədə sülhün və təhlükəsizliyin, inkişafın və insan hüquqlarının təşviqi məqsədini daşıyan tərəfdaşlıq münasibətlərində əlamətdar hadisədir. Bu münasibətlər Ermənistanla həll olunmamış münaqişənin getdiyi dövrdə başlayıb və bu dövrdə Azərbaycandan və xarici ölkələrdən olan humanitar işçilər münaqişənin mülki qurbanlarının müdafiəsi və onlara yardım göstərilməsi üçün əl-ələ verərək çalışıblar. Bu gün bu şücaətli humanitar işçilərin keçmiş və hazırkı səylərini, eləcə də hazırda dünyada fəaliyyət göstərən bütün azərbaycanlı humanitar işçilərin öz humanitar missiyalarını həyata keçirərkən bu işə verdikləri töhfəni qeyd etmək vacibdir.
Qoy Ümumdünya Humanitar Yardım Günü bizdə sülh axtarışlarının tərkib hissəsinə çevrilmək, humanitar işçilərin bu dünyanı yaşamaq üçün daha dinc və tolerant etməyə yönələn səylərinə düşüncə və hərəkətlərimiz vasitəsilə və mövcud potensialımıza və vasitələrimizə əsaslanmaqla qoşulmaq istəyi yaratsın.

Furio De Angelis
BMT QAK-ın Azərbaycandakı mümayəndəsi