“Tehran bu format vasitəsilə yeni iqtisadi imkanlar əldə etməyə çalışa bilər” Dünya

“Tehran bu format vasitəsilə yeni iqtisadi imkanlar əldə etməyə çalışa bilər”

“İranın MDB+ formatına qoşulmaq təşəbbüsü Tehranın beynəlxalq təcrid vəziyyətini yumşaltmaq və postsovet məkanında siyasi-iqtisadi əlaqələrini genişləndirmək cəhdi kimi izah oluna bilər. Qərbin sanksiyaları və Yaxın Şərqdəki geosiyasi gərginlik fonunda İran alternativ əməkdaşlıq platformalarına daha çox ehtiyac duyur. Tehran bu format vasitəsilə yeni iqtisadi imkanlar əldə etməyə, regional nəqliyyat dəhlizlərində iştirakını genişləndirməyə və diplomatik manevr imkanlarını artırmağa çalışa bilər. Rusiya üçün isə İranın bu platformaya cəlb olunması MDB-nin coğrafi və siyasi əhatə dairəsinin genişləndirilməsi baxımından əhəmiyyət daşıya bilər”.

Bunu xalqcebhesi.az-a siyasi şərhçi Alim Nəsirov deyib.

A.Nəsirovun sözlərinə görə, lakin nəzərə almaq lazımdır ki, MDB+ formatında iştirak təşkilata tamhüquqlu üzvlük demək deyil və hazırda bununla bağlı yekun qərar qəbul olunmayıb: “İranın yeni əməkdaşlıq platformasına qoşulması onun üzləşdiyi iqtisadi problemlərin və beynəlxalq sanksiyaların avtomatik aradan qalxması anlamına gəlmir. Azərbaycan baxımından isə məsələnin həm iqtisadi, həm də regional təhlükəsizlik aspektləri var. Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlığın genişləndirilməsi müəyyən iqtisadi imkanlar yarada bilər. Bununla yanaşı, İranın postsovet məkanında siyasi və ideoloji təsir imkanlarını genişləndirmək ehtimalı da diqqətdə saxlanılmalıdır. Bu baxımdan yeni formatın real əhəmiyyəti Tehranın hansı öhdəlikləri üzərinə götürəcəyindən və qonşu dövlətlərin milli maraqlarına münasibətdə necə davranacağından asılı olacaq”.

Röya İsrafilova