Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 6,5% artıb Hadisə

Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 6,5% artıb

"2016-cı ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artaraq 2 milyard dollara çatıb. 2017-ci ilin 9 ayı ərzində Azərbaycan və Rusiya arasında ticarət əlaqələri ötən ilin müvafiq dövrünə nisbətən 6,5% artıb". Bunu dünən Bakıda keçirilən Azərbaycan-Rusiya işgüzar görüşündə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov deyib. Onun sözlərinə görə, Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Rusiyalı sahibkarların Azərbaycan iqtisadiyyatına investisiyaları 3,7 milyard dollara çatıb. Azərbaycan öz növbəsində Rusiya iqtisadiyyatına bir milyard dollardan çox investisiya qoyub.
"İki dövlətin prezidentlərinin səyi nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Azərbaycan və Rusiya arasında ticari münasibətlər əməkdaşlığın mühüm istiqamətlərindən biridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. Təsadüfi deyil ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi Rusiyada açılıb. Bu, ölkələrimiz arasında yüksək səviyyədə əməkdaşlığın bariz nümunəsidir", - deyə S.Məmmədov vurğulayıb. Nazir müavini qeyd edib ki, son 5 ildə iki ölkə arasında 5-ə yaxın biznes forum və işgüzar görüş keçirilib. O əlavə edib ki, hazırkı işgüzar görüşü iqtisadi əlaqələrin genişləndirilməsində əhəmiyyətini vurğulayıb.
Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin iki ölkə arasında əməkdaşlığın inkişaf etdiyini, mövcud imkanlardan səmərəli istifadənin ikitərəfli əlaqələrin inkişafında rolunu qeyd edib. Rusiyanın Sankt-Peterburq nümayəndə heyətinin rəhbəri, Sankt-Peterburqun Sahibkarlığın və İstehlak Bazarının İnkişafı Komitəsinin sədri Elgiz Kaçayev Azərbaycan və Sankt-Peterburq arasında iqtisadi əlaqələrin inkişafı barədə məlumat verib və Sankt-Peterburqun iqtisadi potensialına dair təqdimatla çıxış edib.