Azərbaycanın tolerantlıq təcrübəsi dünyada təbliğ olunur Hadisə

Azərbaycanın tolerantlıq təcrübəsi dünyada təbliğ olunur

Etnik və dini tolerantlıq Azərbaycanda dövlət səviyyəsində təbliğ edilir və hökumət bütün dini və etnik azlıqlar üçün bərabər imkanları və bərabər hüquqları, o cümlədən dinc və rahat yaşamaq şəraitini təmin edir. Etnik azlıqlar doğma dildə təhsil hüququ da daxil olmaqla, azərbaycanlılarla bərabər bütün hüquqlardan sərbəst istifadə edirlər. Talışlar, avarlar, ləzgilər, ruslar, ukraynalılar, gürcülər, polyaklar və digərləri də daxil olmaqla, Azərbaycanda 40-dan çox azlıq və etnik qrup var. Şərqlə Qərbin kəsişməsində yerləşən Azərbaycan müsəlman azərbaycanlıların üstünlük təşkil etdiyi çoxmədəniyyətli bir cəmiyyətdir. Əsrlər boyu Azərbaycanda müxtəlif dinlərə mənsub xalqlar sülh və harmoniya şəraitində yaşayıb. Beynəlxalq Tolerantlıq Gününü qeyd etməklə Azərbaycan dünyanın beş ən tolerant ölkəsi sırasına daxil olub. Həm İslam, həm xristianlıq, həm də yəhudilik əsrlər boyu Azərbaycanda sülh şəraitində birgə mövcud olub.
Azərbaycanda din-dövlət münasibətləri, dini tolerantlıq və dinlərarası əməkdaşlıq, qarşılıqlı hörmət modeli xaricdə təqdim olunur. Xarici media orqanları bu məsləyə diqqətlə yanaşırlar. Bu da Azərbaycan dövlətinin apardığı uğurlu xarici siyasətin nəticəsidir. Eyni zamanda bu istiqamətdə müxtəlif təşkilatların fəaliyyətini də qeyd etmək lazımdır. Heydər Əliyev fondunun fəaliyyəti xüsusi vurğulanmalıdır. Bundan başqa bu istiqamətdə bir sıra uğurlu addımlar atan Diaspor Jurnalistlər Birliyinin fəaliyyəti də tədqirəlayiqdir.
Prezident İlham Əliyev dəfələrlə bu məsələyə toxunaraq qeyd edib ki, Azərbaycanda bütün xalqlar bir ailə kimi yaşayırlar: "Bu da bizim böyük üstünlüyümüzdür, böyük dəyərimizdir. Biz bunu qiymətləndirməliyik və ölkəmizdə yaşayan bütün xalqlar arasında bu qardaşlığı, dostluğu daha da möhkəmləndirməliyik...".
Azərbaycanın tolerant ölkə olması faktı bir çox xarici elm adamları, siyasətçilər, jurnalistlər və ictimai xadimlər tərəfindən tanınır. Bir çoxları təsdiqləyir ki, Azərbaycan dünyada etnik və dini tolerantlığın yaxşı bir nümunəsi kimi xidmət edə bilər:
Avropa Yəhudilər Parlamentinin (AYP) sədr müavini Tomer Orni: "Azərbaycana səfər edib film çəkərkən burada hər iki xalq arasında qarşılıqlı hörmət olduğunu gördüm. Azərbaycanda yaşayan bütün dinlərin nümayəndələri bir-birilərinin bayramlarını qeyd edirlər. Azərbaycanda icmalararası münasibətlər çox yüksək səviyyədədir. Gəldiyim qənaət isə budur ki, Azərbaycandan çox şeyləri öyrənmək olar".
AYP-nin həmsədri Joel Rubinfild: "Azərbaycanın tolerant ölkədir. Avropa və Rusiyada sonuncu yəhudi kəndi - Qırmızı qəsəbə məhz Azərbaycandadır".
Vatikan Dövlətinin mədəniyyət üzrə pontifik şurasının prezidenti, kardinal Canfranko Ravazi: "Doğrudan bir daha əmin oldum ki, Azərbaycan tolerant bir ölkədir. Ölkənizin ən ucqar bölgəsində xristianlığa aid belə bir tarixi abidənin qorunub saxlanması tarixə verdiyiniz əvəzsiz qiymətdir və buna görə sizlərə minnətdaram".
İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz: "Mən bir çox ölkələrdə diplomatik səfərlərdə oluram. Mən hələ Azərbaycan kimi tolerant ölkə görməmişəm. Azərbaycan bu sahədə dünya ölkələrinə uğurlu bir modeldir. Azərbaycanda təkcə yəhudilər deyil, digər xalqların nümayəndələri də min illərdir ki, dinc şəraitdə yaşayır, işləyirlər. Bu Azərbaycanın mədəni zənginliyi, ən böyük sərvətidir".
Böyük Britaniya Parlamentinin üzvü, Hərrou İst əyalətindən seçilmiş millət vəkili, Yerli Özünüidarə və Biznes Komitəsinin üzvü Bob Bləkman: "Öz milli və dini tolerantlığı ilə ad çıxarmayan Cənubi Qafqaz ölkələri arasında Azərbaycan tamam fərqli mövqeyə malikdir. Çünki bu ölkə bütün dini etiqadları və etnik azlıqları təşviq edir. Suriya, Yaxın Şərq və Şimali Afrikada radikal İslamın baş qaldırdığı, Misirdə isə xristianların təzyiq altında olduğu bir zamanda yaşayırıq. Xristian ölkəsi olan Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsinə baxmayaraq, Azərbaycandakı xristian və yəhudi icmalarının inkişafı üçün hər cür şərait yaradılıb. Bu, ölkənin dünyəvilik prinsiplərinə sadiqliyi yolundan dönməzliyinin bariz göstəricisidir".
Azərbaycan mövcud olan dərin tolerantlıq ənənələri barəsində ən müxtəlif ölkələrin mətbuatı məlumat verib, materiallar və reportajlar dərc edib. ABŞ, Misir, İordaniya, Pakistan, Rusiya, Ukrayna, Rumıniya, Fransa və bir çox adını çəkmədiyimiz ölkələrin mətbu orqanlarında bu mövzu ilə bağlı yazılar öz əksini tapıb. Biz sadəcə son günlərdə beynəlxalq mediada işıqlandırılmış bir-iki nümunə haqqında söhbət açacağıq.
Diaspor Jurnalistləri Birliyinin "Erməni vandalizminə qarşı Azərbaycan tolerantlığı" adlı növbəti məqaləsi bu günlərdə Pakistanın dövlət qəzeti "Daily Parliament Times"da nəşr olunub.
Yazıda bildirilib ki, bu gün Azərbaycanın dünyada məscid, kilsə və sinaqoqun üçünün bir arada olduğu, eləcə də müxtəlif dinlərin mənsublarının heç bir ayrı-seçkilik halı ilə qarşılaşmadıqları nadir ölkələrdən biri olduğu qeyd olunur: "Qubada avropalılara, hətta Avropa Şurasının prezidentinə 150 metr məsafədə məscid, kilsə və sinaqoqun yanaşı yerləşdiyini göstərəndə heyrətləniblər".
Bunun bariz nümunəsi 2002-ci ilin mayında Roma-katolik Kilsəsinin sabiq başçısı II İohann Pavelin Azərbaycana etdiyi tarixi səfəridir. Bakıda olarkən pontifik Azərbaycandakı tarixi dözümlülük ənənələrini xüsusi qeyd edib. Tarixi faktdır ki, Roma hakimiyyəti tərəfindən vaxtilə təqib olunan xristianlar məhz Azərbaycanda sığınacaq tapıblar".
Yazıda bildirilir ki, Azərbaycan dövləti tərəfindən yalnız İslama aid deyil, digər dinlərə məxsus abidələr də bərpa edilib qorunur: "Azərbaycan xalqının və dövlətinin tolerantlığa bu qədər həssas və ciddi yanaşması əslində təkcə keçmişinə hörmətindən deyil, həm də sağlam gələcək qurmaq istəyindən irəli gəlir. Çünki tolerantlıq prinsipləri bərqərar olmayan cəmiyyətdə dinlər və mədəniyyətlərarası dialoqun baş tutması, ən əsası ictimai-siyasi sabitliyin qorunması, sürətli inkişafın təmin olunması qeyri-mümkündür.
Məqalədə həmçinin bu gün Azərbaycanda işğalı həyata keçirən millətin dini abidələrinin də qorunduğu bildirilir: "Bakıda olan "Qriqori Lusavoriç" erməni kilsəsi dövlətin mühafizəsinə götürülüb. Ermənilər abidələrimizə qarşı vandalizm siyasəti həyata keçirdiyi halda, Azərbaycanda erməni kilsəsi bərpa edilərək sivil şəkildə qorunur".
İsrailin nüfuzlu "Breaking İsrael News" internet portalında Azərbaycan haqqında dərc edilən məqalədə Azərbaycanın tolerant ölkə olduğu, müxtəlif xalqların nümayəndələrinin dinc şəraitdə yaşadığı diqqətə çatdırılır. Bildirilir ki, müasir, demokratik və dünyəvi dövlət olan Azərbaycan qonşu ölkənin təcavüzündən əziyyət çəkir. Yazıda deyilir ki, Azərbaycan öz vətəndaşlarının dini və etiqad azadlığını təmin edən dünyəvi müsəlman ölkəsidir. Azərbaycanın müasir baxışlara malik birinci xanımı Mehriban Əliyeva öz fəaliyyəti ilə ölkə qadınlarına nümunə göstərir, onları cəmiyyətdə fəal olmağa ruhlandırır.
Türkiyənin "Milliyyət" qəzeti yazır ki, tarixinin silinməz və möhtəşəm səhifələrindən birini yazan müstəqil Azərbaycan Respublikası hər zaman müxtəlif xalqlara, millətlərə və dinlərə mənsub insanların birgə yaşadığı ölkə olub. Bu gün də respublikamız mədəniyyətlərin qovuşduğu müqəddəs məkan kimi bütün dünyada şöhrət qazanmaqdadır. Bunun nəticədir ki, beynəlxalq ictimaiyyət bu gün "sivilzasiyalararası dialoqun Azərbaycan modeli" üzərində ciddi diskussiyalar aparır, bu məsələdə xalqımızın adət-ənənələrindən irəli gələn yüksək dəyərlərin öyrənilməsi və onun tətbiq olunması məsələsinin elmi şəkildə araşdırılmasının əhəmiyyətini vurğulayır. Təsadüfi deyil ki, bu gün Azərbaycan sivilizasiyalararası qarşıdurmanın təzahürləri kimi meydana çıxan qlobal problemlərin həlli yollarında qarşılıqlı əməkdaşlıq çağrışları edən elm, din, siyasət xadimlərinin görüş ünvanına çevrilib.
Məqalədə dinlər və sivilizasiyalararası dialoqun təşkilində, tolerantlıq ənənələrinin təbliğində, mədəni irsimizin qorunmasında və tanıdılmasında böyük rolu olan Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın fəaliyyətindən söz açlaraq bildirilir ki, "Tolerantlığın ünvanı: Azərbaycan" layihəsi çərçivəsində ölkəmizdə böyük işlər görülür. Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə Bakıdakı Pravoslav və Müqəddəs Məryəm kilsələrində təmir-bərpa işləri aparılıb, yəhudi uşaqları üçün təhsil və mədəniyyət mərkəzinin tikintisinə dəstək verilib. Strasburq Kafedral kilsəsinin şüşələrinin təmirinə və Romanın Kapitoli Muzeyində bərpa işlərinə ayrılan maliyyə yardımı səxavətli bir jest və Azərbaycanın Avropaya, onun mədəni irsinə verdiyi layiqli töhfədir.
Azərbaycan öz dövlət müstəqilliyini əldə etdikdən sonra təkcə məscid və ziyarətgahlar deyil, kilsə və sinaqoqlar, eləcə də digər ibadət evləri bərpa edilib, hətta Bakının mərkəzində Roma-katolik kilsəsi inşa olunub.
Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə dağ yəhudiləri üçün Bakı şəhərinin mərkəzində tikilmiş yeni sinaqoq da dindarların istifadəsinə verilib. Həmçinin Quba rayonunun Qırmızı qəsəbəsində Giləki sinaqoqu əsaslı təmir edilib. Qax rayonu Əlibəyli kəndində isə gürcü-pravoslav məbədinin - Müqəddəs Nino kilsəsinin təmirdən sonra açılış mərasimi keçirilib. Qəbələ rayonunun Nic qəsəbəsindəki Çotari kilsəsində də təmir işləri aparılıb. Bu misalların sayını kifayət qədər artırmaq olar.
Bu gün Azərbaycanın tolerantlıq təcrübəsi digər ölkələrə nümunə göstərilirsə və öyrənilməsinin vacibliyi qeyd olunursa, bu dövlətimizin uğurudur. Bu istiqamətdə xaricdə təbliğat daha da gücləndirilməli, Azərbaycan xalqının bu yüksək mədəniyyəti daha geniş formada təbliğ olunmalıdır.

Əli Zülfüqaroğlu

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 22 iyul Milli Mətbuatın yaranmasının 139 illiyi ilə əlaqədar Elan etdiyi müsabiqəyə təqdim edilir