Azərbaycan XX yüzilin əvvəllərində Hadisə

Azərbaycan XX yüzilin əvvəllərində

Hüseyn Baykara
1-ci yazı
Azərbaycan XX yüzilə yetişmiş bir xalq olaraq, özünün qüvvətli və savadlı ziyalı dəstəsi ilə qədəm qoyurdu. Siyasət meydanında özünü göstərə biləcək, Qərbin və Rusiyanın müxtəlif universitetlərində təhsil almış təcrübəli şəxslər olduğu kimi, ədib, şair, jurnalist, yazıçı, musiqiçi, müəllim və mədəni, sosial işlərin öhdəsindən, bank sahəsində çalışan burjua kapitalistləri də vardı. Bu mütəxəssislər Azərbaycan qarşısında milli, demokratik istiqamətdə borcunu yerinə yetirmək üçün əlverişli şərait gözləyirdilər. Azərbaycan xalqının görkəmli ziyalı dəstəsi belə bir dövrün gələcəyinə inanırdı.
Yaponlarla müharibədə rus imperiyasının məğlub olmasını azərlər sevinclə qarşıladılar. Ziyalılar vaxtı qabaqlamaqla bir şey əldə edə bilməyəcəklərini çox yaxşı başa düşür və yaşadıqları dövrü dəqiq qiymətləndirirdilər. 1905-ci ildə rus senzurası tərəfindən Məmmədağa Şahtaxtlının Tiflisdə nəşr etdirdiyi "Şərqi Rus" qəzeti qadağan olunduqdan sonra qəzetin mətbəəsini Bağırzadə adlı bir tacirin köməkliyilə C.Məmmədquluzadə ilə Ömər Faiq Nemanzadə almış və "Qeyrət" nəşriyyatı adlandırmışdılar.
***
"Qeyrət" nəşriyyatında ilk dəfə gizli surətdə Ömər Faiq Nemanzadənin "Dəvət" adlı 36 səhifəlik bəyannaməsi nəşr olunur. İkinci nəşr olunan kitab isə C.Məmmədquluzadənin "Poçt qutusu" adlı kitabıdır. Ö.F.Nemanzadə "Dəvət" adlı kitabında xalqa belə xitab edir: "Mərifətlilərin ayaqları altında heyvanlar kimi əzilməmək üçün qeyrət və hərəkətə gəlməyimiz lazımdır, labüddür. Bizim üçün istifadə və tərəqqi qapısı indi təbii ki, top, tüfəng, dinamitlə açılmaz. Onlar "bu halda" bizim heç bir işimizə yarıya bilməzlər. Biz bu gün hər xahişin, hər arzunun, hər fikrin anası və kökü olan maarifin, mətbuatın yeganə bir qüvvə olduğunu bilməliyik. Maarif və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri isə kitab və qəzetlərdir – mətbuatdır" ("Ədəbiyyat və incəsənət" qəzeti, № 28, 12 iul 1969-cu il, səh. 12. Sahib Rzayev. Bakı).
Ö.F.Nemanzadə bu bəyannaməni nəşr etdirdiyi zaman 1905-ci il inqilabından heç bir əsər-əlamət yox idi. Bəyannaməyə "Dəvət" adının qoyulması Azərbaycan xalqının və ziyalılarının o zamanki ictimai vəziyyətini açıqcasına göstərir. Bəyannamə olduqca cəsarətli, mübariz və inqilabi ruhda yazılmışdı.
Yeri gəlmişkən, bir məsələni də aydınlaşdırmaq istəyirəm. Azərbaycanın sosial, mədəni, siyasi inkişafını araşdıran sovet yazıçıları iddia edirlər ki, o zaman "Sosial-demokrat partiyası"nın Azərbaycana böyük təsiri olub, bu hərəkatda bolşeviklər əsas rol oynayıblar.
Elə zənn edirəm ki, bu məsələ barəsində mübahisə etmək bizi mövzumuzdan yayındıra bilər. Ona görə qısaca olaraq bildirmək istəyirəm ki, 1920-ci ildə Qızıl Ordu Azərbaycana gəlməzdən əvvəl bolşeviklərin heç bir təsiri və rolu olmamışdı. Tədqiqat əsasında bu məsələ asanlıqla aydınlaşdırılacaq.
1905-ci il fevralın 18-də çar Dövlət duması layihəsinin hazırlanmasına dair bəyanat verir. Azərbaycanın "Millət xadimləri" də (o zaman belə adlanırdı – H.B.) layihədə xalqının siyasi, sosial, mədəni, iqtisadi və başqa ehtiyaclarının nəzərə alınmasına çalışırdılar.
1905-ci il martın 5-də Bakı şəhər duması daxili işlər naziri Bulıginin qəbuluna nümayəndə heyəti göndərmək qərarına gəlir. Bakı şəhəri daxil olmaqla, Qafqazın bütün şəhərlərindən seçilmiş nümayəndələr Peterburqa getməli və Bulıginin rəhbərliyi altında "xalq nümayəndəliyi" məsələsini həll etməli idilər. 1905-ci il martın 15-də ziyalılar Azərbaycanın tanınmış milyonçularından olan Hacı Zeynalabdin Tağıyevin evində yığıncaq keçirirlər. Bu yığıncaqda qərara alınır ki, Qafqazda vaxtı çoxdan çatmış islahat aparılması üçün Rusiyanın hökümətinə ərizə göndərsinlər. Ərizəni Peterburqa aparmaq üçün bütün Qafqaz xalqlarından nümayəndə heyəti seçilməsinin zəruri olduğu müdafiə olundu. Bu məqsədlə nümayəndələrin seçilməsi üçün Tiflis, Yerevan, Naxçıvan, Lənkəran, Quba, Şamaxı, Gəncə, Şuşa, Göyçay, Salyan, Nuxa, Qazax, Dərbənd, Teymurxan-Şura və başqa şəhərlərə teleqramlar göndərildi. Bakı şəhərini Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağayev, Şəmsi Əsədullayev, Atakişi Əliyev, Nəcəfqulu Sadıqov və başqaları təmsil edirdilər.
Bu ərizə sadəcə tələblərdən ibarət olmayıb "Ümumi milli haqq istəyi" şəklində əsaslandırılmış uzun və memorandum mahiyyətində yazılmışdı. Layihənin hazırlanmasında Fərrux bəy Vəzirov, Əlimərdan bəy Topçubaşov və Əhməd bəy Ağayevin çox böyük rolu olmuşdu. Layihədə göstərilirdi ki, müsəlmanların həyatı cəmiyyətdə olduğu kimi iqtisadiyyatda da sıxışdırılmışdı. Şəhər məclisinə nümayəndələr seçkisinə məhdudiyyətlər qoyulmuşdu. Mülki və hərbi idarələrdə yüksək vəzifələrdə çaşılmalarına, orta və ya ali təhsilli müsəlmanların arzu etdikləri sənəti seçmələrinə, pedaqoji sahədə çalışmalarına, müsəlman olan tələbələrin dövlət təqaüdündən istifadə edə bilmələrinə icazə verilmir. Rus tacirlərinə verilən hüquqlar türk tacirlərinə verilməmişdi. Uşaqların ana dilində təhsil almalarına izn verilmir. Ana dilində qəzet, jurnal, kitab nəşr etdirmək hüququndan məhrum olmaq və başqa bu kimi istəklər öz əksini tapmışdı.
Ərizədə 1864-cü ildə Qafqaz üçün hazırlanan məhkəmə quruluşu nizamnaməsinin artıq zamanın tələblərinə cavab vermədiyi göstərilirdi. Qeyd olunurdu ki, müsəlmanların adət və ənənələrini yaxşı bilən hakimlər, o cümlədən mülki işlər üzrə hakimlər yerli adamlardan seçki yolu ilə seçilsin. Ərizədə Qafqazda yerli idarələrin yaradılması və bu idarələrin tam mənasında inzibati idarənin müdaxiləsi olmadan müstəqil olması, müsəlman xalqı üçün yerli idarədə heç bir məhdudiyyət qoyulmaması, Qafqaz müsəlmanlarına şəxsiyyət və ərazi toxunulmazlığı, fikir, söz, mətbuat azadlığı verilməsi və bunlara qarşı duran bütün qanunların ləğv edilməsi tələb olunurdu.
Layihədə kəndli məsələsinə də toxunulurdu. Torpaqsız və az torpaqları kəndlilərə torpaq verilməsi və vergilərin yerli şəraitə görə ədalətli olaraq təyin edilməsini istəyən azəri ziyalılar hansı torpaqların paylanması və nə miqdarda verilməsini də göstərirdilər. Kəndlilərin həyat şəraitinin yaxşılaşdırılması və yüksəldilməsi məsələsi üzərində israrla dururdular.
Peterburqa Kazan, Ural, Krım türklərindən də belə ərizələr göndərilmişdi. Onlar da milli mədəniyyətə, dilə, adət və ənənələrə, xüsusilə dinə qarşı olan təzyiqlərin tezliklə aradan götürülməsini tələb edirdilər.
1905-ci ilin bahar və yay aylarında Bakıda başlanan milli hərəkat, Azərbaycanın digər şəhərlərinə də yayıldı. Çar idarəsinin qoyduğu məhdudiyyətlərə baxmayaraq Gəncə bələdiyyəsinə seçkilər zamanı 55 nümayəndə seçilmişdi. Bu seçkilər çar idarəsi tərəfindən təsdiq olunmasa da milliyyətcə türk olan 55 nümayəndənin iştirakı ilə bələdiyyənin iclası davam etdirilirdi.
Gəncə yaxınlığındakı Hacıkənddə keçirilən iclasda Əlimərdan bəy Topçubaşov Qafqaz müsəlmanları ilə Azərbaycan türklərinin siyasi, sosial, iqtisadi ehtiyaclarını anlatdıqdan sonra, yerli və müstəqil bələdiyyə, vilayət məclisi, kənd idarə heyətlərinin yaradılması zərurətini izah etdi. İclasda qərara alındı ki, Gəncə qəzasında və vilayət mərkəzində yaradılması nəzərdə tutulan müstəqil yerli idarələr haqqında xalqa məlumat vermək üçün yığıncaqlar keçirilsin. Yığıncaqların təşkil olunması Adilxan Ziyadxanov, Ələkbər bəy Rəfibəyov, Ələkbər bəy Xasməmmədov və Cahangirxan Xoyskiyə həvalə olundu. Bundan başqa Ə.Topçubaşov, A.Ziyadxanov və Ə.Xasməmmədovdan ibarət üç nəfərlik heyət seçildi. Onlara Gəncə bələdiyyəsinə aparılan seçkiləri təsdiq etdirmək, müsəlmanların yerli idarələrə seçkisindəki hüquqi məhdudiyyətləri haqqında qanun dəyişdirilincəyə qədər yeni seçkilərin dayandırılması üçün rus idarələrində çalışan vəzifəli şəxslər qarşısında təşəbbüs qaldırılması tapşırılır.
1905-ci il aprelin 2-də Bakı şəhərindən göndərilən nümayəndələri (Topçubaşov daxil olmaqla) daxili işlər naziri Bulıgin Peterburqda qəbul edir. Nazir nümayəndə heyətinə söz verir ki, Qafqaz xalqının yerli seçkilər hüququna qoyulan məhdudiyyət məsələsinə tezliklə baxılacaq. Nümayəndə heyəti nazirdən rus xalqı üçün aparılacaq islahatda Qafqaz xalqlarının da arzu və istəklərinin nəzərə alınmasını və bu yığıncaqda onların da nümayəndəsinin iştirak etməsini xahiş edir.
Bu zaman Azərbaycan mətbuatında xalqı oyanışa, birləşməyə çağıran yazılar dərc olunur, bu inqilabdan haqq və hüquq mübarizəsində mümkün qədər çox şey əldə etmək lazım olduğu fikri irəli sürülürdü. Əlibəy Hüseynzadənin nəşr etdiyi "Həyat" qəzeti yazırdı: "Əgər biz irəliləmək və həyati varlığa sahib bir millət olmaq istəyiriksə, hər şeydən öncə müsəlman olaraq qalmalıyıq. Bizim mütərəqqi idealımız, həyatımızın yaxşılaşması istiqamətində olan arzumuz İslam qanunlarına bağlı olaraq əldə edilə bilər" ("Həyat" qəzeti, № 1, 7 iyun 1905-ci il).
"Kaspi" qəzetində isə Əhməd bəy Ağayev yazırdı: "Bütün bu cəmiyyət yalnız dini cəmiyyət olmayıb, eyni zamanda etnik bir varlıqdır. Çünki bizim Rusiya müsəlmanları çox az istisna ilə böyük türk-tatar irqinə mənsubdurlar" ("Kaspi" qəzeti, № 57, 30 mart 1905-ci il).

ŞİŞLİ–İSTANBUL
1975