Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb Hadisə

Külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

Respublikanın daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı uğurlu tədbirlər həyata keçirilib və nəticədə külli miqdarda narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində İmişli Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları Şamaxı rayon sakini, əvvəllər məhkum olunmuş Fariz Səfərovdan 2 kiloqram 412,51 qram marixuana götürüblər.
Yevlax RPŞ-nin əməkdaşları Yuxarı Qarxun kənd sakini Emin Salahovda 436,12 qram marixuana aşkarlayıblar. Cəlilabad RPŞ-nin əməkdaşları isə şəhər sakini Həmid Sadıqovdan 0,701 qram tiryək götürüblər. Onun yaşadığı evə baxış zamanı 1 kiloqram 475 qram tiryək aşkar edilib. Daxil olan məlumat əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Yalama dəmir yolu stansiyasının ərazisində Xaçmaz rayon sakini, əvvəllər məhkum olunmuş Balamirzə Musayevdən 20,814 qram marixuana aşkarlayaraq götürüblər. Seyidli kəndi ərazisindəki sahədən isə onun kultivasiya yolu ilə yetişdirdiyi 22 çətənə kolu aşkarlanıb.
Qazax RPŞ-nin əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş Arif Əliyevin Xanlıqlar kəndi ərazisində gözətçi işlədiyi və yaşadığı kafedəki otağına baxış zamanı 2 kiloqram 503 qram marixuana aşkar ediblər. Habelə onun Ağstafa çayının sahilində kultivasiya yolu ilə yetişdirdiyi 14 çətənə kolu müəyyən olunub. Goranboy RPŞ-nin əməkdaşları isə Xoylu kənd sakini Seyrəddin Əliyevin evinə baxış zamanı 87 çətənə kolunu aşkarlayaraq götürüblər.