Mətbuat Şurası Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbir keçirib Hadisə

Mətbuat Şurası Heydər Əliyevin 95 illiyi ilə bağlı tədbir keçirib

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Mətbuat Şurası tərəfindən "Heydər Əliyev siyasəti: hüquqi dövlət quruculuğunda media təminatı" mövzusunda tədbir keçirilib.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Ulu Öndər ikinci dəfə hakimiyyətə qayıdanda insanları Azərbaycançılıq ideyası ətrafında birləşdirdi: "Bununla da o, xalqın idarəsinə arxalanan siyasətçi olduğunu göstərdi. Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəlməmişdən əvvəl ölkəmiz vətəndaş müharibəsi ərəfəsində idi, sənayedə böyük durğunluq yaranmışdı, məcburi köçkün problemi var idi. "İpək yolu"nun bərpa edilməsi, iqtisadiyyatın bir çox sahələrində aparılan islahatlar, Azərbaycanın hüququ dövlət səviyyəsinə qaldırılması Ulu Öndərin həyata keçirdiyi siyasətin nəticəsidir. Bununla da hər kəs əmin oldu ki, yalnız xalqın iradəsi ilə hakimiyyətə gəlmək mümkündür. Cümhuriyyət dövrünü çıxmaqla, mətbuat 1998-ci ilə qədər senzura altında fəaliyyət göstərib. Mətbuatın senzuradan azad edilməsi qərarını da məhz Heydər Əliyev verdi. Nəticədə dövlətin heç bir qurumu mətbuat üzərində söz haqqına sahib olmadı. Bu da media azadlığının vacib şərti idi. Ulu Öndərin hakimiyyəti illərində mətbuatın iqtisadi bazasının möhkəmlənməsi üçün çoxsaylı fərman və sərəncamlar imzalandı.Bütün bunların nəticəsidir ki, Azərbaycan jurnalistləri 2002-ci ildə Heydər Əliyevi özlərinə dost seçiblər".
Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev bildirib ki, təkcə ölkəmizdə deyil, xaricdə yaşayan soydaşlarımız da Heydər Əliyevin 95 illik yubileyini böyük təntənə ilə qeyd edirlər: "Bu tədbirlərdə onun həyat yolu, dövlətçiliyin formalaşmasında gördüyü işlər bir daha nəzərdən keçirilir".
Vüqar Əliyev bildirib ki, Heydər Əliyevin siyasətinin əsas qayəsi Azərbaycan mətbuatının müstəqil olması idi və bütün səylərini bu istiqamətə yönəltmişdi. Mətbuat Şurasının yaradılması medianın özünütənzimləmə prinsipinin tətbiqi idi. Ulu Öndər mediaya dövlət dəstəyini ənənəyə çevirən şəxs idi. Mətbuat orqanlarının nəşriyyat borclarının silinməsi onun hakimiyyəti dövründə həyata keçirilən tədbirlərdən idi. O daim jurnalistləri diqqət mərkəzində saxlayırdı. Azərbaycan mətbuatı da Ümummilli liderin mediaya isti münasibətini hər zaman dəyərləndirib. Heydər Əliyev tərəfindən əsası qoyulan media siyasəti bu gün İlham Əliyev tərəfindən uğurla davam etdirilir".
Konfransda "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,
Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli, millət vəkilləri Aqil Abbas və Hikmət Babaoğlu, "Səs" media qrupunun rəhbəri Bəhruz Quliyev və digərləri çıxış edərək Heydər Əliyevin Azərbaycan mətbuatının inkişafına verdiyi töhfələrdən söz açıblar.