“Rusiya və ABŞ arasında danışıqlar istənilən nəticəni verməyəcək” Gündəm

“Rusiya və ABŞ arasında danışıqlar istənilən nəticəni verməyəcək”

“Yenidən Rusiya və ABŞ arasında Ukrayna müharibəsilə bağlı aparılan danışıqların istənilən nəticə verəcəyi inandırıcı deyil. Bundan öncə də Rusiya ilə ABŞ-nin Ukraynada müharibəni Ukrayna xalqının, hakimiyyətinin iştirakı olmadan sonlandırmaqla bağlı təşəbbüsləri olmuşdu. O təşəbbüslər də gerçəkləşə bilmədi. Hesab edirəm ki, bu gün də ortalıqda olan bu ideyanın reallaşma ehtimalı azdır”.

Bu sözləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

O qeyd edib ki, bu gün öz torpaqları uğrunda döyüşən ukraynalılar, Ukrayna ordusu təkcə ABŞ-nin maddi, siyasi, hərbi dəstəyi ilə ayaqda dayanmır, eyni zamanda, müharibəni öz müharibəsi kimi qəbul edən Avropa ölkələrinin də birbaşa dəstəyi ilə Rusiyaya qarşı müqaviməti davam etdirir: “Diqqət etsək görərik ki, ABŞ Prezidenti Donald Tramp yenə də Putinlə növbəti sövdələşməsində həm Ukrayna dövlətini, həm də bütövlükdə avropalı müttəfiqlərini görməzdən gəlir. Elə bu yanaşmanın özü hesab edirəm ki, Ukrayna üçün qəbulolunmaz olduğu qədər də Avropa ölkələrinin də bu prosesdən narazı qalmasına və nəticədə Ukraynanın suverenlik və müstəqillik müharibəsini sona qədər davam etdirməsinə dəstək verəcək. O baxımdan növbəti təşəbbüsün də reallaşma ehtimalının az olduğu qənaətindəyəm”.

Röya İsrafilova