12:34
595
“İranın dondurulmuş 6 milyard dollar həcmində aktivləri azad edilərək Qətər vasitəsilə ölkəyə qaytarılması mümkün variantdır və burada qeyri-adi bir şey yoxdur. Çünki hazırda danışıqlarda tək razılıq olan məsələ budur. Amma bunun müqabilində nə olacaq? Çünki mən ilk gündən Hörmüz boğazında keçid-rüsum sisteminin yaradılmasına inanmıram. Bu, mümkün deyil”.
Bunu xalqcebhesi.az-a açıqlamasında politoloq Turan Rzayev deyib.
T.Rzayev qeyd edib ki, Hörmüz boğazı hansısa süni şəkildə yaradılmış bir şey deyil: “Məsələn, Süveyş, Panama kanalı kimi bir şey deyil. Ora təbii coğrafi ərazidir və o ərazidən heç kəs gömrük haqqı tələb edə bilməz. Yəni bu, alınmayacaq. Tərəflər arasında hələlik müharibənin birmənalı dayandırılması ilə bağlı konkret bir razılıq yoxdur. Bu da çox mühüm bir detaldır. Yəni hesab edirəm ki, 6 milyard dollar həcmində aktivlərin azad edilərək qaytarılması reallaşacaq. Hətta burada daha böyük məbləğlərdən danışmaq lazımdır. Amma hələlik daha böyük məbləğlərdən danışa bilmirik. Ona görə də nəticə hələlik bu yöndə ola bilər. Bu, adətən danışıqlar öncəsi tərəfləri uzlaşdıra biləcək, danışıqlara çəkəcək, etimad mühiti yaratmağa hesablanmış addım kimi qiymətləndirilə bilər. Amma geniş miqyasda hələlik nədənsə danışmaq çox tezdir”.
Röya İsrafilova