13:40
567
“Fevralın 5-də Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşları barəsində yekunlaşan məhkəmə prosesi və çıxarılan hökm təkcə ayrı-ayrı cinayətkarların cəzalandırılması deyil, tarix, hüquq və beynəlxalq ədalət baxımından əsl dönüş nöqtəsidir”.
Bu fikirləri deputat Azay Quliyev “Xalqcebhesi.az”-a açıqlaması zamanı deyib.
Onun sözlərinə görə, uzun illər ərzində Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı, müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlər, eləcə də terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi kimi ağır əməllər beynəlxalq müstəvidə ya görməzdən gəlinib, ya da siyasi ikili standartların qurbanına çevrilib:
“Azərbaycan dövləti bu məhkəmə prosesi ilə göstərdi ki, ədalət gecikə bilər, amma heç vaxt itmir. Bu məhkəmə prosesi nə revanşizm, nə də qisas xarakteri daşıyır. Bu, hüququn aliliyinin bərpasıdır. Bu, beynəlxalq humanitar hüququn, Cenevrə konvensiyalarının və Nürnberq prinsiplərinin milli hüquq müstəvisində tətbiqinin real nümunəsidir.
Çıxarılan hökm onilliklərdir “Xocalıya ədalət” deyə dünyaya səslənən Azərbaycan xalqının səsinin nəhayət eşidildiyi tarixi məqamdır.
Bu qərar Xocalı soyqırımı ilə bağlı insanlığın vicdanındakı qara ləkənin silinməsi baxımından son dərəcə önəmlidir. Hökm oxunan şəxslər yalnız fərdi cinayətlərə görə deyil, təşkilatlanmış, planlı və sistemli hərbi təcavüzün, beynəlxalq cinayətlərin icraçıları və ideoloqları kimi məsuliyyətə cəlb olunublar.
Bu əməllər bir xalqın tarixinə, mövcudluğuna və ləyaqətinə qarşı yönəlmişdi”.
Azay Quliyev xüsusi olaraq qeyd edib ki, məhkəmə prosesində etnik mənsubiyyətə və ya siyasi baxışlara görə deyil, konkret əməllərə, faktlara və sübutlara əsaslanan hökm çıxarılıb: “Bu qərar beynəlxalq ictimaiyyətə açıq mesajdır. Müharibə cinayətləri zaman tanımır, siyasi himayə cinayət məsuliyyətindən azad etmir və qurbanların haqqı sonsuzadək tapdalana bilməz.Ermənistan vətəndaşlarının törətdikləri cinayətlərə görə cavab verməsi nifrət və yeni qarşıdurma yaratmır, əksinə, ədalət üzərində qurulan davamlı sülhün mümkün olduğunu göstərir.Davamlı sülh yalnız həqiqətin tanınması və cinayətin cəzasız qalmaması ilə mümkündür”.
Günel Elxan