Binaların qaz problemi Milli Məclisdə qaldırıldı Hadisə

Binaların qaz problemi Milli Məclisdə qaldırıldı

Qənirə Paşayeva: "İnsanlar evlərini qızdıra bilmirlər, əziyyət çəkirlər"

Milli Məclisin dünənki iclasında yeni yaşayış binalarına qaz verilməməsi problemindən söz açılıb. Deputat Qənirə Paşayevə deyib ki, ötən iclasda da bu məsələnin qaldırılmasına baxmayaraq, problem həllini tapmayıb.
"Bizə çoxlu müraciət daxil olur. İnsanlar qeyd edirlər ki, yeni binaları hökumət təhvil almayıbsa, necə olur ki, bu binalara elektrik və su verilir? Amma qaz verilmir. Əsas kimi də bu gətirilir ki, bina təhvil alınmayıb. İnsanlar qeyd edirlər ki, evlərini qızdıra bilmirlər, ciddi əziyyət çəkirlər. Biz aidiyyəti qurumları çağırıb soruşmalıyıq ki, problem həllini tapsın. Bu məsələyə sərt yanaşmalıyıq" deyə millət vəkili qeyd edib.
Qənirə Paşayeva sual edib ki, binanı tikənlər dövlət qurumları onu təhvil almamış insanların ixtiyarına necə verirlər: "Bu necə olur? Şirkətlər məsuliyyət daşımalıdır. Çünki şirkətlər bina tikib təhvil vermədən orada yaşayışa icazə verirlər".
Milli Məclisin sədri Oqtay Əsədov deyib ki, bu məsələ ilə maraqlanıb: "Həmin binaların 70 faizində tüstü-baca sistemi yoxdur. İkincisi, qaz verilməsi üçün sakinlərin 70 faizi binaya köçməlidir. Deyirlər ki, binaların yarısı boşdur. Binanı tikənlər orada yaşayanların qarşısında məsuliyyət daşıyır. Qazı verdilər, sabah da partladı. Bəs buna kim məsuliyyət daşıyacaq? Tüstü-baca sistemi yoxdur. Bu, ciddi problemdir.
Dövlət Neft Şirkətinin prezidenti, deputat Rövnəq Abdullayev də məsələyə münasibətini açıqlayıb. O qeyd edib ki, Bakıda çoxlu bina tikilir: "Binanı tikənlər mənzilləri satırlar, insanlar su və işıq veriləndən sonra ora köçürlər. Amma belə binalara dərhal qaz verilməsi mümkün deyil. "Azəriqaz" elan edir ki, hansı bina Fövqəladə Hallar Nazirliyinin lisenziyasını alıbsa, təhvil aktına qol çəkilibsə, o bina bir həftə ərzində qazlaşdırılır. Əgər hansısa binada təhlükəsizlik qaydalarına əməl olunmayıbsa, ora qaz verilməyəcək. Sakinlər də ilk olaraq binanı tikənlərdən hesab istəməlidirlər".