“İslahatların dərinləşməsi əsas istiqamət olacaq“ Hadisə

“İslahatların dərinləşməsi əsas istiqamət olacaq“

"Azərbaycanda təhsillə elm arasında əlaqələr genişlənib".
Bunu Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) AMEA prezidenti, akademik Akif Əlizadəyə universitetin fəxri professoru diplomunun təqdimatı zamanı təhsil naziri Ceyhun Bayramov deyib.
O bildirib ki, son dövrlər ADNSU-nun nüfuzu artıb.
Universitetdə xarici dildə tədris aparılan ixtisasların 4-dən 19-a yüksəldiyini xatırladan nazirin sözlərinə görə, ADNSU-nun balansında olan ərazidə tələbələr üçün yataqxana kompleksinin tikintisi davam edir: "Növbəti tədris ilində yataqxanın istifadəyə verilməsi planlaşdırılır. Qeyd edim ki, universitetin ikinci korpusu də təmir ediləcək".
Təhsil naziri Ceyhun Bayramov İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) 2017-ci il üzrə illik məruzəsində uşaq bağçalarının yenidən Təhsil Nazirliyinin tabeliyinə qaytarılması təklifinə münasibət bildirib.
Ötən il Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" qanunun qəbul edildiyini xatırladan nazir qeyd edib ki, ölkədə məktəbəqədər təhsilin tətbiqi ilə bağlı müvafiq fərman imzalanıb, normativ hüquqi aktlar formalaşıb: "Məktəbəqədər təhsillə bağlı hakimiyyətin müxtəlif qolları arasında funksiyalar qanunvericilikdə tamamilə açıq şəkildə göstərilib. Məzmuna görə cavabdehlik funksiyası, məktəbəqədər təhsil müəssisələrinin saxlanılması funksiyası hansı müvafiq icra hakimiyyəti qurumuna aiddir və digər funksiyalar Azərbaycan qanunvericiliyində çox dəqiq formada öz əksini tapıb".
Ceyhun Bayramov deyib ki, 2009-cu ildə "Təhsil haqqında" qanunun qəbulundan sonrakı dövrdə sənədə bir sıra yeniliklərin edilməsi, bəzi dəqiqləşdirmələrin aparılması və Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasından irəli gələn vəzifələrin icra edilməsinə ehtiyac var idi.
Nazir qeyd edib ki, bu səbəbdən "Təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi hazırlanıb: "Güman edirəm ki, yaxın zamanlarda "Təhsil haqqında" qanuna dəyişikliklər edilməsi ilə bağlı təkliflər paketi baxılması üçün Milli Məclisə təqdim ediləcək. Qanuna dəyişiklik ediləndən sonra təhsilin əlçatanlığı təmin ediləcək, qabaqcıl beynəlxalq təcrübə Azərbaycan təhsil sistemində tətbiq olunacaq".
Ceyhun Bayramov bildirib ki, Azərbaycan təhsilində bir çox istiqamətlər üzrə müsbət dinamika müşahidə olunur: "İslahatların dərinləşməsi və müsbət dinamikanın qorunub saxlanması əsas istiqamətlərdən biri olacaq".
Nazirin sözlərinə görə, Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq bir sıra istiqamətlər üzrə yeni qanunvericilik aktları qəbul olunmaqdadır.
Ceyhun Bayramov Milli Məclisdə "Peşə təhsili haqqında" qanunun üçüncü oxunuşda qəbul edildiyini xatırladaraq qeyd edib ki, "Peşə təhsili haqqında" qanunun qəbulu ilə təhsil pillələri arasında keçid təmin olunacaq: "Habelə peşə təhsilinin müddətindən, proqramların məzmunundan asılı olaraq ilk peşə, texniki peşə və yüksək texniki peşə təhsili olacaq. Eyni zamanda, qanuna əsasən yüksək texniki peşə təhsilinin subbakalavr pilləsi ilə uyğunlaşdırılması da nəzərdə tutulur".