
Xəzər əslində qapalı su hövzəsi, yəni göl olsa da, böyüklüyünə görə dəniz kimi qəbul edilir. Xəzər tək bu xüsusiyyəti ilə diqqət cəlb etmir. Xəzər eyni zamanda neft, qaz kimi təbii ehtiyatları, o cümlədən zəngin bioloji resursları ilə fərqlənir. Təsadüfi deyil ki, tarixən də Xəzər reginal və qlobal güc mərkəzlərinin mübarizəsində də əsas regionlardan biri olub. Qədim dövrə nəzər salsaq, İpək Yolu məhz Xəzər ətrafından, Xəzər üzərindən keçib. Bir sözlə, dünya ticarətinin əsas arteriyasının mərkəzində olub. Bu gün ənənəvi nəqliyyat dəhlizlərinin artıq təhlükəsiz olmaması fonun da Xəzərin üzərindən keçən Orta Dəhliz yenə də strateji önəmi ilə diqqət çəkməkdədir. Beləliklə, Xəzərin neft, qaz və bioloji resursarı, nəqliyyat bağlantıları baxımından iqtisadi və strateji önəmi bu gün də nəinki qalmaqda, hətta daha da artmaqdadır.
Xüsusilə neft və qaz ehtiyatları dənizin əhəmiyyətini daha da artırıb. Karbohidrogen resurslarından istifadənin tarixi isə yüz illər öncəyə gedib çıxır. Həm də neft və qaz resursları o qədər zəngin olub ki, təbii şəkildə yer səthinə belə çıxıb. İlkin dövrlərdə insanlar karbohidrogen resurslarından kustar üsullarla, məhdud səviyyədə istifadə etsələr də, zamanla durum dəyişib. Sənaye inkişaf etdikcə karbohidrogen resurslarının hasilatı və ondan istifadə də sürətlə artıb. Nəticədə Xəzər regionu bir dönəm faktiki dünyanın əsas enerji mərkəzinə çevrilib. Çünki zəngin resurslar və əlverili coğrafi-strateji mövqe bunu şərtləndirib.
Kustar üsullardan müasir texnologiyalara
Ötən əsrin əvvəllərinə qədər Xəzərdə neft hasilatı əsasən kustar üsullarla həyata keçirilirdi. Həmin dövrdə texniki imkanların zəif olması səbəbindən quyularda tez-tez qəza halları baş verirdi. Xüsusilə neft fontanları zamanı böyük həcmdə neftin ətrafa yayılması dənizin ekoloji vəziyyətinə ciddi ziyan vururdu.
Bəzi hallarda quyularda yığılan qaz kütlələrinin partlaması nəticəsində böyük yanğınlar baş verirdi. Təbii ki, bu də ekosistemə təsirsiz ötüşmürdü. Xəzərin zəngin bioloji resursları, flora fə faunasına böyük zərbə dəyirdi. Məsələn, neftin suya sızması kütləvi şəkildə balıqların və digər canlıların ölümünə yol açırdı.
Ekspertlərin fikrincə, həmin dövrdə ekoloji təhlükəsizlik məsələlərinə kifayət qədər diqqət yetirilməməsi Xəzərdə müəyyən problemlərin formalaşmasına səbəb olub. Sonrakı dövrlərdə neft sənayesində texnologiyalar inkişaf etsə də, dənizin ekoloji yükü tam aradan qalxmayıb.
Neft sənayesinin Xəzərə təsiri
Müasir dövrdə Xəzərdə neft hasilatı daha inkişaf etmiş texnologiyalar vasitəsilə həyata keçirilir. Platformalarda təhlükəsizlik sistemləri gücləndirilib, sızmaların qarşısını almaq üçün yeni metodlar tətbiq olunur. Ancaq mənfi təsirləri hələ də tam aradan qaldırmaq mümkün olmur. Ekspertlərə görə, xüsusən neft hasilatının Xəzərin ekosisteminə mənfi təsiri hələ də mövcuddur.
Neft hasilatı zamanı baş verən kiçik sızmalar, texniki tullantılar və digər sənaye prosesləri dəniz suyunun keyfiyyətinə təsir göstərir. Xüsusilə sahilyanı zonalarda neft mənşəli çirklənmələrin müəyyən dövrlərdə artdığı müşahidə olunur.
Mütəxəssislər bildirirlər ki, neft tullantıları dənizin su səthində xüsusi təbəqə yaradır. Bu isə suyun oksigenlə zənginləşməsini çətinləşdirir və nəticədə canlı aləmin həyatı üçün problemlər yaranır. Balıqların və digər dəniz canlılarının yaşam mühiti dəyişir, bəzi növlərin sayı azalır.
Mikrob və bakteriyaların artması
Hər il yay mövsümü ərəfəsində Xəzər dənizinin ekoloji vəziyyəti ilə bağlı müxtəlif açıqlamalar verilir. Aparılan monitorinqlər zamanı bəzi ərazilərdə dəniz suyunda mikrob və bakteriyaların normadan artıq olduğu müəyyən edilir.
Bir sıra hallarda müəyyən çimərliklərdə çimməyə məhdudiyyət qoyulur. Lakin əksər hallarda suyun hansı konkret tullantılar nəticəsində çirkləndiyi barədə geniş məlumat verilmir.
Ekspertlər isə hesab edirlər ki, dənizdə bakteriya və mikrobların artmasının əsas səbəblərindən biri kommunal və sənaye tullantılarının suya axıdılmasıdır. Xüsusilə Bakı və Abşeron yarımadasında bəzi ərazilərdə kanalizasiya sularının dənizə qarışması Xəzərin ekoloji vəziyyətinə mənfi təsir göstərir.
Kommunal tullantılar və ekoloji təhlükə
Böyük şəhərlərdə yaranan əsas problemlərdən biri tullantı sularının lazımi səviyyədə təmizlənmədən dənizə axıdılmasıdır. Bakı və ətraf yaşayış məntəqələrində də müəyyən hallarda bu cür problemlərin mövcud olduğu qeyd edilir.
Kanalizasiya sularının tərkibində müxtəlif bakteriyalar, viruslar və kimyəvi maddələr olur. Bu tullantılar dənizə qarışdıqda suyun keyfiyyəti aşağı düşür və ekoloji tarazlıq pozulur.
Mütəxəssislər bildirirlər ki, çirkli sular yalnız insanların sağlamlığı üçün deyil, dəniz canlıları üçün də ciddi təhlükə yaradır.
Xəzərdə suyun səviyyəsinin azalması
Hazırda Xəzər dənizi ilə bağlı ən ciddi problemlərdən biri su səviyyəsinin sürətlə aşağı düşməsidir. Son illərdə dəniz sahillərində suyun geri çəkilməsi daha aydın şəkildə müşahidə olunur.
Ekspertlər hesab edirlər ki, bu proses yalnız lokal problem deyil, bütövlükdə regionun ekoloji təhlükəsizliyi üçün ciddi riskdir. Bu risklər isə çox təhlükəlidir. Xəzərdə suyun səviyyəsi azaldıqca dənizdə canlı həyatın da yaşam alanı azalır. Həm də ümumən dənizdə bioloji mühit dəyişir. Biz bunu hansı reallıqlar fonunda daha aydın görürük? Son aylarda Xəzərin çəkilmiş sahillərində çoxlu sayda su itinin cəsədlərinin aşkarlanması da mütəxəssislərin narahatlığını artırıb. Ekoloqlar bildirirlər ki, suyun azalması və ekoloji dəyişikliklər dəniz canlılarının həyatına birbaşa təsir göstərir.
İqlim dəyişikliklərinin təsiri
Mütəxəssislər Xəzərdə suyun azalmasını əsasən qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirirlər. Dünyada temperaturun yüksəlməsi, quraqlığın artması və yağıntıların azalması su ehtiyatlarına ciddi təsir göstərir.
Xəzər dənizi də bu prosesdən kənarda qalmır. İqlim dəyişiklikləri nəticəsində buxarlanma artır və dənizə daxil olan suyun həcmi azalır. Bu isə ümumi su balansının pozulmasına səbəb olur.
Ekspertlər hesab edirlər ki, bu, ciddi narahatlıq doğurmalıdır. Ən qorxulusu isə bu təhlükəli prosesin davam etməsidir. Çünki proses belə davam edərsə, bu, Xəzərdə bioloji tarazlığın daha çox pozulmasına, daha böyük ekoloji problemlərin yaranmasına yol açacaq. Xüsusilə bəzi balıq növlərinin azalması və biomüxtəlifliyin zəifləməsi ehtimalı artır.
Volqa çayının önəmi
Xəzər dənizinin əsas su təminatçılarından biri Volqa çayıdır. Daha dəqiq ifadə olunsa, Xəzərə daxil olan suyun əhəmiyyətli qismi məhz Volqa çayının payına düşür.
Mütəxəssislər bildirirlər ki, Volqa çayının suyunun müxtəlif məqsədlərlə başqa istiqamətlərə yönləndirilməsi də Xəzərdə su səviyyəsinin azalmasına təsir göstərən amillərdən biridir. Çay üzərində qurulan hidrotexniki qurğular və su ehtiyatlarının idarə olunması siyasəti ümumi balansı dəyişir.
Bir Xəzəryanı dövlətin səyləri ilə bu nəhəng su hövzəsinin qarşılaşdığı ekoloji problemləri həll etmək isə mümkün deyi. Bunun üçün bütün Xəzəryanı dövlətlərin birgə səyi zəruridir. Bu sahədə bütün dövlətlərinü zərinə ciddi məsuliyyət düşür.
Duzluluğun artması və canlı aləm
Ekspertlər qeyd edirlər ki, suyun həcminin azalması Xəzərin duzluluq səviyyəsinə də təsir göstərir. Çünki su azaldıqca dənizdə duz konsentrasiyası artır
Bu isə xüsusilə bəzi canlı növləri üçün ciddi təhlükə yaradır. Duzluluğun dəyişməsi balıqların çoxalma prosesinə, planktonların inkişafına və ümumilikdə ekosistemə mənfi təsir edir.
Mütəxəssislər hesab edirlər ki, əgər Xəzərdə suyun azalması davam edərsə, gələcəkdə dənizin bioloji müxtəlifliyi ciddi təhlükə ilə üzləşə bilər.
Gələcək üçün vacib addımlar
Ekspertlər bildirirlər ki, Xəzər dənizinin qorunması üçün region ölkələri arasında əməkdaşlıq daha da gücləndirilməlidir. Çünki dənizdə yaranan hər hansı problem bütün sahilyanı dövlətlərə təsir göstərir.
Neft və sənaye tullantılarına nəzarətin artırılması, kanalizasiya sularının təmizlənməsi sistemlərinin yenilənməsi və ekoloji monitorinqlərin genişləndirilməsi vacib hesab olunur.
Bundan başqa, iqlim dəyişikliklərinə qarşı mübarizə və su ehtiyatlarının düzgün idarə olunması da əsas prioritetlər sırasındadır. Əks halda, gələcəkdə Xəzər dənizi daha ciddi ekoloji problemlərlə üzləşə bilər.
Mütəxəssislər hesab edirlər ki, Xəzərin qorunması yalnız iqtisadi məsələ deyil, həm də regionun ekoloji təhlükəsizliyi və gələcək nəsillərin sağlam həyatı üçün strateji əhəmiyyət daşıyan məsələdir.
Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Gənclər arasında sudan qənaətlə istifadənin təşviqi” layihəsi çərçivəsində hazırlanıb. Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.