Əjdər Tağıoğlu erməni “alim”lərini ifşa edib Hadisə

Əjdər Tağıoğlu erməni “alim”lərini ifşa edib

Noyabrın 1-də Beynəlxalq Mətbuat Mərkəzində tanınmış filoloq-tarixçi, türkçü alim, professor Əjdər Tağıoğlunun "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kitabının təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Möhsün Nağısoy deyib ki, hələ 1988 - ci ildə ermənilərin Azərbaycana qarşı apardığı işğalçı siyasət bu gün də davam edir. "Əjdər müəllim kitabı hazırlayarkən qədim müəlliflərə, mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə ədəbiyyatına, məşhur rus, erməni və Avropa tarixçilərinə istinad edərək erməni "tarixşünaslığına" böyük zərbə endirdi. Əjdər müəllimin kitabının əsas özəlliyi ondan ibarətdir ki, burada ermənilərin özlərinin tarixi fakt adlandırdıqları tarixi hadisələr sübutlarla bir - bir ifşa olunur:
"Erməni xalqının saxta "tarixi" üç türk dövlətinin (Biaini, Arme, Part-Parfya) mifoloji və filoloji tarixidir" seriyasından növbəti elmi əsər olan "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kitabı Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının protokoluna əsasən "Elm və təhsil" nəşriyyatında çap olunub. Çox istərdik ki, belə dəyərli, dünya əhəmiyyətli kitab rus və ingilis dillərinə tərcümə olsun. Azərbaycan həqiqətlərinin və ermənilərin işğalçı siyasətlərinin beynəlxalq müstəvidə tanıdılması üçün kitabı böyük sərvət hesab etmək olar".
Müəllifin yaradıcılığına diqqət yetirən Möhsün Nağısoy qeyd etdi ki, Əjdər Tağısoyun tarixi araşdırmalarında, monoqrafiyalarında əsas xətt Azərbaycançılıq, vətənpərvərlikdir:
" Ermənilər zaman - zaman Azərbaycan tarixinə, mədəniyyətinə, musiqisinə qarşı işğalçı siyasət aparıblar. Onların ən böyük tarixçiləri keşişlər, istinad etdikləri obyektlər isə hər zaman kilsələr olub. Bizim din xadimlərimiz isə hər zaman siyasətdən uzaq olublar. İstərdik ki, bizdə də din xadimləri tarixi araşdırmalarda alimlərimizə, tarixçilərimizə dəstək olsunlar".
Kitab III fəsildən ibarətdir. Əjdər Tağıoğlu kitabın ilk fəslini ermənilərin böyük tarixçi alim adlandırdıqları akademik N.Y. Marrın " Erməni xalqı kimi erməni dili də hibrid ( calaq) dildir" adlandırıb.
Tədbirdə çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun "Terminalogiya" şöbəsinin müdiri Sayalı Sadıqova bildirdi ki, bu gün torpaqlarının 20 faizi ermənilər tərəfindən işğal olunan Azərbaycan xalqı üçün bu kitab böyük rezonans doğurdu.
AMEA A.A Bakıxanov adına Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev, AMEA - nın müxbir üzvü, professor Vəli Əliyev, professor Qəzənfər Kazımov, professor İsmayıl Kazımov çıxışlarında "Mesrop Maştos əlifba ixtiraçısı deyil, fırıldaqçı anonim keşişdir" kitabını Azərbaycan tarixi üçün böyük əhəmiyyətə malik bir xəzinə adlandırdılar. Çıxışlarda çağdaş erməni tarixçiləri və dilçi alimlərinin əllərində heç bir maddi sübut olmaya - olmaya yunandilli anonim keşiş Mesrop Maştosu V əsrdə "erməni əlifbası"nı ixtira etmiş "tarixi şəxsiyyət" kimi qələmə vermələri, qədim Avesta dilinin,mədəniyyətinin, mədəni abidələrinin VII əsrdə ərəblər tərəfindən yağmalandıqdan sonra ermənilər tərəfindən mənimsənilərək öz tarixləri adlandırmaları, müəllifin kitabda tarixi maddi sübutlar əsasında "erməni yazısı" "Avesta yazısı"nın üzü çıxarılmış variantı olduğu diqqətə çatdırıldı.
Sonda çıxış edən filoloq-tarixçi, türkçü alim Əjdər Tofiqoğlu tədbir iştirakçılarına təşəkkürünü bildirərək, kitab haqqında məlumat verdi.
Qeyd edək ki, tarixi əhəmiyyətli kitabın redaktoru akademik Möhsün Nağısoy, rəyçilər professor Qəzənfər Kazımov və professor İsmayıl Kazımovdur.