Azərbaycan Polisi - Şanlı 100 illik Hadisə

Azərbaycan Polisi - Şanlı 100 illik

"Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır". Ulu öndərimiz Heydər Əliyevin bu sözləri Azərbaycan Daxili İşlər Orqanlarının fəaliyyətinin istiqamətini təyin edib. Yarandığı gündən ictimai asayişin keşiyində duran Azərbaycan Polisi bir neçə dövlət quruluşu dəyişsə də öz təyinatında həmişə xalqın keşiyində dayanıb, həmişə ictimaiyyətə açıq orqan olubdur. Həmçinin Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Azərbaycan Respublikasında ictimai asayişi və ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin qarşısının alınması və açılması sahəsində Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
100 illik yubileyini qeyd edən Azərbaycan polisi keçdiyi keçməkeçli və şərəfli yolu ilə Azərbaycan vətəndaşlarının təhlükəsiz yaşamasını təmin edir. Dünya dövlətlərinə nəzər salsaq görürük ki, sabitliyin bərqərar olunması Azərbaycanda yüksək səviyyədədir və bu danılmaz faktı ilbəil artan turist axını da təsdiq edir. Bu sabitlik Azərbaycan polisinin yüksək peşəkarlığının bariz nümunəsidir.
DİN-nin əhali ilə birbaşa təmasda olmasında, ictimaiyyətlə əlaqələrin sıxlaşmasında sosial şəbəkələrin də rolu böyükdür. Elə bu yaxınlarda əhalinin istifadəsinə verilmiş "İnstagram" sosial şəbəkəsində səhifəsi, "facebook" sosial şəbəkəsində səhifə, şikayətlərin birbaşa bildirilməsi üçün yaradılmış sayt şəffaflığı təmin edir. Azərbaycan dövlətinin şəffaflığı təmin etmək üçün elektron hökumət portalının yaradılması polis orqanlarının da işini asanlaşdırır. Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov: " Biz uğurlarımızı qeyd etməklə yanaşı, daxili işlər orqanlarının fəaliyyətində olan nöqsan və qüsurları da gizlətmirik. Fəaliyyətimizdə şəffaflığı təmin edərək xidməti vəzifəmizə inzibati nəzarətlə yanaşı ictimai nəzarəti də gərəkli sayır, nöqsanları və çatışmazlıqları çəkinmədən göstərir, onların aradan qaldırılması üçün bütün zəruri tədbirləri görürük".
Daxili İşlər Nazirliyinin şəffaflığını təmin edən nəşrlər ölkəmizdə baş verən hadisələr zamanı erməni qəspkarlarının törətdikləri vəhşilikləri ictimaiyyətə çatdırmaqda əvəzsiz rol oynayıb. Elə "Polis" qəzetini bu siyahıya daxil etmək olar. Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilmiş "Polis" qəzeti 5 minə yaxın nüsxə ilə həftədə bir dəfə Azərbaycan dilində nəşr edilir.
Bakı Şəhər Baş Polis İdarəsinin "Polis" qəzetinin redaksiyası polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydalarm qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol-hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasna xidmət edir.
Qəzetin əməkdaşları öz oxucu auditoriyasını genişləndirmək, polisin ağır və şərəfli fəaliyyətini işıqlandırmaq, cinayətkarlıqla mübarizə və onun profılaktikasında ictimai təhlükəsizliyin, sabitliyin qorunmasında, təbliğində, əhali arasında onun nüfüzunun gündən-günə yüksəldilməsində yazılar dərc etmək üçün öz imkanlarını daha da səfərbər etməyə çalışır.
Daha bir nəşr isə Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə təsis edilmiş "Mübariz keşikdə" qəzetidir. 9.847 nüsxə ilə həftədə bir dəfə Azərbaycan dilində nəşr edilir.
DİN-in orqanı "Mübariz keşikdə" qəzeti cinayətlərin qarşısının alınması və açılması, ictimai qaydanın və ictimai təhlükəsizliyin, habelə insan hüquq və azadlıqlarının təmin edilməsi sahəsində Azərbaycan Respublikası daxili işlər orqanlarının fəaliyyətini ictimaiyyətə çatdırır, nöqsan və çatışmazlıqlarla bağlı materiallar verir.
Bundan əlavə, DİO əməkdaşlarının təcrübəsini yayır, əməkdaşların yaradıcılıq imkanlarından istifadə etməklə daxili işlər orqanlarının və Daxili Qoşunların fəaliyyəti barədə respublika əhalisində dolğun və obyektiv təsəvvür, sağlam ictimai rəy formalaşdırır, daxili işlər orqanlarının fəaliyyətinə dair kütləvi informasiya vasitələri ilə yayımlanan həqiqətə uyğun olmayan məlumatları müəyyən edilmiş qaydada təkzib edir.
Daxili İşlər Orqanlarının ictimaiyyətlə əlaqəsini yaradan mətbu nəşrlərdən biri "Əsgər" qəzetidir. Daxili Qoşunların mətbuat orqanı olan "Əsgər" qəzetinin ilk sayı 1992-ci ilin dekabr ayının 16-da dərc olunub. Qəzet odlu səngərlərdə yayılan ilk mətbu orqanlardan biri kimi döyüşçülərimizin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynayıb.
"Əsgər" qəzeti yarandığı gündən bu günədək Daxili Qoşunların döyüş və xidmət yolunun, şəxsi heyətin təlim-tərbiyəsinin işıqlandırılması, ümumilikdə qoşunların fəaliyyəti barədə ölkə ictimaiyyətinin məlumatlandırılması istiqamətində öz missiyasını uğurla yerinə yetirir.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. AXC dövründə ölkənin təhlükəsizliyi və ictimai asayişi təmin etmək üçün ilk Daxili İşlər Nazirliyi yaradılıb fəaliyyət göstərib. 1918 - 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti 2 ilə yaxın, cəmi 23 ay yaşasa da əsl müstəqil dövlətçiliyimizin təcrübəsi, indi varislik nöqteyi nəzərindən tarixi örnək roluna malikdir. Ulu öndərimiz Heydər Əliyev deyib: "Azərbaycan Xalq Cümhuriyyəti 2 il müddətində çox böyük işlər görmüş, Azərbaycanın müstəqil gələcəyinin əsasını qoymuşdur. Biz Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. Mən bu gün qürurla deyirəm ki, biz Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisləriyik".
Azərbaycan Xalq Cümhuriyyətinin 31 avqust 1918-ci il tarixli qərarı ilə DİN-nin xüsusi istintaq komissiyası təsdiq edilib, həmin komissiyaya 1918-ci ilin mart soyqırımı, Zəngəzurda və Qarabağda azərbaycanlılara qarşı törədilmiş cinayətləri təhqiq etmək tapşırılıb. 1918-ci ilin payızında Bakıda İçərişəhərdə polis məmurları hazırlayan "Qorodovoy məktəbi" açılıb.
1919-cu ildə Azərbaycan polisinin ümumi sayı 9661 nəfər təşkil edirdi. 1918-1920-ci illərdə Bakı Quberniyasının tərkibinə Göyçay, Cavad, Quba, Şamaxı və Lənkəran qəzaları daxil oldu. Bakı Quberniyasının ərazisi 39.075.15 kvadrat kilometr təşkil edirdi. Rusiya İmperiyası dövründə Bakı Polisi "polismeysterlik", Azərbaycan Xalq Cümhuriyyəti dövründə "polis" , Sovetlər İttifaqı dövründə "milis" və müstəqil Azərbaycan Respublikası dövründə isə "polis" adlandırılıb.
1988-ci ildən başlayan Dağlıq Qarabağ problemi erməni terrorizminin ölkəmiz daxilində törətdiyi terror hadisələri zamanı baş vermiş cinayətlərin açılmasında və ictimaiyyətə düzgün məlumatın çatdırılmasında Daxili İşlər Orqanlarının xidməti böyük olub.
1991-ci ildə tarixi ədaləti bərpa edib müstəqil dövlətini yaradan Azərbaycan xalqı müstəqilliyinin ilk illərində daxili böhranla, xarici təcavüzlə üz-üzə qaldı, ölkədəki xaos polisdən də yan keçmədi. Hakimiyyətdəkilərin səriştəsiz idarəçiliyi ölkədə güc strukturlarının, o cümlədən daxili işlər orqanlarının fəaliyyətini iflic vəziyyətə saldı. O zaman mövcud olan qeyri-sabit içtimai-siyasi vəziyyət ölkənin bütün yerlərində olduğu kimi, Bakı şəhərində də kriminogen durumu xeyli gərginləşdirmiş, cinayətkar ünsürlərin mütəşəkkil fəaliyyətinə, silahlı qruplaşmaların at oynatmasına şərait yaratdı. Belə bir durumda erməni təcavüzü vəziyyəti daha da çətinləşdirirdi. Müharibənin ilk illərində Azərbaycanın milli ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, Şəhidlər verirdi. Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: "Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir."
Azərbaycan dövlətinin hərtərəfli inkişafında və milli dövlətçilik ənənələrimizin bərpa olunmasında əvəzsiz tarixi xidmətləri olan ümummilli lider Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın tələbi ilə hakimiyyətə qayıdışı, müstəqilliyimizin, dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkədə qayda-qanun yaradılması, xaos və özbaşınalığa son qoyulması, dövlətimizin ictimai-siyasi, iqtisadi böhrandan çıxarılması, qanunsuz silahlı dəstələrin ləğv olunması, xalqımız qarşısında yaranmış çoxsaylı problemlərin həll edilməsi, hüquq-mühafizə orqanlarının möhkəmləndirilməsi sahəsində atdığı müdrik və qətiyyətli addımlar respublikamızın əhalisi tərəfindən rəğbət və hörmətlə qarşılandı.
Beləliklə, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra daxili işlər orqanlarının fəaliyyətində əsaslı keyfiyyət dəyişikliklərinin təməli qoyuldu. 1994-cü ilin aprel ayının 29-da Ramil Usubovun Azərbaycan Respublikasının daxili işlər naziri təyin edilməsi, az sonra "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" 9 avqust 1994-cü il tarixli Prezident Fərmanının imzalanması ilə qanunçuluq və dövlətçilik prinsipləri ön plana çəkildi, Azərbaycan polisi yüksək nüfuzunu bərpa etdi.
Ümummilli lider Heydər Əliyev cənablarının 28 may 1998-ci il tarixli fərmanı ilə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Daxili İşlər Nazirliyinin tərkibində ilk nizami polis orqanlarının təsis edildiyi gün - 2 iyul Azərbaycan Polisi günü elan edildi. Bununla əlaqədar polis əməkdaşları hər il 2 iyulu peşə bayramı kimi qeyd edirlər.
Azərbaycan polisinin ayrılmaz tərkib hissəsi olan Bakı polisi bu gün müasir tələblərə cavab verən inzibati bina, texnika və avtomobillərlə, silah-sursat, rabitə vasitələri, elektron avadanlıqlarla təmin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan polisinin peşəkarlıq səviyyəsini, texniki təchizatını diqqətdə saxladığı kimi, sosial rifahını da diqqətdə saxlayır. Daxili işlər orqanları əməkdaşlarının maaşları mütəmadi olaraq artırılır, sosial vəziyyəti yaxşılaşır.
Azərbaycan Respublikasının Prezidenti bu barədə bildirib: "Polis orqanlarının fəaliyyətini təkmilləşdirmək, iş keyfiyyətini, peşə hazırlığını və bilik səviyyəsini artırmaq məqsədilə yeni
axtarış və informasiya texnologiyaları ilə təmini, maddi-texniki bazanın ən müasir tələblər səviyyəsinə çatdırılması və şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində lazımi tədbirlər görülür. Polisin inkişafına dövlət qayğısı bundan sonra da davam edəcəkdir".
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əsas strukturlarından biri olan Bakı şəhər Baş Polis İdarəsi bu diqqətin, qayğının sayəsində sürətlə inkişaf edir, həm peşəkarlıq, həm texniki təchizat, həm də mənəvi tələbat baxımından müasir standartlara cavab verəcək səviyyəyə yüksəlir.
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun bu sözləri əminlik yaradır ki, hər bir Azərbaycan vətəndaşının təhlükəsizliyi tam təmin olunaraq şikayəti obyektiv olaraq öz həllini tapır: "Biz çalışırıq ki, vətəndaşlardan daxil olmuş məktublar həm operativ, həm də obyektiv öyrənilsin, araşdırılsın və qanuna uyğun həllini tapsın. Təsadüfi deyil ki, nazirliyin rəhbərliyi mütəmadi olaraq bölgələrdə olur və vətəndaşların yerlərdə qəbulunu keçirir. Bütün bunlarda əsas məqsəd odur ki, fəaliyyətimizin şəffaflığı təmin olunsun və hər hansı narazılıq elə yerindəcə aradan qaldırılsın".
Xəyalə Süleymanqızı
"Daxili İşlər Nazirliyinin Azərbaycan Polisinin 100 illiyi münasibəti ilə keçirdiyi yazı müsabiqəsinə təqdim etmək üçün"