Təkrar həbsxana həyatı nədən qaynaqlanır? Hadisə

Təkrar həbsxana həyatı nədən qaynaqlanır?

Məhkumların həbsdən azad olunduqdan sonrakı həyatının uğurlu olmasını şərtləndirən amillər müstəsna əhəmiyyət kəsb edir. Bu onların adaptasiya prosesini necə keçmələri, cəmiyyətin yanaşma tərzi, eyni zamanda, işəgötürənlərin onlara olan münasibətindən asılıdır. Əgər azadlığa çıxan məhkum lazım olan diqqəti, mənəvi-psixoloji yardımı, həmçinin sosial və hüquqi dəstəyi görmürsə, o zaman onun yenidən həbsxana həyatı yaşaması qaçılmazdır. Belə olduğu halda təkcə həmin məhkumun həyatı korlanmır, eyni zamanda, bu, onun ailə üzvlərinə də təsir edir. Beləliklə itirən həm də Azərbaycan cəmiyyəti və dövləti olur.
Qeyd edək ki, həbsdən azad olunan şəxsə qeyri-adekvat münasibət göstərilməsi qanunaziddir. Bu cür addımlar cəmiyyətə zərər verməklə yanaşı, eyni zamanda, vətəndaşın hüquqlarının pozulması deməkdir.

Qanun nə deyir?

Hüquqşünas Alim Hüseynli bildirib ki, "Pentenisiar müəssisələrdə cəza çəkmədən azad olunmuş şəxslərin sosial həyata adaptasiyası haqqında" Qanun var və burada bu cəza çəkmədən azad edilmiş şəxslərə sosial yardım göstərilməsinin hüquqi, təşkilati prinsiplərini və əsas istiqamətlərini, habelə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətlərini müəyyən edir: "Həmin qanunun 11-ci maddəsinə əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən cəza çəkməkdən azad edilmiş şəxslərin peşə hazırlığı işinin təşkili, onların işlə təmin edilməsi sahəsində tədbirləri müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.
11.2. Cəza çəkməkdən azad edilmiş himayəsində 14 yaşadək uşağı olan tənha qadınların məşğulluğunun təmin edilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təxirə salınmadan həyata keçirilir.
Bundan başqa, "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşlar kateqoriyaları sırasına cəzaçəkmə yerlərindən azad edilmiş şəxslər də daxildir".
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov isə bildirib ki, "Məhkumluğunu başa vurmuş şəxslərin sosial adaptasiyası" haqda qanun var. Onun sözlərinə görə, bu qanun keçmiş məhbuslar üçün müvafiq infrastruktur sahələri yaratmağı, dövlət tərəfindən onlara yardım göstərməyi tələb edir: "Doğrudur, keçmiş məhkumlar müəyyən vəsaiti ala bilirlər. Amma bir sıra məhkumlar var ki, həbsxanadan birbaşa küçəyə çıxırlar. Nə yerləri olur, nə də müvafiq daldalanacaqları. Həmin qanuna görə, müvafiq yataqxanalar tikilməli idi. O müzakirələr neçə müddətdir davam etsə də, ortada hər hansı nəticə yoxdur". O hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu mərkəzləri tikməklə yanaşı, paralel nəzərdə tutulan başqa tədbirləri də həyata keçirməli idi: "Məşğulluq məsələsi çox vacibdir. Kriminal keçmişi olan şəxsləri heç kim işə götürmək istəmir. Kriminal keçmişi olan şəxslərin əməyindən istifadə, peşə yönümünün artırılması da bu qəbildəndir. Bəzi məhkumlar çarəsizlikdən türməyə qayıdır. Oğurluğa görə tutulubsa, çıxandan sonra da oğurluq edir. Tutaq ki, nə işi var, nə də evi. O adam təbii ki, yenidən cinayət əməlinə əl atır. Türmədəkilərin 60 faizi evdən sovqat ala bilmir. Türmədə verilən qida, dərmanları həyatını davam etdirə bilir".
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Təminat Xidməti fəaliyyət göstərir ki, bu qurum əhalinin aztəminatlı təbəqələrinin, tək, ahıl vətəndaşların, sosial reabilitasiyaya xüsusi ehtiyacı olan şəxslərin sosial müdafiəsi tədbirlərini həyata keçirir. Xidmət əhalinin sosial müdafiəsi sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasında iştirak edir, əhalinin sosial müdafiəsi siyasətinin həyata keçirilməsini təmin edir, öz səlahiyyətləri daxilində yetkinlik yaşına çatmayanların baxımsızlığının profilaktikasını, insan alveri qurbanlarının və penitensiar müəssisələrdə cəza çəkmədən azad edilmiş şəxslərin sosial adaptasiyasını reallaşdırır.


Fərqli münasibət nədən qaynaqlanır?


Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Komitəsinin sədri Novella Cəfəroglu da hesab edir ki, keçmiş məhbuslara qarşı cəmiyyətdə fərqli münasibət var: "Məhkumlar əvvəlcə cəzaçəkmə müəssisələrində adaptasiya olunmalıdır. Bu onların cəzadan sonrakı həyatlarında, yaşamalarında, cəmiyyətdə özlərinə yer qazanmalarında yardımçı ola bilər. Keçmiş məhbuslara cəmiyyət və vətəndaşlar özlərində sığınacaq verməlidirlər. Çox vaxt onları qorxduqlarına görə işə götürmürlər ki, bu da məhkum həyatı yaşamış insanların psixikasına təsir göstərir. Onlar cəmiyyətdə özlərinə yer tapa bilməyəndə yenidən hansısa cinayəti törətməyə meyilli olurlar. Bu problemin aradan qaldırılması üçün kompleks tədbirlərin görülməsinə hələ də ehtiyac var".
Konstitusiya Araşdırmalar Fondunun rəhbəri, Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev isə deyib ki, ölkədə məhkum olunmuş şəxslərə münasibət birmənalı deyil. O bildirib ki, cəmiyyətimizdə məhkum olunmuş şəxslərə münasibət qeyri-adekvatdır: "Onları cəmiyyətin itirilmiş üzvləri kimi qiymətləndirirlər. Məhkum azadlığa çıxandan sonra birinci növbədə qohum-əqrəba ondan üz döndərir. Xüsusilə də bu qadındırsa, onun üzərindən xətt çəkilir. İkincisi, sosial maneələrdir. Azadlığa çıxan şəxs iş tapmaqla bağlı xeyli çətinliklər çəkir. Bir çox hallarda yenidən iş tapmamaq onları cinayət etməyə təhrik edir. Çünki məhkum olunmuş şəxslərin işə götürülməsindən hər kəs imtina edir. Çox az, təsadüfi hallarda keçmiş məhkumu işə götürürlər. Baxmayaraq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq idarəsi bununla bağlı müəyyən işlər görməyə cəhd edir. Amma bir qayda olaraq onları işə götürmürlər. Özəl sektor ümumiyyətlə məhkum olunmuş şəxslərlə əlaqədə olmağı xoşlamır. Bu da həmin şəxslərin yenidən cinayət etməsi imkanlarını daha da genişləndirir. Çünki onlar nə cürsə yaşamalıdır. Əgər yaşamaq imkanları məhduddursa, yaşamaq üçün zəruri olan imkanlar yoxdursa, həmin şəxs nə etməlidir?"
Ə.Nuriyev qeyd edir ki, məhkumların yenidən həbsxanalara qayıtmasını zəruri edən şərtlərdən biri də həbsxanalardakı təminat sistemidir: "Çünki həbsxanada qida ilə, yaşayış yeri ilə təmin etmə kimi imkanlar var". Onun sözlərinə görə, daha bir problem cəza çəkdikləri dönəmdə zəruri ixtisaslara yiyələnmək imkanlarının yetərli olmamasıdır: "Cəmiyyət daim dəyişir. İndi daha çox tələb olunan ixtisaslar var. Ancaq bu gün cəzaçəkmə müəssisələrində bununla bağlı geniş tədbirlər həyata keçirmək mümkün deyil. Bu gün onlara ənənəvi ixtisaslar öyrədilir: çilingər, xarrat, elektrik quraşdırıcısı və s. Bu məsələ Penitensiar Xidmətin səlahiyyətində deyil. Ancaq xidmətdə məhkumların yeni peşələrə yiyələnməsinə çalışılır. Biz həmişə deyirdik ki, Nazirliyin cəzaçəkmə müəssisələrində məşğulluğun artırılması ilə bağlı vahid proqramı olsa, yaxşı olar. Əgər bu mümkün olsa, həm məhkumların işlə təmin olunaması, həm də yeni peşələrə yiyələnməsi baş verəcək. Belə olan halda məhkumlar daha tez islah olunurlar. Məhkumların əsas problemlərindən biri yaşayış yerləri ilə bağlıdır. Bilirsiniz ki, 2007-ci ildə azadlığa çıxan şəxslərin cəmiyyətə adaptasiyası ilə bağlı qanun qəbul edilib".
Sosioloq Əhməd Qəşəmoğlu isə diqqətə çatdırıb ki, bu istiqamətdə əsas yük Penitensiar Xidmətin üzərinə düşür və qurum bu sahəyə diqqət ayırmalıdır: "Düzdür, son vaxtlar cəzaçəkmə müəssisələrində müəyyən məhkumların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görülür, müasir, beynəlxalq standartlara uyğunlaşdırılıb. Amma məsələnin həssas tərəfi diqqətdən yayınıb. Azadlıqdan məhrum olunan şəxslər islah olmaq əvəzinə daha da kriminallaşırlar. Bu isə onların düşdüyü mühitlə bağlıdır. Daha yaxşı olar ki, ayrı-ayrı cinayətlər üzrə təqsirləndirilən məhbuslar eyni yerdə olmasınlar. Yaş fərqinə də fikir vermək lazımdır. 18 yaşlı bir gənclə 50 yaşlı cinayətkarın eyni mühitdə olması təhlükəli bir haldır. Elə adamlar var ki, 60 yaşı var və fasilələrlə ömrünün 20 ilini həbxsanada keçirib. 20 yaşlı gənc onun yanında necə islah olacaq. Təbii ki, onun tökdüklərini yığacaq və o da təkrar cinayətə meyilli olacaq. Hətta bəzi hallarda belə adamlar gəncləri qisas hissi ilə doldurur və azadlığa çıxan kimi yenidən cinayət törətməsinə rəvac verir. Bu baxımdan hesab edirəm ki, Penitensiar xidmət məhkumlara qarşı differensial yanaşma ortaya qoymalıdır. Digər tərəfdən də maarifləndirmə işi olduqca yüksək səviyyədə aparılmalıdır. Formal xarakterdə yox, ciddi psixoloji xidmət işi olmalıdır...
Penitensiar Xidmətdə çalışan insanlarla ünsiyyətim olduğu üçün həbsxanalardakı durum barədə bir xeyli məlumatlıyam. Bu sahədə xüsusi xidmət təşkil olunmalıdır. Biz azadlığa çıxan məhbusların bir kalona salınıb, bir ay sosial adaptasiya keçməsi mexanizminin formalaşmasını gözləməməliyik. Məhbuslar həbsxanada olduğu illərdə onları tədricən cəmiyyətə hazırlamalıyıq".

Əli Zülfüqaroğlu