13:32
490.jpg)
Şimali İrlandiyada hörümçəklərin davranışını idarə edən və onları açıq yerlərdə məhv olmağa məcbur edən yeni göbələk növü aşkarlanıb.
Xalqcebhesi.az xəbər verir ki, ilk dəfə 2021-ci ildə köhnə anbarda sənədli çəkiliş zamanı lentə alınan və "BBC Winterwatch" serialında göstərilən bu hadisə 2025-ci ildə elmi cəhətdən təsdiqlənib. "Beynəlxalq Kənd Təsərrüfatı və Bioelmlər Mərkəzi"nin mütəxəssisi Harri Evansın rəhbərlik etdiyi tədqiqatçılar "Fungal Systematics and Evolution" jurnalında növü Gibellula attenboroughii adlandırıblar.
Adətən torlarının yaxınlığında gizlənən hörümçəklər göbələyin təsiri ilə mağara tavanı kimi açıq və küləkli yerlərə yönəlirlər. Məqsəd hava axınının göbələyin sporlarını mümkün qədər uzağa yaymasıdır. Hörümçək orada öldükdən sonra bədənindən mərcana bənzər törəmələr və göbələk cücərib çıxır. Təbiətdə bu cür parazitlər nadir deyil: Braziliyanın yağış meşələrində qarışqaları idarə edən göbələklər, həmçinin ev milçəklərini yüksəyə qaldıran "milçək qatili göbələk" də bənzər mexanizmlə işləyir.
Bu parazit göbələklər insanlar üçün zərərsizdir, qohum növləri isə tibbdə perspektivli sayılır. Məsələn, əsasən kəpənək tırtıllarına yoluxan və Asiyada öskürək, soyuqdəymə kimi hallarda təbii vasitə kimi istifadə olunan Cordyceps militaris göbələyi Cordycepin maddəsi istehsal edir. Nottingem Universitetinin alimlərinin araşdırmasına görə, bu maddə hüceyrələrin bölünmə və böyümə siqnallarını bloklayaraq laboratoriyada xərçəng şişlərinin inkişafını xeyli ləngidir. Hazır dərman yaratmaq üçün hələ əlavə araşdırmalar aparılsa da, əldə olunan nəticələr ümidvericidir.
Məryəm Quliyeva