Təbriz və Moskvadan narkotik gətirilməsinin qarşısı alınıb Hadisə

Təbriz və Moskvadan narkotik gətirilməsinin qarşısı alınıb

Azərbaycan gömrükçüləri ölkəyə gizli yolla narkotik vasitələri gətirən şəxsləri aşkarlayıblar. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanında saxlanılmış Naxçıvan-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşı Talıbov Şahin Məhəmmədəli oğlunun üzərindən 160,490 qram heroin aşkar olunub.
İbtidai istintaqla müəyyən edilib ki, Ş.Talıbov İranın Təbriz şəhərində istintaqla müəyyən edilməmiş mənbədən külli miqdarda - 160,490 qram heroin narkotik vasitəsini satış məqsədilə qanunsuz olaraq əldə edib. Narkotik vasitəni 86,200 qramlıq və 74,290 qramlıq 2 ədəd şəffaf sellofan kəsiyi bükümündə qablaşdırıb saxlayıb, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə ayaqlarına geyindiyi corabların içərisində, ayaqlarının altında yerləşdirərək Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən gizli yolla keçirib.
Ş.Talıbov Azərbaycan Cinayət Məcəlləsinin 206.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi toplanmış sübutlarla kifayət qədər təsdiq edildiyindən, şübhəli şəxs qismində tutulub. Təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 206.2 və 234.43-cü maddələri ilə ona ittiham elan olunub.
Bakı-Moskva aviareysi ilə getmək istəyən digər Azərbaycan vətəndaşı Əliyev Camal Eldar oğlunun əl yükünə baxış zamanı çantada olan 1 ədəd sellofan paketin içərisindən cəmi 12 konvalyutdan 60 ədəd üzərində "Methadone 5mg" sözləri yazılmış ampulalar aşkar olunub. Qeyd olunan əşyalar bioloji və fiziki-kimyəvi ekspertizadan keçirilməsi üçün Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə göndərilib. Ekspert arayışına əsasən, tədqiqata təqdim olunmuş ampulaların şəffaf rəngsiz maye - metadon adlı dərman preparatı olduğu bildirilib.
Qeyd edək ki, metadon adlı dərman preparatları "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in 2-ci siyahısına daxildir. Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.