Qərb bölgəsində təbii fəlakət Hadisə

Qərb bölgəsində təbii fəlakət

Leysan, dolu və güclü qasırğa ciddi fəsadlar törədib
Xəsarət alanlar var, şəhərdə infrastruktur iflic vəziyyətə düşüb

İyunun 10-da axşam saatlarında Gəncədə əsən güclü külək və leysan yağış ciddi fəsadlar törədib. APA-nın məlumatına görə, qasırğa xeyli müddət davam edib, güclü yağış nəticəsində obyektlərə su dolub. Şəhərdə infrastruktur iflic vəziyyətə düşüb.
Leysan yağışla müşayiət olunan qasırğa şəhərin mərkəzi küçələrində bir neçə ağacı aşırıb, bəzi evlərin dam örtüyünə zərər yetirib, şəhərin elektrik təchizatında problemlər yaranıb.
Gəncənin Heydər Əliyev prospektində 4 nəfər güclü küləyin nəticəsində aşan ağacın altında qalıb. Hadisə nəticəsində xəsarət alan şəxslər Gəncə şəhərinin Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Yolun digər hissəsində ağac aşaraq 2 avtomobilin üstünə düşüb. Qeyd olunan fəsadlar nəticəsində nəqliyyatın hərəkətində maneələr yaranıb. Bundan başqa, yağmaqda davam edən güclü yağış nəticəsində bir neçə evi də su basıb.
Məlumata görə, şəhərin əksər hissəsində enerjinin verilişi dayandırılıb. Aidiyyatı qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər görür.
Məlumata görə, elektrik enerjisinin verilişi bərpa olunsa da qısa zamandan sonra (5 dəqiqdə) yenidən dayandırılıb. Aidiyyatı qurumlar qasırğanın fəsadlarının aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev gecə saatlarında jurnalistlərin qarşısına çıxıb və şəhərdə yaşananlarla bağlı məlumatları çatdırıb. O, baş verənləri böyük təbii fəlakət kimi xarakterizə edib: "Böyük bir təbii fəlakətdir. Mən deyərdim ki, zəlzələlər istisna olmaqla Gəncənin tarixində belə böyük fəlakət olmayıb. Amma bütün bunlara rəğmən deyə bilərəm ki, bütün hadisələr nəzarət altındadır. Artıq bütün qurumlar mərkəzləşdirilmiş qaydada öz işlərini görürlər".
Elmar Vəliyev onu da deyib ki, təbii fəlakət Gəncənin şəhər təsərrüfatına ciddi ziyan vurub: "Qaz təsərrüfatında 27 yerdə böyük dağıntılar var. Şəhərin 80 faizində işıq yoxdur. Su-kanalizasiya sistemində problemlər aradan qaldırılır. Yüzlərlə 300-500 illik çinar ağacları məhv olub. Şəhərə çox böyük ziyan dəyib"
İcra başçısı əhalini narahat olmamağa çağıraraq qeyd edib ki, Gəncədə təbii fəlakətin yaratdığı bütün problemlər aradan qaldırılacaq.
Gəncə şəhər Qaz İstismar Sahəsinin rəis müavini Vüqar Ələkbərov 13 yerdə qaz xətlərinin üzərinə ağac qırılıb düşdüyünü, təhlükəsizlik məqsədilə qazın verilməsinin də dayandırıldığını deyib.
"Gəncə Regional Elektrik Şəbəkəsi" MMC-nin Paylayıcı Şəbəkələr Xidmətinin rəisi Hamlet Cəfərovun sözlərinə görə, Mingəçevir şəhərindən, ətraf rayonlardan Gəncədə təbii fəlakətin nəticələrinin aradan qaldırılmasına kömək məqsədilə əlavə qüvvə göndərilib: "Qırılan elektrik xətləri bərpa olunur, təmir işləri başa çatan kimi şəhərə enerji verilməsində yaranan fasilə aradan qaldırılacaq".
"Gəncə Su-Kanal Törəmə" Səhmdar Cəmiyyətindən isə bildirilib ki, artıq şəhərin su-kanalizasiya sistemində yaranan problemlər həll olunub.
Gəncə Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Elgün Məmmədov şəhərin bütün ərazilərində qasırğanın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü, Yevlax, Bərdə, Tərtər rayonlarında əlavə texnika və işçi qüvvəsinin köməyə göndərildiyini açıqlayıb.
Daşkəsəndə də qasırğa yollarda fəsadlar yaradıb, kənd təsərrüfatına ziyan dəyib. Daşkəsən rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, dünən axşam saatlarında rayon ərazisində dolu və güclü leysan yağışla nəticələnən qasırğa baş verib. Qasırğa nəticəsində rayonun Əmirvar, Gurbulaq, Zəylik, Quşçu, Bayan kəndlərində, Daşkəsən, Mədənçilər, Alüminumdağ qəsəbələrində qasırğa fərdi yaşayış evlərinə, elektrik və digər infrastruktura ciddi ziyan vurub. C. Qocayev bildirib ki, rayonun 12 yaşayış məntəqəsinə elektrik enerjisinin verilişi dayandırılıb.
Hazırda sözügedən ərazilərdə enerji verilişinin bərpası istiqamətində iş aparıldığını bildirən komissiya rəhbəri qeyd edib ki, bəzi kəndlərə gedən yollarda leysan nəticəsində maneələr yaranıb. Həmçinin təbii fəlakət rayonun kənd təsərrüfatına da ciddi ziyan vurub. Meyvə ağaclarının barı yerə tökülüb, bəzi yerlərdə iri və xırda buynuzlu heyvanlar tələf olub. Cavanşir Qocayevin bildirdiyinə görə, hazırda qasırğanın fəsadları aradan qaldırılır, rayona dəyən ziyan müəyyənləşdirilir.
Fövqəladə Hallar Nazirliyi (FHN) ölkənin bir neçə rayonunda qeyri-sabit hava şəraitinin yaratdığı fəsadlarla bağlı məlumat yayıb. APA-nın verdiyi xəbərə görə, FHN Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, iyunun 10-da axşam saatlarından başlayaraq respublikanın şimal və qərb rayonlarında hava şəraiti kəskin dəyişib.
Gəncə, Tərtər, Bərdə, Yevlax, Oğuz, Ağdaş, Goranboy, Şəmkir rayonlarında intensiv olaraq leysan yağıb, şimşək çaxıb, güclü külək müşahidə olunub. Daşkəsən, Gədəbəy və Tovuz rayonlarında katostrofik dolu düşüb, burulğanlı hava və güclü külək olub, intensiv şimşək çaxıb. Hava şəraitinin kəskin dəyişməsi nəticəsində göstərilən rayonların bir çoxunda yaşayış binaları, inzibati binalar, fərdi yaşayış evlərinə, rabitə və elektrik xətlərinə, minik avtomobillərinə, kənd təsərrüfatına ciddi ziyan dəyib. Gəncə və Daşkəsən rayonlarında evləri, həyətyanı sahələri su basıb. Hal-hazırda qeyd olunan problemlərin həlli istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qurumları tərəfindən tədbirlər görülür. Müəyyən edilmiş ərazilərə şəxsi heyət və texnika cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva ölkə ərazisində qeyri-sabit sabit hava şəraitinin iyunun 14-dək davam edəcəyini bildirib.