Azərbaycanın azadlıq mübarizəsinin iqtisadi təməli Hadisə

Azərbaycanın azadlıq mübarizəsinin iqtisadi təməli

Hüseyn Baykara

7-ci yazı

XX əsrin əvvəllərində 167 neft sənaye müəssisəsindən 49-u, yəni 29,3%-i milli Azərbaycan kapitalistlərinin himayəsində idi. Sayca çox görünsə də, ümumi istehsal həcmində vəziyyət dəyişirdi. 100.000 puda qədər neft istehsal edən qrupda milli Azərbaycan kapitalı 31,3%, 500.000 puda qədər neft istehsal edən müəssisə qrupunda 48,7%, 1.000.000 puda qədər məhsul istehsal edən qrupda 25%, bir milyon puddan on milyon puda qədər neft istehsal edən müəssisələr qrupunda Azərbaycan türk kapitalı 12,5% idi. On milyon puddan qırx milyon puda qədər və bundan daha çox neft istehsalına Azərbaycan milli türk kapitalı demək olar ki, heç yoxdur. Biz burada yenə yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda milli kapitalın təşəkkülündə ortabab sinfin əsas və qüvvətli olduğunu qeyd etmək istəyirik. Çünki bu sinfin bütün ölkələrdə xalqa rəhbərlikdə oynadığı qüdrətli və siyasi rolu çox əhəmiyyətli olmuşdu.
Azərbaycanın sənaye və ticarət həyatında rus kapitalının payını qeyd etmək lazımdır. 167 ticarət şirkəti içərisində 21 şirkət (11,3%) onlara məxsus idi. Yerdə qalan şirkət və kapital ermənilər, gürcülər və yahudilər arasında bölüşdürülmüşdü. 1900-cü ildə Bakı vilayətində zavod müfəttişliyinin apardığı məhəlli statistikaya görə, 204 neft sənayesi müəssisəsinin 115 kapitalisti arasında Azərbaycan kapitalistləri ümumi kapitalın 18%-nə sahib idilər. Un və çəltik təmizləmə sənayesində Azərbaycan kapitalı ümumi kapitalın 36%-ni, qaz yağı, kerosin, maşın yağı zavodlarında, neft doldurma stansiyası və körpü salma işində Azərbaycan türk kapitalı 21%, neft-kimya sənayesində isə 10%-i təşkil edirdi. İpəkçilik sənayesində Azərbaycan kapitalı çox əhəmiyyətli idi. Milli Azərbaycan kapitalı ən çox ticarət burjuaziyası baxımından qüvvətli idi.
1900-cü ildə 3484 ticarət müəssisəsi vardı. Bu miqdar 1913-cü ildə 5226-ya yüksəlmişdi. Bunların çoxu kiçik ticarət müəssisələri idi. 1902-ci ildə 5508 ticarət müəssisəsindən 3035-i üçüncü dərəcəli, 318-i isə birinci dərəcəli topdansatış ticarət müəssisələri idi. 1913-cü ildə 4706 ticarət müəssisəsindən 2038-i üçüncü dərəcəli, bəziləri ikinci, 139-u isə birinci dərəcəli topdansatış ticarət müəssisələri idi. Birinci dərəcəli ticarət müəssisələrinin ümumi illik jiro miqdarı bütün kiçik ticarət müəssisələrinin jirosunun cəmindən çox idi. Halbuki kiçik ticarət müəssisələri 43,9%, birinci dərəcəli müəssisələr isə 2,9% təşkil edirdi. Topdansatış ticarətində əsas yeri neft tuturdu. Bu firmaların satdıqları neft pula çevrilən zaman 1.459 milyon manat olurdu. Topdansatış ticarətdə neftdən sonra satılan mallar bunlardır: metal, metaldan düzəldilən hissələr, taxta, qənd, düyü, spirtli içkilər, toxuculuq malları, qurudulmuş meyvə, balıq, kürü məhsulları, heyvan, ət, kənd təsərrüfatı məhsulları və s. Beləliklə, ticarət inkişaf etdikcə onunla yanaşı pərakəndə ticarət də artırdı. 1913-cü ildə 4470 pərakəndə ticarət müəssisəsi vardı.
Yuxarıda göstərilən statistikada yerli Azərbaycan türk kapitalının xüsusi payı var. Yerli kapital pərakəndə ticarətdə daha qüvvətli idi. "Həftə bazarı" deyilən və yarmarka şəklini alan bazarlarda fabrikdə istehsal olunan məhsullar satılır və ya xammal mübadiləsi edilirdi. Bu bazarlardan mal toplanıb Rusiya və Qərb ölkələrinin zavodlarına göndərilirdi. Azərbaycanda pərakəndəçi tacir yalnız rus zavodlarında deyil, həmçinin Qərbdə istehsal olunan malları da alıb-satırdı. Texnologiya yönündən Qərbə möhtac olan rus sənayesi quraşdırma hissələrinin onlardan almağa məcbur idi. V.İ.Lenin Rusiyanın bu dövrünü "hərbi-feodal imperializmi" adlandırırdı. Belə bir dövrdə Rusiya sənayesi Qərb anlamında geridə qalmış bir sənaye idi.
Azərbaycanda balıqçılıq istehsalı özünəməxsus zəngin və əhəmiyyətli bir yer tutmaqdadır. Bu istehsal təkcə balıqla məhdudlaşmayıb, dünyanın ən dadlı, ən qiymətli və bol qara kürüsü ilə tanınmaqdadır. Bu səbəbdən balıq sənayesi az zamanda neft sənayesi kimi inkişaf etdi və ilk istehsal vasitələri yaradıldı, bunun nəticəsində daha çox məhsul istehsal olundu. Azərbaycandakı kapitalistlər gəlirli olan balıq sahəsilə də məşğul oldular. Tağıyev, Mantaşev, Mayılov, Lianozov və başqaları balıq sənayesinin böyük qismini əllərinə aldılar. 1898-1900-cü illər arasında 2.4187 milyon pud balıq istehsal edildi. Balıqçılıq çəllək istehsalının, konserv sənayesinin, dəniz nəqliyyatının, gəmi təmiri tərsanələrinin yaranmasına yol açdı. 1900-cü ildə Bakıda doqquz gəmi təmiri tərsanəsi vardı. 1886-cı ildə Bakıda 20 metal emal edən zavod mövcud idi. Bunların səkkizi dəmir, dördü mis emalatxanası idi. Bunlarla yanaşı, kənd təsərrüfatında suvarma işlərində istifadə olunan nasoslar üçün qazan istehsal edən emalatxanalar meydana gəldi.
Azərbaycanda ipək istehsalında Nuxa (Şəki) birinci yeri tuturdu. 1861-ci ildə, bir il müddətində 1200 pud əla növlü ipək emal edilmişdi. 1862-ci ildə London yarmarkasında Azərbaycanın xam ipəyinə və ipək baramasına medal verilmişdi. Bir müddət ipək sənayesi, ipək qurdunda törənən xəstəlik nəticəsində gerilədi. 1886-cı ildə yenidən sürətlə inkişaf edərək yeni ipəkçilik fabriki tikildi və köhnə ipəkçilik fabrikləri təmir edilərək işə başladılar. Bu fabriklərdə 346 ipək dəzgahı vardı. İpəkçilik sahəsində Qarabağ ikinci yerdə gedirdi. İpək baramasının mexaniki şəkildə 3 ilk dəfə Şuşada tətbiq edilmişdi.
İpəkçilikdə üçüncü yeri Ordubad tuturdu. Ilk dəfə olaraq Ordubadda buxarla işləyən maşınla ipək toxunurdu. 1886-cı ildə fabrikdə dörd ipək toxuyan maşında 300 pud ipək istehsal edilmişdi. 1886-cı ildə Zaqatalada olan dörd maşınlı ipəkçilik fabrikində 86 dəzgah və 142 sapeşmə maşını vardı. Cənubi Qafqazdan xarici ölkələrə ixrac edilən ipəyin 90%-ni Azərbaycan verirdi. Amerika sortlu pambıq toxumu Azərbaycana XIX əsrin ikinci yarısında gətirilmişdi. 1900-cü ildə Gəncədə 35-ə yaxın pambıqtəmizləmə zavodu vardı. Pambıqtəmizləmə zavodları nəqliyyat işləri asan olsun deyə, stansiyalara yaxın yerlərdə yaradılırdı. Çox zaman bunlardan kiçik olanlarının yerini dəyişdirirdilər.
Şamaxı, Göyçay, Kürdəmir, Şuşa, Gəncə, Naxçıvan, Ordubad və Azərbaycanın başqa qəzaları dadlı üzümləri ilə şərabçılığın mərkəzi sayılırdı. 1872-1879-cu illər arasında Gəncədə 380,3 min vedrə şərab istehsal edilmişdi. Bu illərdən sonra Gəncədə və başqa qəzalarda bu göstərici iki dəfədən çox artmışdı. 1897-ci ildə Cənubi Qafqazda istehsal olunan şərabın 25,3%-i Azərbaycanın payına düşürdü. Şərab ixracatında birinci yeri Gəncə, ikinci yeri Tiflis, üçüncü yeri Kürdəmir tuturdu. 1885-ci ildə Gəncədən 173,7 min vedrə, 1894-cü ildə isə 483 min vedrə şərab ixrac edilmişdi.
1872-ci ildə Gəncədə araq istehsal edən 3624 emalatxana vardı. Bunların illik istehsalı 75.000 vedrə idi. Bu, 91,6 min manat pul demək idi. Tut arağının istehsalına görə Gəncə birinci yerdə gedirdi. 1893-cü ildə Cənubi Qafqazdan ixrac edilən spirtli içkilərin miqdarı, idxal edilən spirtli içkilərin miqdarından 2023,1 min vedrə çox idi. Gəncədə Yelenendorf alman koloniyasında Forer qardaşlarının istehsal etdikləri konyak XIX London yarmarkasında qızıl medal qazanmışdı. Bu firmanın şərabları da daxili və xarici bazarlarda çox yaxşı qiymətə satılırdı. Bu firma Azərbaycanda ilk dəfə olaraq pivə istehsal edən müəssisə yaratmışdı.
1886-cı ildə Bakıda bir ildə 372 min manatlıq un üyüdən buxar maşınlı dəyirman vardı. 1899-cu ildə isə ildə bir milyon yarım manatlıq un üyüdən 28 buxar maşınlı dəyirman fəaliyyət göstərirdi. Bundan əlavə, 1,9 milyon manatlıq çəltik təmizləyən altı düyü fabriki mövcud idi. 1897-ci ildə Gəncədə üç buxar maşını ilə işləyən un dəyirmanı vardı. 1891-ci ildə Bakıda illik istehsalı 660,1 min manata çatan dörd tütün fabriki fəaliyyət göstərirdi. Bundan başqa Gəncədə üç tütün fabriki işləyirdi. 1899-cu ildə tütün fabriklərinin istehsalı 1,2 mln. manata çatmışdı. Tənbəki fabriklərinin ikisi Şamaxıda, üçü isə Nuxada yerləşirdi. 1898-ci ildə illik istehsalları 12,325 pud idi. Cənubi Qafqazın tənbəki fabrikləri ancaq Azərbaycanda yerləşirdi. Sənayedə inşaatda istifadə olunan keramika, daş karxanaları, daşyonan emalatxanalar inkişaf edərək bir ölkənin ehtiyacını ödəyəcək qədər artmışdı. Sement zavodunun inşası üçün Lənkəranda anonim şirkət yaradılmışdı. Kapital qoyuluşu bir milyon yarım manat idi. Bu ºirkət tikintidə istifadə olunacaq hazır beton materialı da hazırlayırdı.
Neft Rusiyaya sistern vaqonlarla, dənizdə gəmilərlə Həştərxan yolu ilə daşınırdı. Bakı-Batumi dəmir yolu Qərb ilə Şərq ölkələri arasında bir tranzit yolu rolunu oynadığından, nəqliyyatın, ticarətin həcminin artması Bakı limanının yaradılmasına səbəb olmuş və bunun nəticəsində nəqliyyat daha da inkişaf etmişdi. Buna bir misal çəkmək faydalı olardı. Qərbi Avropaya, Amerikaya, İrana, Əfqanıstana və Türküstana tranzit yüklərin daşınması üçün Bakıda mövcud olan ticarət müəssisələri bürosu bunlardır: "Batumi, Novorossiysk, Odessa, Poti, Feodosiya, Vladivistok, Arxangelsk, Rostov, London, Liverpul, Nyu-York, Helsinki, İstanbul, Şanxay, Kopenhagen, Keniya və başqaları".
1899-cu ildə Xəzər dənizində 345 yelkənli gəmi çalışırdı. Bunlardan 133-ü buxarla hərəkət edən gəmilərdi. Buxarla işləyən gəmilərin ümumi tonnajı yelkənli gəmilərə nisbətən 55,8% idi. 1898-ci ildə Rusiya imperiyasının Azov dənizində, Qara dənizdə, Aralıq dənizində və Baltik dənizində olan yük gəmilərinin 40%-i Xəzər dənizində yerləşirdi. Beləliklə, açıq-aydın görürük ki, XIX əsrin dördüncü rübündə və XX əsrin ilk illərində Azərbaycan sənayesi Qərb üsulunda sənayeləşir, ticarəti inkişaf edir və türk xalqı tarixin bu keşməkeşinə sinə gərərək irəliləyirdi. Bu dövrün sosial, mədəni və siyasi xarakterini irəlidə ayrı bir bölmədə verəcəyik.
Bu dövrdə xanlıq zamanından qalma əl sənəti və toxuma işləri inkişaf edən yeni mühitdə asanlıqla müştəri tapdığı üçün daha da inkişaf edirdi. Xalçalar, xurcunlar, ipəkdən toxunma baş örtükləri və başqa əl işləri, kəndlərdən şəhərlərə, şəhərlərdən də böyük ticarət mərkəzlərinə göndərilir və fabrikdə istehsal olunan mallarla bir sırada satılırdı. Bu satış Azərbaycanda əl sənətini incəsənət yönündən təkmilləşdirirdi. Quba, Şuşa, Cəbrayıl, Gəncə və Bakı xalçaları xarici bazarlarda ad qazanmışdı. Qubada xalça toxuyan qadınların sayı otuz minə yaxın idi. Təkcə Xaçmaz stansiyasından ildə 300.000 manatlıq xalça ixrac edilirdi. Şuşa, Cavanşir, Zəngəzur qəzalarında xalça toxumaqla 100.000 nəfər məşğul olurdu. "Qarabağ" adlanan, müxtəlif növü olan, öz solmaz rəngləri və gözəlliyi ilə dünyaya səs salan xalçaların ticarət mərkəzi Şuşa şəhəri idi.