Ermənistan bütün imkanlarını itirə bilər
4 Noyabr 23:29

Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra qarşıda duran əsas vəzifələrdən biri də həmin ərazilərin mina və Partlamamış Hərbi Sursatlardan (PHS) təmizlənməsi idi. Ötən müddət ərzində bu istiqamətdə genişmiqyaslı işlər görülüb, xeyli ərazi mina təhlükəsindən azad edilib. Bununla belə, işğaldan azad edilmiş ərazilərin tamamilə minalardan təmizlənməsi uzunmüddətli və mürəkkəb proses olaraq qalır.
Qeyd edilib ki, azad edilmiş ərazilərdə oktyabr ayında 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Həmçinin bildirilib ki, 4898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib.
Bəs azad edilmiş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində görülən işlər hansı mərhələdədir? Ermənistan mina xəritələrini Azərbaycana tam şəkildə təqdim edibmi?
“Xalq Cəbhəsi” sual ətrafında millət vəkilləri, hərbi ekspertlərin fikirlərini öyrənib.
“Bu, ən mühüm məsələlərdən biridir”
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Arzu Nağıyev söyləyib ki, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların aşkarlanması, zərərsizləşdirilməsi Azərbaycanın qarşısında duran ən mühüm məsələlərdən biridir və humanitar mina təmizləmə ilə bir sıra qurumlar çox ciddi məşğul olur: “Məlum məsələdir ki, oktyabr ayında 798 piyada əleyhinə mina, 180 tank əleyhinə mina, 3070 Partlamamış Hərbi Sursatın (PHS) aşkarlanması, eyni zamanda, 5000 hektara yaxın ərazinin təmizlənməsi bu istiqamətdə sistemli və intensiv işlərin aparıldığını təsdiqləyir”.
A.Nağıyev qeyd edib ki, mina təmizləmə prosesi sadəcə ərazinin fiziki baxımdan təhlükəsizləşdirilməsi deyil, bu, bütün kommunikasiyaların çəkilməsi üçün ən əsas istiqamətlərin təmizlənməsidir: “Ermənilər ən müqəddəs hisslərimizə toxunmaq üçün qəbiristanlıqlar və digər inanc yerlərini də minalayıblar ki, azərbaycanlılara ora gələcək, həmçinin kənd təsərrüfatının inkişafını ləngitmək üçün əkin sahələrini minalayıblar və onlar bu istiqamətdə Böyük Qayıdış proqramına mane olmaq üçün çox ciddi addımlar atıblar. Lakin buna baxmayaraq Azərbaycan birmənalı şəkildə bu istiqamətdə təmizlik işləri görür. Bu iş ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər təşkilatlar müvafiq qurumların iştirakı ilə aparılır”.
Ən mühüm məsələ
Komitə sədrinin sözlərinə görə ən mühüm məsələ də mina ilə bağlı xəritələrin verilməməsidir: “Verilən xəritələr məlum məsələdir ki, ciddi deyil, uyğun gəlmir, buna görə də onun etibarlılığı cəmi 25 faizdir və bu faktdır. Düşünürəm ki, bu xəritələrin bəziləri hətta Rusiya sülhməramlı qüvvələrində də olub. Buna görə çox ciddi işlər aparılır. Bütün məlumatların o cümlədən koordinatların və əlavə xəritələrin təqdim edilməsi mütləq şəkildə tələb edilməlidir və bu istiqamətdə də addımlar atılır. Mina təhlükəsizliyi Azərbaycanın işğaldan azad olunmuş ərazisində normal həyata qayıdan, ümumiyyətlə, bu qayıdışın qarşısında olan ən ciddi maneələrdən biridir. Biz ərazilərimizi hərbi işğaldan azad etdik, indi isə onları mina terrorundan tam təmizləməliyik. Bu, dövlətimizin apardığı təhlükəsizlik siyasətinin bir hissəsidir, dövlət proqramına uyğun olaraq böyük qayıdışın bir hissəsidir, gələcək nəsillər qarşısında məsuliyyətin mühüm tərkib hissəsidir. Çünki torpaqların azad edilməsi tarixi qələbədirsə, həmin torpaqda insanların təhlükəsiz və rahat yaşanmasını təmin etmək qələbənin davamıdır”.
Genişmiqyaslı əməliyyatlar
Hərbi ekspert Anar Şuşalı qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina və partlamamış hərbi sursatların (PHS) aşkarlanması və zərərsizləşdirilməsi istiqamətində genişmiqyaslı əməliyyatlar davam etdirilir: “Mina təhlükəsinin aradan qaldırılması Böyük Qayıdışın təmin olunması, yaşayış məntəqələrinin bərpası və əhalinin təhlükəsiz yaşayışının təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Oktyabr ayında azad edilmiş ərazilərdə 799 piyada əleyhinə mina, 180 tank əleyhinə mina və 3 070 partlamamış hərbi sursat aşkarlanıb. Hesabat dövründə ümumilikdə 4 898,3 hektar ərazi mina və PHS-lərdən təmizlənib. Bu göstəricilər ərazilərin təhlükəsizliyinin təmin olunması istiqamətində görülən işlərin miqyasını əks etdirir. Bununla belə, aşkarlanan mina və sursatların sayı təhlükənin hələ də ciddi olduğunu göstərir. İşğaldan azad edilmiş ərazilərdə minalar təkcə keçmiş hərbi mövqelərdə deyil, yaşayış məntəqələrində, kənd təsərrüfatı sahələrində, yolların kənarlarında və digər mülki ərazilərdə də aşkarlanır. Bu isə minatəmizləmə əməliyyatlarının uzunmüddətli və sistemli şəkildə həyata keçirilməsini zəruri edir”.
“Xəritələrin dəqiqliyi ilə bağlı ciddi problemlər var”
“Mina təhlükəsi Böyük Qayıdış prosesinin qarşısında dayanan əsas çağırışlardan biridir. Ərazilərin təhlükəsizliyinin təmin olunması insanların doğma torpaqlarına qayıtması, təsərrüfat fəaliyyətinin bərpası və yeni infrastruktur layihələrinin həyata keçirilməsi üçün vacib şərtdir. Eyni zamanda, mina və partlayıcı sursatlarla bağlı hadisələr müharibədən sonrakı dövrdə də insan tələfatına və xəsarətlərə səbəb olur. Bu baxımdan minatəmizləmə işlərinin sürətləndirilməsi, müasir texnologiyaların tətbiqi və mina sahələrinə dair dəqiq məlumatların əldə edilməsi xüsusi əhəmiyyət daşıyır. Mina təhlükəsinin aradan qaldırılması ilə bağlı diqqətçəkən əsas məsələlərdən biri Ermənistanın mina xəritələrini Azərbaycana tam şəkildə təqdim edib-etməməsidir. Azərbaycan tərəfi dəfələrlə bildirib ki, Ermənistan tərəfindən təqdim olunan mina xəritələri ərazilərdəki real vəziyyəti tam əks etdirmir və onların dəqiqliyi ilə bağlı ciddi problemlər mövcuddur” – deyə ekspert əlavə edib.
Beynəlxalq əməkdaşlığın gücləndirilməsi
A.Şuşalının sözlərinə görə, 2021-ci ildə Ermənistan tərəfindən Azərbaycana bir neçə mərhələdə mina sahələrinə dair məlumatlar təqdim edilib: “Lakin həmin məlumatların təhlili zamanı xəritələrin qeyri-dəqiq və natamam olduğu bildirilib. ANAMA-nın açıqlamalarına əsasən, təqdim olunan mina xəritələrinin etibarlılıq səviyyəsi aşağı olub və ərazilərdə aparılan əməliyyatlar zamanı xəritələrdə göstərilməyən mina sahələri də aşkarlanıb. Ermənistan tərəfi isə müxtəlif vaxtlarda Azərbaycana mina xəritələrinin təqdim edildiyini bəyan edib. Bununla belə, təqdim olunan məlumatların tamlığı və dəqiqliyi məsələsi hələ də müzakirə mövzusu olaraq qalır. Mina xəritələrinin əhəmiyyəti yalnız minatəmizləmə əməliyyatlarının sürətləndirilməsi ilə məhdudlaşmır. Dəqiq koordinatlar və mina sahələrinə dair dolğun məlumatlar mütəxəssislərin təhlükəsizliyinin təmin olunmasına, resurslardan səmərəli istifadəyə və mülki əhalinin həyatına təhlükə yaradan risklərin azaldılmasına imkan verir. Bununla yanaşı, müasir minatəmizləmə texnologiyalarının tətbiqi, texniki vasitələrin imkanlarının genişləndirilməsi, mütəxəssislərin hazırlanması və beynəlxalq əməkdaşlığın gücləndirilməsi də mühüm rol oynayır. Bu istiqamətdə görülən işlər azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin olunmasına və bərpa prosesinin sürətləndirilməsinə xidmət edir”.
Uzunmüddətli proses
O həmçinin söyləyib ki, mina təhlükəsinin aradan qaldırılması uzunmüddətli prosesdir: “Ərazilərin tam təhlükəsizliyinin təmin olunması üçün həm texniki imkanların artırılması, həm də mina sahələrinə dair məlumatların dəqiqliyinin yüksəldilməsi vacibdir. Ermənistanın mina xəritələrini tam və etibarlı şəkildə təqdim etməsi isə bu prosesin sürətləndirilməsinə mühüm töhfə verə bilər. Onu qeyd edim ki, azad edilmiş ərazilərdə minatəmizləmə işləri davam etdikcə, doğma torpaqlarına qayıdan insanların təhlükəsiz yaşayışı üçün yeni imkanlar yaranır. Hər təmizlənmiş ərazi Böyük Qayıdışın daha da genişlənməsi, kənd və şəhərlərdə həyatın bərpası, eləcə də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində dayanıqlı inkişafın təmin olunması deməkdir”.
Röya İsrafilova