Azərbaycanın azadlıq mübarizəsinin iqtisadi təməli Hadisə

Azərbaycanın azadlıq mübarizəsinin iqtisadi təməli

Hüseyn Baykara

6-cı yazı

Bu statistikadan istifadə edən marksist baxışlı kommunistlər kapitalın təmərküzləşərək tək əldə toplanmasını sübut etməyə çalışsalar da, biz bu statistikadan Bakıda və bununla yanaşı Azərbaycanda meydana gəlməkdə olan, cəmiyyətin siyasi taleyində böyük rolu olan ortabab tacir və başq təbəqələrin o dövrdə Azərbaycanda necə təşəkkül etmiş olduğu nəticəsinə gəlirik. 1878-ci ildə Bakıda yaradılan "Ticarət evi" Hacı Zeynalabdin Tağıyevə məxsusdur. İkincisi, Sarkisov adlı bir erməniyə mənsubdur. Ticarət evi bütün sərvəti tək bir şəxsə aid olan kapitalist ticarət müəssisəsinə verilən addır. 1893-cü ildə ticarət evlərinin sayı 12-yə və 1899-cu ilin başlanğıcında isə 38-ə çatmışdı.
Nobel qardaşları tərəfindən 1874-cü ildə Bakıda ilk ticarət şirkəti yaradılmışdı. 1890-cı ildə Bakıda dörd böyük ticarət şirkəti olduğu halda, artıq 1899-cu ildə on iki böyük ticarət şirkəti var idi ki, kapitallarının cəmi 44.000.000 manat idi. XX əsrin əvvəllərində Bakıda 39 böyük ticarət şirkəti vardı. Ticarət şirkətlərinin qurulması ilə əlaqədar, başda ingilis kapitalistləri olmaqla qərb ölkələrinin kapitalistləri Bakıya axışırdılar. 1898-ci illə 1903-cü il arasında Bakıda 60 milyon manat kapitalı olan 18 ingilis şirkəti qurulmuşdu. 1894-cü ildə Bakıda "Neftayırma şirkətləri" adı ilə iş verən trest yaradılmışdı. Bu trestə böyüklü-kiçikli 92 ticarət müəssisəsi daxil idi. Ağ neft, qaz yağı istehsal edən bu şirkətlər bütün neft məhsullarının 97%-ni təmsil edirdilər. Bu trest həmkarlar ittifaqı nümayəndələri arasında rəqabət olduğuna və mənfəətləri bir-birinə uyğun gəlmədiyinə görə 1897-ci ildə dağılmışdı. 1887-ci ildə Bakıda ticarət birjası qurulmuşdu. 1890-cı ildə ticarət birjasının bir illik jirosu 4,5 milyon, 1899-cu ildə isə 20,9 milyon manat olmuşdu. O dövrdə ticarət birjasında təkcə neft satılırdı. XIX əsrin axırlarında yuxarıda qeyd olunan neft məhsulunun artması ilə yanaşı olaraq kredit müəssisələri, yani banklar yaradılırdı. 1874-cü ildə Qarşılıqlı yardım şurası dövlət bankının Bakı şöbəsi, 1889-cu ildə Tiflis ticarət bankının, 1890-cı ildə də Volqa-Kama ticarət bankının Bakı şöbəsi açılmışdı. Dövlət bankının Bakı şöbəsi ilk dəfə 300.000 manat investisiya verdiyi halda, 1882-ci ildə bu rəqəm yarım milyon manata, 1884-cü ildə 800.000 və 1888-ci ildə isə bu miqdar bir milyon yarıma çatmışdı.
1874-cü ildə dövlət bankının Bakı şöbəsi Şəmsi Əsədullayevə 4.000 manat kredit açmışdı. Bu miqdar 1901-ci ildə 100.000 manata çatmışdı. Azərbaycanlı milyonerlərdən biri olan Musa Nağıyevə 1879-cu ildə 10.000 manat kredit verildiyi halda, bu rəqəm 1901-ci ildə 250.000 manata çatmışdı. 1879-cu ildə Hacı Zeynalabdın Tağıyevə verilən 50.000 manat kredit, 1901-ci ildə 300.000 manata çatmışdı. 1893-cü ildə "Qarşılıqlı yardım şurası" bankının veksel (borc sənədi) həcmi 3,3 milyon manat, Tiflis bankının şöbəsi – 2 milyon, Volqa-Kama bankı – 2,3 milyon manat olmuşdu. Bundan başqa Tiflis bankı girov əvəzi olaraq 999 min manat, Volqa-Kama bankı 196 min manat kredit vermişdi.
1897-ci ildə Bakıda 7348 tacir qeydə alınmışdı. Bunlardan 192 nəfəri komisyonçu, 957 nəfəri yeməkxana, meyxana, kazino sahibləri, 5436 nəfəri isə əsl tacir idilər. Neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu sənaye ilə əlaqəsi olan başqa mal satan ticarət müəssisələrinin çoxalması və ticarət müqavilələrinin də artması, əlbəttə, təbiidir. Tacirlərin jiroları da hər il artmaqda davam edirdi. XIX əsrin 90-cı ilində 51 ticarət müəssisəsinin illik jirosu 250.000 manata yaxın idi. Beləliklə, Bakıda yerli Azərbaycan tacirlərinin də jiroları artırdı.
1892-ci ildə Azərbaycan tacirlərinin illik jiroları 6,8 milyon manata çatırdı. Bu miqdar bütün Bakı ticarət jirosunun 19%-ni təşkil edirdi. 1897-ci ildə yerli türk tacirlərinin jirosu 21,5 milyona yüksəlmişdi. Bu, Bakı ticarət aləminin ümumi jirosunun 19,6%-nə bərabər idi. Bu şəkildə Azərbaycanın milli ticarəti və sənaye kapitalı ildən-ilə artırdı.
Hacı Zeynalabdın Tağıyevin illik gəliri – 16 milyon, Musa Nağıyevin – 16 milyon, Şəmsi Əsədullayev – 2,5 milyon, İ.Hacinskinin – 2 milyon, A.Rzayevin – 2 milyon, H.Dadaşovun – 2 milyon idi. 1901-ci ildə Manafov, Mürtaza Muxtarov, Cəbiyev, Mustafayev və başqalarının da milli Azərbaycan kapitalındakı yerləri əhəmiyyətli idi.
1890-cı ildə Azərbaycanda olan 5743 ticarət müəssisəsinin 1943-ü yalnız Bakı şəhərində toplanmışdı. Bu say Azərbaycanda mövcud olan ticarət müəssisələrinin ancaq 30,7%-ni təşkil edir. Buradan aydın görürük ki, Azərbaycanda ticarət həyatının inkişaf etməsi yalnız Bakıda olmamışdı. Azərbaycanın başqa vilayət və qəzalarında da ticarət həyatı inkişaf edirdi. Bu rayonlarda Azərbaycan türklərinə düşən milli kapital payının həcmi daha çox idi, yəni əsasən, milli və öz türk kapitalı idi. Ancaq neft Azərbaycan ticarət aləminin başlıca gəlirini təşkil etdiyi üçün, Bakı üstünlüyünü mühafizə edirdi. 1897-ci ildə Bakı şəhərində ticarət müəssisələrinin sayı 2366-ya çatırdı. Halbuki, bütün Azərbaycanda ticarət müəssisələrinin sayı 4421 idi. Deməli, ticarət müəssisələrinin 53,5%-i Bakı şəhərinin payına düşürdü və 114 milyon manatlıq illik gəlirdən Bakının payına 109,4 milyon manat düşürdü. 1900-cü ildə Bakıda ticarətin həcmi getdikcə artır – bütün Azərbaycanda mövcud olan 5468 ticarət müəssisəsinin 3484-ü Bakıda yerləşirdi. Bir illik 155,8 milyon manat jironun 147,7 milyon manatı, yəni 94,8%-i Bakının payına düşürdü. Bakı o dövrdə Azərbaycanın Qərbi Avropa tipli inkişaf etmiş ticarət mərkəzi olmuşdu. Bütün Azərbaycanda mövcud olan 20079 ticarət müəssisəsinin 7348-i Bakı şəhərində və onun ətrafında toplanmışdı (M.Musayev. XIX əsrin axırlarında Bakı şəhərinin daxili ticarətinin inkişafının bəzi xüsusiyyətləri. "İqtisad" jurnalı, № 1, Bakı, 1968). Qalan miqdar Azərbaycanın başqa rayonlarının payına düşürdü. Beləliklə, Azərbaycanda kiçik burjua sinfinin yaranmasını görürük.
Bakıda neft, duz sənayesi inkişaf etdikcə, Azərbaycanın başqa qəzalarında da coğrafi əraziyə və torpağın məhsuldarlığına uyğun olaraq, müxtəlif sənaye sahələri inkişaf edirdi. Nuxada ipəkçilik, Naxçıvanda duz sənayesi, Gədəbəy və Daşkəsəndə mis, kobalt, Xəzər dənizi və Kür çayı sahillərində balıqçılıq sənayesi inkişaf edərək artırdı. Beləliklə, Azərbaycan ticarət mühiti özünəməxsus qazanc axtarmaq xüsusiyyəti ilə dünya bazarlarında mal satıcısı olaraq yüksəlir və tarixdə özünə yer qazanırdı. Kənd təsərrüfatı üçün Amerika sortu olan pambıq toxumu XIX əsrin dördüncü rübündə Azərbaycana gətirilmişdi. Suvarma yolu ilə Amerika sortu olan pambıq məhsulu artmış, bunun ardınca pambıqtəmizləmə zavodları da çoxalmışdı. Qafqazda tütünçülük təsərrüfatı artdığı üçün tütün fabrikləri tikilirdi. Xəzər dənizi vasitəsilə Rusiyaya, İrana, Türküstana mal daşındığı üçün, Bakıda gəmiçilik sənayesinin yaradılmasına ehtiyac duyulurdu. Azərbaycanın dəmir yolu Rusiyanın mərkəzinə bağlanması, yük depolarının və dəmir yolu emalatxanalarının tikilməsi lazım gəlirdi. Qərb anlamında sənaye və ticarət mühitinin yaranması ilə Azərbaycanda kapitalizm dövrünə məxsus olan kapitalist, tacir, ortabab, sənətkar və nəhayət, gündəlik əməyi ilə dolanan, iqtisad elmində proletar adlanan fəhlə sinfi meydana gəldi. Cəmiyyət həyatı bir-birinə dolaşıqlı və zəncir halqaları kimi bağlı olduğuna görə sosial, iqtisadi həyat özünə lazım olan müəssisələri və insan kollektivini yaratdı.
Bakı neftində Azərbaycan türk kapitalını Tağıyev, Nağıyev, Muxtarov və başqaları, rus kapitalını Koqorov, Şibayev, Benkendorf, Cubonin, qərb kapitalını qərbin məşhur kapitalistlərindən Nobel, Rotşild, Simens, Vişau və başqaları təmsil edirdilər. Bakı şəhəri getdikcə böyüyür və əhalisi də artırdı. Belə bir sənayeləşmə dövründə şəhər əhalisinin artması təbiidir. Çar üsul-idarəsinin rus kəndlilərini Azərbaycana köçürərək yerli türk kəndlisinin əlindən münbit torpaqları alıb rus kəndlilərinə verməsi üzündən torpaqsız qalan Azərbaycan kəndlilərinin şəhərdə iş axtarmaq məcburiyyətində qalmaları başlıca səbəblərdən biri olmuşdu. 1870-ci ildən əvvəl Bakıda neft yataqlarının 88%-i yerli türk xalqının əlində idi. Xarici kapitalın Rusiyaya girməsinə çar icazə verdikdən sonra, yerli türk xalqınını əlində olan bu zəngin neft yataqlarını xarici kapitalistlər o dövrə görə yüksək pul verərək satın aldılar. Beləliklə, bu yerlərin çoxu türklərin əlindən çıxdı.
1872-ci ildə Azərbaycan – Bakıya Qərb kapitalistləri gəlməyə başladılar. Azərbaycana gələn xarici kapital ölkələri bunlardır: Belçika, Danimarka, Fransa, İsveçrə, Almaniya, İngiltərə və başqaları, Azərbaycanın nefti, misi, duzu, kənd təsərrüfatı malları və başqa xammalları artıq Qərb dünyasına çıxarılırdı və bunun sayəsində azərbaycanlı vətəndaşlar Qərb aləmini gördülər, yaxından tanıdılar. Amerika kapitalistləri Bakı neftini əldə etməkdə çox gecikmişdilər. Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi böyük neft çənlərinin qurulmasına səbəb oldu və Bakıda sistern vaqonlar görünməyə başladı. Kapitalizmə qədəm qoyan Azərbaycanda ağır sənayenin inkişafı, yuxarıda qeyd etdiyimiz kimi, bu sənayenin lazımi mallarla, əşyalarla təmin olunması yüngül sənayenin, emalatxanaların və başqa obyektlərin qurulmasına səbəb oldu. Təbii ki, bu obyektlərin yaranması nəticəsində şəhər də inkişaf edəcəkdi. Eyni vəziyyət Azərbaycanın mis, kobalt, duz, kənd məhsulları və başqa xammal emal edən rayonlarında da görünürdü. Yerli Azərbaycan türk xalqından ixtisaslı işçi və ustalar yetişməyə, çoxalmağa başladı. Bu vəziyyət Qərb mədəniyyətinə qovuşmağın ilk nişanəsi idi. Azərbaycanın hər hansı bir zavodunda çalışan, iş vaxtı qurtardıqdan sonra paltarını dəyişib qalstukunu taxan, bulvarda qəhvəxanaya gedən ixtisaslı işçi və ya usta, qol gücünə kotanla çalışan kəndlidən daha mədəni olmuşdu. Bu vəziyyət Azərbaycan xalqı üçün Qərb mədəniyyətinin ilk pilləsi idi. Bununla kifayətlənməyərək Peterburqda, Moskvada yüksək texniki institutlarda təhsil alıb Azərbaycana dönən mühəndis və texniklər yeni yaranan kapitalist sənayesinin müxtəlif sahələrində, müxtəlif vəzifələrdə çalışırdılar.
Bakıda 86 ağ neft və qaz yağı emal edən, 5 benzin emal edən, 5 yağ emal edən, 3 asfalt düzəldən zavod var idi. 1890-cı ildə bunların ümumi sayı 101-ə çatmışdı. Bunlar nefttəmizləyici zavodlar idi. Qaz yağı, benzin, yağ və asfaltdan başqa, neft məhsulları da emal olunurdu. 1907-ci ildə Bakı-Batumi neft borusu xətti çəkildi. Neftdən, Qərbə satılan başqa məhsullardan əldə edilən gəlir nəticəsində azərbaycanlılar Qərb ticarət aləminə qədəm qoydular. Bakı mazutu Almaniya və Avstriyada həvəslə alınır və oradakı zavodlarda işlənirdi. Şərq ölkələrində - Hindistanda, Çində, Hind-Çində, Avstraliyada və Yaponiyada Bakı nefti Amerika nefti ilə rəqabət aparırdı.