Türkiyə Netanyahunun beynəlxalq axtarışa verilməsini tələb edib Dünya

Türkiyə Netanyahunun beynəlxalq axtarışa verilməsini tələb edib

Türkiyə Ədliyyə Nazirliyi bəşəriyyətə qarşı cinayətlər və soyqırımda ittiham olunan İsrailin Baş naziri Binyamin Netanyahunun İnterpolun "qırmızı bülleteni" vasitəsilə beynəlxalq axtarışa verilməsi tələbi ilə respublikanın Daxili İşlər Nazirliyi (DİN) və Xarici İşlər Nazirliyinə (XİN) müraciət edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə nazirliyin rəhbəri Akın Gürlek bildirib.

Əvvəllər verilən məlumata görə, "Sumud" humanitar flotiliyası ilə bağlı işə baxan İstanbulun 11-ci Ağır Cəza Məhkəməsi iyul ayında bəşəriyyətə qarşı cinayətlər, soyqırım, azadlıqdan məhrumetmə, qəddar rəftar, qəsdən sağlamlığa zərər vurma, soyğunçuluq və nəqliyyat vasitələrinin saxlanılması ittihamları ilə Netanyahu və digər fiqurantlar barəsində həbs qətimkan tədbiri seçib.

"Netanyahu barəsində soyqırım ittihamı ilə 14 iyul 2026-cı il tarixində verilmiş həbs qərarlarına uyğun olaraq, Ədliyyə Nazirliyi beynəlxalq axtarış üzrə qırmızı bildirişlərin verilməsi xahişi ilə DİN-ə müraciət edib, müvafiq sənədlər XİN-ə də göndərilib", – deyə Ədliyyə naziri "X" sosial şəbəkəsində yazıb.

"Qəzzada soyqırım siyasəti yürüdən Netanyahu administrasiyasının məhkəmə təqibindən toxunulmaz olması barədə iddiaları qətiyyətlə qəbul etmirik. Qəzzada törədilən cinayətlərin ört-basdır edilməsinə və təqsirkarların cəzasızlıq qalxanı ilə qorunmasına icazə verməyəcəyik. Milli və beynəlxalq hüquqa uyğun olaraq mövcud olan bütün hüquqi vasitələrdən qətiyyətlə istifadə edəcəyik", – deyə türkiyəli nazir bəyan edib.

Məryəm Quliyeva