Atəşkəs 37 dəfə pozuldu Hadisə

Atəşkəs 37 dəfə pozuldu

İki hərbçimiz yaralanıb

Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 37 dəfə pozulub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, erməni silahlı bölmələri dünən gecə Ermənistan Respublikasının İcevan rayonunun Berkaber kəndində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı kəndində, Berd rayonunun Mosesqex və Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Ağdam kəndində yerləşən mövqelərimizi atəşə tutub.
Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimiz də atəşə məruz qalıb.
Ağdam rayonunun Mərzili, Yusifcanlı, Şurabad, Nəmirli, Baş Qərvənd, Füzuli rayonunun Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Tərtər rayonunun Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino, Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri yaxınlığında, Cəbrayıl və Göygöl rayonlarının ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub.
Düşmən cavab atəşi ilə susdurulub.
Qeyd edək ki, ermənilərin atəşkəsi pozması nəticəsində Azərbayca Ordusunun iki hərbçisi yaralanıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 3-ü axşam saatlarında düşmənin atəşkəsi pozması nəticəsində, 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlu yaralanıb, vəziyyəti kafidir.
İyulun 4-ü gecə saatlarında isə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu yaralanıb, vəziyyəti sabit-ağırdır.