“Total” və “E.ON” TAP-ı tərk edir? Hadisə

“Total” və “E.ON” TAP-ı tərk edir?

İlqar Altay: "Əminliklə demək olar ki, bu siyasi məsələ deyil"
Natiq Miri: "Burada xüsusi siyasi məqamlar yoxdur"

"Total" və "E.ON" şirkətləri Azərbaycan qazını "Şahdəniz" yatağından Avropaya çatdıracaq Transadriatik qaz kəmərinin (Trans Adriatis Pipeline, TAP) tikilməsi layihəsindən çıxmaq niyyətindədirlər. "Reuters" agentliyinin yaydığı məlumata görə, sözügedən şirkətlər bu barədə jurnalistlərə Bakıda açılan "XXI Azərbaycan Beynəlxalq Xəzər Neft və Qaz-2014" sərgisində Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR, TAP layihəsinin 20%-nə sahibdir) İnvestisiya departamentinin rəhhbəri Vaqif Əliyev məlumat verib. O, təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, "Total" (TAP-ın 10%-nə sahibdir) və E.ON da (TAP-ın 9%-nə sahibdir) məlumatı hələlik təsdiqləməyib.
Bildirək ki, "Total "və E.ON-dan başqa "British Petroleum" (20%), SOSAR (20%), "Statoil" (20%) neft-qaz şirkətləri, Avropaya tranzit qazının nəhəng operatoru "Fluxys" (16%) və İsveçrənin "Axpo" enerji şirkətləri də (5%) TAP-a ortaqdır.
Şirkətlər isə hələlik informasiyanı şərh etmir. Cəmi bir neçə gün əvvəl "Total" şirkəti "Şahdəniz II" layihəsindəki 19 faizlik payının 10 faizini Türkiyənin TPAO şirkətinə satışını rəsmiləşdirdi. Bundan əvvəl isə "Statoil" layihədəki payının 10 faizini SOCAR-a satmışdı.
Həmçinin gözlənilir ki, yaxın vaxtlarda Norveç şirkətinin direktorlar şurası ümumiyyətlə "Şahdəniz"dəki payını, habelə "Əsrin müqaviləsi"indəki payını satmaq barədə qərar verə bilər. "Şahdəniz" konsorsiumu bu yataqdan hasil olunacaq qazın Avropaya TANAP və onun davamı olaraq TAP marşrutu ilə nəqlini seçəndən sonra "Statoil" və "Total" elan etdilər ki, təqribən 10 milyard avroya başa gəlməsi gözlənilən TANAP layihəsində yer almayacaqlar. İndi isə Fransa şirkəti və onun alman ortağı TAP-dan da imtina edirlər.
Bəs nə baş verir? Avropanın enerji nəhəngləri Azərbaycan qazının Avropa bazarlarına nəqlinə yönələn və cəmi 40 milyard avroya başa gəlməsi gözlənilən layihələrdən yaxalarını niyə kənara çəkirlər?
Mətbuat yazır ki, Avropa şirkətlərinin strateji əhəmiyyətli bu enerji layihələrindən çəkilməsinin arxasında siyasətin dayandığına dair hələlik dəlil yoxdur. Bununla belə aydındır ki, şirkətlər bu layihələrdən kənara çəkilərək riskləri bölüşmək istəmirlər. Bu, bir tərəfdən layihənin kifayət qədər bahalı olması, digər tərəfdən gələcək mümkün risklərlə bağlı ola bilər. Hansı ki, bu layihələr Azərbaycandan çox Avropaya lazım idi və Avropanın enerji təhlükəsizliyini təmin etməyə, Rusiya qazından asılılığı azaltmağa yönəlib.
Azərbaycan qaz satmaq üçün bazar sarıdan korluq çəkməzdi. Məsələn, Rusiya ilə bağlanmış müqaviləyə əsasən Azərbaycan bu ölkəyə istənilən həcmdə qaz sata bilər...
Ekspert İlham Şaban bildirdi ki, artıq bunu SOSAR rəhbərliyi təkzib edib: "Yəni dünən verilən məlumat əslində bu şirkətlərin və digərlərinin belə infrastruktur layihələrini tərk edə bilmə imkanlarının mümkün olma ehtimalını göstərmək üçün idi. Əsas məsələ budur ki, artıq layihələr start götürüb və kimlərin gəlib getməsindən asılı olmayaraq 2019-cu ilə qədər gerçəkləşməlidir".
Tədqiqatçı İlqar Altay vurğuladı ki, "Total" və Almaniyanın "E.on" şirkətlərinin Transadriatik Qaz Kəməri layihəsini tərk etməsinin səbəbi bir qədər müəmmalıdır: "Bundan əvvəl "Statoil" şirkəti layihəni tərk edib. Əminliklə demək olar ki, bu siyasi məsələ deyil. Cünki TAP layihəsi TANAP-ın davamı olaraq Avropanın Rusiyadan olan qaz asılısızlığına xidmət edit. Qərb-Rusiya arasında Ukrayna problemi ilə bağlı hazırkı qarşıdurmada isə bu asılısızlıq daha da önə çıxır. Şirkətlərin layihədən kənar durmasının səbəbi daha çox iqtisadi mənşəli ola bilər. Olsun ki, söhbət iqtisadi riskdən gedir. Ancaq bəzi şirkətlərin TANAP və TAP-da iştirakdan geri çəkilməsi onun baş tutmasını əngəlləyə bilməz. Ona görə ki, bu layihə kifayət qədər samballı və irihəcmlidir, onun arxasında konkret dövlətlər və maliyyə mənbələri durur və ən əsası, buna Avropada ehtiyac və tələbat var".
Politoloq Natiq Miri diqqətə çatdırdı ki, burada xüsusi siyasi məqamlar yoxdur: "Çünki TAP və TANAP qaz kəmərləri Avropanın enrji təhlükəsizliyinə xidmət edən layihələrdir. Bu isə Avropanın qismən də olsa Rusiyanın qazdan siyasi təzyiq vasitəsi kimi istifadə etməsinə qarşı qoymasına imkan verir. Ukrayna hadisələri fonunda Qərb-Rusiya qarşıdurması başa çatmamış Fransa və Almaniyanın Rusiyaya doğru reverans etməsi inandırıcı görünmür. Baxmayaraq Almaniya bu prosesdə ABŞ-ın yürütdüyü siyasətin yedəyində sürünmək fikrində deyil. Ona görə də bu şirkətlərin TAP-dan çıxması daha çox iqtisadi-maliyyə faktorlarına dayandığını düşünürəm".
Onu da diqqətə çatdıraq ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti təkzib məlumatı yayıb. Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, iyunun 3-də XXI "Xəzər Neft, Qaz, Neftayırma və Neft Kimyası" sərgisindəki ayaqüstü söhbət zamanı Fransanın "Total" şirkətinin "Şahdəniz-2" və Cənubi Qafqaz Boru Kəməri layihələrindəki iştirak payının satışından sonra "Cənub Qaz Dəhlizi"nə daxil olan Transadriatik (TAP) boru kəməri layihəsini də tərk etmək istəyi barədə suala verilmiş cavab düzgün anlaşılmayıb, bəzi kütləvi informasiya vasitələrində bununla bağlı doğru olmayan xəbərlər dərc edilib. ARDNŞ-nin Sərmayələr İdarəsinin rəisi Vaqif Əliyevin verdiyi məlumata görə, uzun müddət ərzində həyata keçirilən və dəyəri milyardlarla dollar həcmində ölçülən layihələrdə səhmdarlar arasında iştirak paylarını vaxtaşırı satan və yaxud artıran şirkətlərin olması mümkündür. O cümlədən, TAP layihəsində "Total", "E.ON" və digər şirkətlər də öz paylarını satmaq hüququna malikdirlər.

Əli