Mərkəz: "112" qaynar xəttinə gündə 8-10 min müraciət olur, əksəri yanlış çağırışlardır Hadisə

Mərkəz: "112" qaynar xəttinə gündə 8-10 min müraciət olur, əksəri yanlış çağırışlardır

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xətti gündəlik olaraq 8-10 min müraciət qəbul edir, amma daxil olan müraciətlərin əksəriyyəti yanlış çağırışdır.

Bunu Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 Çevik Reaksiya İdarəsinin rəisi, mayor Nizami Əsədov FHN və Dövlət Turizm Agentliyinin birgə təşkilatçılığı ilə FHN Akademiyasında tur bələdçiləri üçün “Turizmdə təhlükəsizlik” mövzusunda təlimdə jurnalistlərə açıqlamasında deyib.

O, bildirib ki, “112” mobil tətbiqi “112” ilə əlçatanlığın təmin olunması məqsədilə tətbiq olunub: “Sözügedən mobil tətbiqi “Apple Store” və “Play Store”dən yükləmək mümkündür: "Bu tətbiqin bizə verdiyi ən böyük üstünlük məkanın təyin olummasıdır. İstifadəçi mobil tətbiqə daxil olduqda qaynar xəttə hadisənin baş verdiyi məkan avtomatik qayadada xəritə təminat proqramında görünəcək”.

Mərkəzin rəisi bildirib ki, Azərbaycanda turizm sürətlə inkişaf edir, ölkəyə gələn xarici vətəndaşların da 112 qaynar xəttinə müraciətləri olur. Bu müraciətlərin qəbulu üçün mərkəz tərəfindən ingilis, rus, ərəb dilini bilən operatorların hər növbədə olması təmin edilib.

Nizami Əsədov turizm sahələrində, bölgələrdə hər hansı fövqəladə hal baş verdikdə ilk olaraq 112 qaynar xəttinə müraciət etməyi tövsiyə edib: "Müraciət zamanı də isə soyuqqanlı olmalı, özünü toparlamalı, ilkin olaraq hadisəni və harada baş verdiyini bildirmək lazımdır. Son zamanlar yamacda qalxma, çətin keçilən ərazilərdə, relyeflərdən, ümumiyyətlə, turizmdə artıq inkişaf etməkdədir. Tövsiyyə edirik ki, alpinistlər, yüksəkliyə qalxan turistlərdən öncədən marşrut xətlərini müəyyənləşdirsinlər. Və bu müəyyənləşdirilmiş marşrut xətlərini 112-yə də zəng vurub bildirsinlər. Məlumatda çıxış tarixi, saatı, maruşrut istiqaməti, təyinat nöqtələri qeyd edilməlidir. Biz bu məlumatla hər hansı xoşagəlməz, bədbəxt hadisə baş verdikdə dərhal onların hərəkət marşrutları üzrə, traektoriyaları üzrə axtarış-xilasetmə qüvvələrinin cəlb etməsini təmin edə bilərik”.