Fransada 2027-ci il büdcəsinin sosial hissəsi razılaşdırılmayıb Dünya

Fransada 2027-ci il büdcəsinin sosial hissəsi razılaşdırılmayıb

Fransa parlamentinin aşağı və yuxarı palatalarının – Milli Assambleya və Senatın qarışıq komissiyası 2027-ci il üçün sosial büdcənin kompromis variantını razılaşdıra bilməyib. İndi hökumətin təklif etdiyi layihə parlamentin hər bir palatasında yenidən səsverməyə çıxarılacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə respublikanın Milli Assambleyası məlumat yayıb.

"Deputatlar və senatorlar 2027-ci il üçün sosial təminat sisteminin maliyyələşdirilməsi haqqında qanun layihəsi üzrə razılığa gələ bilməyiblər. Layihənin razılaşdırılması davam etdiriləcək və o, Milli Assambleya və Senat tərəfindən ikinci oxunuşda nəzərdən keçiriləcək", – deyə parlamentin mətbuat xidmətinin "X" sosial şəbəkəsindəki məlumatında bildirilir.

Bu, yüksək büdcə kəsirini azaltmaq məqsədilə hökumətin təklif etdiyi qənaət tədbirləri ətrafında yaranan ciddi fikir ayrılıqları fonunda müzakirə olunan 2027-ci ilin ümumi büdcəsinin tərkib hissələrindən biridir. Daha əvvəl Milli Assambleya Nazirlər Kabinetinin təqdim etdiyi büdcə layihəsini rədd etmiş, Senat isə müzakirələr zamanı təklif olunan qənaət tədbirlərinin bir hissəsini qəbul etməyərək deputatların əleyhinə çıxdığı pensiya islahatının davam etdirilməsinin tərəfdarı olmuşdu. İndi sözügedən qanun layihəsi dekabrın 7-də başlayacaq müzakirələr üçün yenidən Milli Assambleyaya daxil olacaq.

Son illər ərzində Fransa Avropa İttifaqı qaydaları ilə müəyyən edilmiş 3 faizlik həddi nəzərəçarpacaq dərəcədə aşan artan büdcə kəsiri ilə üzləşib. Dövlət borcunun artması fonunda yeni kreditlər üzrə faiz dərəcələri də yüksəlib. Nəticədə artıq gələn il respublikanın borc öhdəliklərinə xidmət xərcləri 79,2 milyard avrodan 91,2 milyard avroya qədər artaraq hətta müdafiə xərclərini də üstələyəcək. Oktyabrın əvvəlində Fransanın Baş naziri Sebastyan Lekornyu 2027-ci ilin büdcə layihəsini təqdim edib. Layihədə büdcə kəsirini 4,8 faizə endirmək üçün 54 milyard avro məbləğində qənaət nəzərdə tutulub. Lakin müdafiə ehtiyaclarına ayrılan əlavə xərclər nəzərə alınmaqla bu göstəricinin 5 faiz səviyyəsində saxlanılması planlaşdırılır.

Məryəm Quliyeva