“İğtişaşlar yaratmaq müəyyən dairələrin marağına xidmət edir” Hadisə

“İğtişaşlar yaratmaq müəyyən dairələrin marağına xidmət edir”

Elşən Manafov: "Azərbaycanın daxili işlərinə müdaxilə etmək istəyən qüvvələr var"

İyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.
Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.
Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Politoloq Elşən Manafov deyib ki, Gəncə hadisələri terror aktıdır. Onun sözlərinə görə, bu, dövlətçiliyə qarşı baş vermiş cinayət hadisəsidir: "Əgər hadisəni həyata keçirən şəxslər başqa ölkələrin xüsusi xidmət orqanları ilə bağlıdırsa, bu, yalnız terror hadisəsi deyil, həm cəsusluqdur, ölkəni parçalamağa cəhddir. Eyni zamanda, bunu Cənubi Qafqazda öz mövqelərini gücləndirən və beynəlxalq aləmdə nüfuz sahibi olan dövlətə qarşı müəyyən dairələrin həyata keçirtmək istədiyi terror hadisəsi kimi qiymətləndirmək lazımdır. Bunun arxasında geopolitik maraqların olması istisna edilmir. Çünki Azərbaycan bu gün təkcə Cənubi Qafqazda deyil, həm də, dünyada nüfuz sahibi olan dövlətdir. Böyük dövlətlərin Azərbaycana etimadı var. Danışıqlar məkanı kimi də Bakının seçilməsi Azərbaycan dövlətinə, onun rəhbərinə böyük güclərin etimadı kimi dəyərləndirilməlidir. Ancaq Azərbaycandakı sabitlik və inkişaf bəzi qüvvələrin marağında deyil. Ona görə də sabitliyi pozmaq, iqtidara qarşı iğtişaşlar yaratmaq müəyyən dairələrin marağına xidmət edir. Bu mənada Azərbaycanda insan haqlarının pozulmasını qabardıb, daxili işlərinə müdaxilə etmək istəyən qüvvələr var. Bütün hallarda bu səpkidə hadisələrin Azərbaycanda baş verməsi üçün sosial baza yoxdur".
Millət vəkili Elman Məmmədov bildirib ki, Azərbaycana qarşı xaricdə müəyyən mərkəzlərdən qurulub idarə olunan və daxildə anti-milli ünsürlər tərəfindən həyata keçirilməyə çalışılan bu kampaniyaların heç biri bu günə qədər də onlara bir uğur qazandırmayıb və bundan sonra da mümkün olmayacaq. Onun sözlərinə görə, Azərbaycan xalqı, dövləti bu sınaqlardan dəfələrlə üzü ağ və qalib çıxıb: "Azərbaycan dövlətinə, dövlətçiliyinə, xalqına qarşı bu təxribatları hazırlayanlar, törətməyə çalışanlar həmişə xar və məyus olublar. Çünki Azərbaycanda çox sınaqlardan çıxmış güclü, möhkəm xalq-iqtidar birliyi var. Azərbaycan xalqı öz hökumətinə, dövlət başçısına, iqtidarına inanır. Azərbaycanda dayanıqlı daxili stabillik, sabitlik yaranıb. Ölkəmiz iqtisadi sahədə və həyatın, cəmiyyətin bütün sahələrində uğurlar, qələbələr qazanıb. Azərbaycanın beynəlxalq aləmdə nüfuzu günü-gündən durmadan yüksəlir.
Dövlətimiz güclü ordu qurub. Eləcə də ölkəmiz özünün haqlı olduğunu, düz siyasət yürütdüyünü sübut edib. Ona görə də xaricdən Azərbaycana qarşı düşmənçilik mövqeyi ilə qurulub fəaliyyət göstərən, Azərbaycan daxilində müəyyən tör-töküntülərə istinad edən o qüvvələr həmişə iflasa uğrayıblar. Təbii ki, bu bundan sonra da belə olacaq. Çünki Azərbaycan dövlətində bütün siyasət ölkəmizin inkişafına, xalqın əmin-amanlığına, təhlükəsizliyinə qulluq edir".
İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov deyib ki, Azərbaycan dövlətinin güclü olması xaricdə olan bəzi qüvvələri çox narahat edir. Fond sədri bildirib ki, bu gün Azərbaycan dövlətinin əldə etdiyi uğurlara qısqanclıq hissi ilə yanaşan qüvvələr var: "Ümumiyyətlə, kənardan gələ biləcək təhdidlərə qarşı Azərbaycan dövləti öz immunitetini formalaşdırıb. Son narahatverici məqamlardan biri də din pərdəsi altında ayrı-ayrı pozucu qrupların Azərbaycan dövlətinə qarşı təhdid cəhdləri və bəzi qonşu dövlətlərin bu prosesdə aktiv iştirak etməsidir. Ancaq Azərbaycan dövləti və xalqı olaraq bu proseslərdən narahat olmağımıza ehtiyac yoxdur. Birinci növbədə bizim oturuşmuş güclü dövlətimiz var və özünü müdafiə etmək bacarığına sahib hüquq mühafizə orqanlarımız mövcuddur. Artıq biz ötən əsrin 90-cı illərində yaşamırıq, yəni ordumuz, dövlətimiz yeni-yeni qurulmur. Bu gün tam oturuşmuş bir sistem var və hüquq mühafizə orqanları da kiminlə necə mübarizə aparacağını çox yaxşı bilir. Digər tərəfdən isə demək olar ki, Azərbaycanı Suriyaya çevirmək istəyən qüvvələr mövcuddur. Bu baxımdan birinci növbədə, dövlət bununla ciddi mübarizə aparmalıdır. İkinci növbədə, biz xalq olaraq, vətəndaşlar olaraq dövlətimizə bu məsələdə ciddi dəstəyimizi verməliyik. Son Gəncə, Sumqayıt hadisələrində də gördük ki, xalq dövlətin yanındadır. Dövlət öz üzərinə düşən vəzifə və öhdəliklərini yerinə yetirmək gücündədir. Ona görə də, həm dövlət, həm də xalq olaraq bu proseslərin öhdəsindən gəlmək qüdrətindəyik, bacarığındayıq. Bir sözlə, Azərbaycanı Suriyaya, Liviyaya çevirmək istəyən qüvvələrin arzusu ürəyində qalacaq. Bu dövləti müdafiə etmək və gələcək nəsillərə sağlam, sakit, əmin-aman bir dövlət olaraq ötürə bilmək üçün xalq dövlətin yanında olmalıdır, necə ki, var".
Media və Mülki Cəmiyyət İctimai Birliyinin sədri, "İlkxeber.org" saytının baş redaktoru Xanoğlan Əhmədov isə Gəncə hadisələri ilə bağlı bəzi saytların fəaliyyətinə toxunub. O deyib ki, hazırda Azərbaycanda sosial şəbəkə istifadəçilərinin sayı bir neçə milyona çatır: "Bu sosial şəbəkələrdən təkcə Azərbaycan insanı deyil, düşmən qüvvələr də istifadə edirlər.Təəssüf ki, Gəncədə baş verən son hadisələr zamanı bəzi saytlarda və sosial şəbəkələrdə bir sıra neqativ hallar baş verdi, əhali arasında çaşqınlıq yaradan yalan, böhtan və şantaj xarakterli xəbərlər, məlumatlar dərc edildi. Həmin saytlar vasitəsi ilə yayılan xəbərlərdə əhali arasında çaşqınlıq yaratmaq, dövlətin nüfuzuna kölgə salmaq, aşağılamaq cəhdi aydın hiss edilirdi. Bu məlumatların qərəzsiz yazıldığını düşünsəydik, bəlkə də saytlarda gündəlik müşahidə olunan obyektiv nöqsanlardan biri hesab etmək olardı. Ancaq bu məlumatların kənardan müadaxilə nəticəsində məqsədli və planlı şəkildə yazıldığına da müəyyən şübhələr vardı. Mətbuat Şurasının tədbirində də çox haqlı olaraq bəzi internet informasiya resursları və sosial şəbəkə profillərinin özlərinə sərfəli fikir və düşüncələri bir növ, fakt kimi təqdim edilərək cəmiyyətdə çaşqınlıq yaratmaq yolu tutanlar pislənildi. Doğrudur, Gəncə hadisələri zamanı insanları hakimiyyətə qarşı qaldırmaq cəhdlərinin, din pərdəsi altında iğtişaşlar yaradaraq Azərbaycanın nüfuzunu ləkələmək istəklərinin şahidi olsaq da, bu qüvvələr öz çirkin niyyətlərinə çata bilmədilər.Yəni Azərbaycanda xaos yaratmaq, ölkəni vətəndaş müharibəsinə sürükləmək cəhdləri iflasa uğradı...".
Onun sözlərinə görə, bu resursların Azərbaycandakı radikal dindarlarla əlaqələri və onlara təsir imkanları var: "Azərbaycanı sevməyən qüvvələrin, düşmənlərimizin belə bir niyytəti ola bilər. Ancaq buna qarşı ictimaiyyətin olduqca sərt reaksiyası var. Biz bunu vətəndaşlarımızın Gəncə hadisələrinə münasibətində əyani şəkildə gördük. Xarici təsirlərin ifşa olunmasında, vətəndaşlara obyektiv məlumatların çatdırılmasında mətbuat nümayəndələrinin rolu böyükdür. Mən hesab edirəm ki, sizin eyham vurduğunuz resursların Azərbaycandakı radikal dindarlarla əlaqələri üçün ölkəmizdə münbit şərait yoxdur. Bu səbəbdən onlara təsir imkanlarının olduğuna inanmıram. Son Gəncə hadisələri, Sumqayıtla bağlı çağırışlar onu göstərdi ki, Azərbaycanda sabitliyi pozmağa yönəlik hər hansı təxribatlar, təhlükələr ictimai rəyə mənfi təsir göstərə bilməz. Azərbaycana qarşı təhlükələr həmişə olub. Yəni, Azərbaycan gücləndikcə ölkəmizə qarşı təhdidlər, informasiya müstəvisindəki təxribatlar atrır. Xüsusilə, indiki müharibə şəraitində bunu açıq şəkldə sezmək mümkündür. Ölkə vətəndaşları kimi media ictimaiyyəti də bu cür təhlükələrə qarşı ayıq olmalıyıq, anti-Azərbaycan təbliğatının ifşasına qətiyyətli mövqe nümayiş etdirməliyik. Azərbaycan mətbuatını təmsil edənlər də bu xalqın nümayəndələridir. Vicdanlı media nümayəndələri gələcəyimizi düşünən, dövlətinə, Vətəninə bağlı olan insanlardır. Azərbaycanın gələcəyindən narahat olan insanlar gərək öz işlərini düzgün qursunlar ki, informasiya müharibəsində geridə qalmayaq, təxribatçı qüvvələrin ifşa edilməsi üçün bütün mümkün vasitələrdən istifadə edək".