“Müharibənin daha mürəkkəb mərhələyə keçməsi ehtimalı yüksəkdir” Dünya

“Müharibənin daha mürəkkəb mərhələyə keçməsi ehtimalı yüksəkdir”

“Rusiya - Ukrayna müharibəsində son vəziyyət göstərir ki, tərəflər hələ də diplomatik razılaşmadan çox hərbi təzyiq vasitələrinə üstünlük verirlər”.

Bunu xalqcebhesi.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Züriyə Qarayeva deyib.

Z.Qarayeva qeyd edib ki, Rusiyanın Kiyevə endirdiyi genişmiqyaslı raket və pilotsuz uçuş aparatı zərbələri nəticəsində azı 16 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir: “Yaşayış binaları və sosial obyektlərin də zərər görməsi Ukraynanın hava hücumundan müdafiə sistemlərindəki çatışmazlığı yenidən gündəmə gətirib. Prezident Volodimir Zelenski Qərb tərəfdaşlarından, xüsusilə “Patriot” sistemləri və onlar üçün əlavə raketlər istəyir. Ukrayna isə cavab olaraq Rusiya ərazisindəki enerji, neft emalı və hərbi-sənaye obyektlərinə uzaqmənzilli dron hücumlarını genişləndirir. Beləliklə, cəbhədə sürətli və həlledici irəliləyiş əldə olunmasa da, müharibə qarşı tərəfin iqtisadi və logistika imkanlarını zəiflətməyə yönəlmiş daha dərin zərbələr mərhələsinə keçir”.

Politoloqun sözlərinə görə, siyasi müstəvidə isə Moskva “yeni təkliflərə” açıq olduğunu bildirsə də, onların cəbhədə formalaşmış vəziyyəti və Rusiyanın məqsədlərini nəzərə almasını şərt qoyur: “Bu yanaşma faktiki olaraq Rusiyanın nəzarətindəki ərazilərlə bağlı güzəştə hazır olmadığını göstərir, Ukrayna isə ərazi itkisini rəsmiləşdirəcək razılaşmanı qəbul etmir. ABŞ vasitəçilik imkanlarını qorumağa çalışsa da, tərəflərin mövqeləri arasındakı məsafə yaxın zamanda atəşkəs əldə edilməsini çətinləşdirir. Avropa İttifaqı da payız aylarında Rusiyanın hərbi-sənaye kompleksini hədəfə alan daha geniş sanksiyalar hazırlayaraq Kiyevə dəstəyini davam etdirmək niyyətindədir. Hazırkı mənzərə onu göstərir ki, sülh danışıqlarından bəhs olunsa da, həm Moskva, həm də Kiyev danışıqlar masasına daha güclü mövqedən oturmaq üçün hərbi təzyiqi artırır. Buna görə müharibənin yaxın dövrdə bitməsindən daha çox, daha dağıdıcı və texnoloji baxımdan mürəkkəb mərhələyə keçməsi ehtimalı yüksək görünür”.

Röya İsrafilova