“Azərbaycan iqtisadiyyatı artıq yeni mərhələynə qədəm qoyub” Hadisə

“Azərbaycan iqtisadiyyatı artıq yeni mərhələynə qədəm qoyub”

Aydın Hüseynov: "Bu isə çeviklik, optimallaşma, effektivlik tələb edir"

Yanvarın 14-də Prezident İlham Əliyevin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti yaradılıb, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.
Bundan başqa, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Tarif (qiymət) Şurasının Katibliyi isə ləğv edilərək onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.
Həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılır.
Eksperlər Dövlət başçısının bu sərəncamını dəyərləndiriblər.
Millət vəkili Aydın Hüseynov bildirib ki, Prezidentin imzaladığı Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman mühüm əhəmiyyət kəsb edir. Çünki, bu gün Azərbaycan iqtisadiyyatı artıq özünün daha böyük bir inkişaf, eyni zamanda yeni mərhələsinə qədəm qoyub. İqtisadiyyatın bu yeni mərhələsi isə çeviklik, optimallaşma, effektivlik tələb edir".
Onun fikrincə, bu sənədin ən böyük əhəmiyyəti ilk növbədə biznes mühütinin yaxşılaşdırılması, qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsal olunması, valyuta gətirən mənbələrin daha da təkminləşməsindən ibarətdir: "Bu kimi çağırışlar artıq yeni strukturlara yeni baxış tələb edir. Eyni zamanda atılan bütün addımlar vətəndaşların maraqlarına, onların sosial rifah halının daha da yüksəldilməsinı xidmət edir. Bu islahatlar dövlət qurumlarının çevikliyini və rəqabətqabiliyyətliliyini daha da artıracaq, bazar mühitini yaxşılaşdıracaq, ölkənin beynəlxalq imicinə müsbət təsir göstərəcək".
Deputat Gövhər Baxşəliyeva bildirib ki, Prezident İlham Əliyevin apardığı struktur islahatları idarəetmədə səmərəliliyin və çevikliyin daha da artırılmasına xidmət edir. G.Baxşəliyeva əlavə edib ki, Azərbaycanın dinamik və hərtərəfli inkişafı struktur islahatlarının həyata keçirilməsini zəruri edir: "Bu gün ölkəmiz dinamik və hərtərəfli inkişaf edir və bu baxımdan idarəetmənin müasir tələblərə uyğunlaşdırılması, eyni zamanda, səmərəliliyin və çevikliyin təmin edilməsi məqsədilə mütəmadi olaraq struktur islahatlarının aparılması mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə struktur islahatları əvvəlki illərdə də aparılıb və bu günə qədər həyata keçirilən dərin hüquqi və institusional islahatlar öz bəhrəsini verməkdədir. Hazırkı islahatlar da əldə edilən nailiyyətlərin davamlılığını təmin etmək və müasir dünyanın çağırışlarına cavab vermək məqsədi daşıyır".
Deputat əlavə edib ki, məhz səmərəli dövlət idarəetmə aparatı cənab Prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər: "Struktur islahatları institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına xidmətə yönəldir". G.Baxşəliyeva vurğulayıb ki, struktur islahatları nəticə etibarilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlbi deməkdir: "Əlbəttə ki, struktur islahatları ölkəmizdə biznes mühitinin daha da yaxşılaşmasına, dövlət xidmətlərinin daha əlçatan və keyfiyyətli olmasına xidmət edəcək. Belə olan halda isə Azərbaycan yeni investisiyalar üçün daha cəlbedici olacaq. Bütün bunlar isə nəticə etibarilə iqtisadi inkişafa, yeni iş yerlərinin açılmasına, insanlarımızın rifah halının yaxşılaşmasına xidmət edəcək".
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Elşad Mirbəşiroğlu diqqətə çatdırıb ki, yanvarın 14-də Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlara əsasən dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları Azərbaycanın inkişaf dialektikasına uyğundur. Onun sözlərinə görə, bu islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində aparılan inzibati islahatların növbəti mərhələsidir: "Sözsüz ki, dövlət idarəçiliyi sistemində həyata keçirilən istənilən xarakterli islahatlar mövcud reallıqlarla uzlaşmalıdır. Bu baxımdan Azərbaycanın gündən-günə artan iqtisadi potensialı, həmçinin ölkənin xarici müstəvidəki fəallığında müşahidə olunan yüksək dinamizm cəmiyyət həyatında müasir və çevik dövlət idarəçiliyinin reallaşdırılmasını tələb edir. Azərbaycan cəmiyyətində müşahidə olunan dərin sosial-iqtisadi dəyişikliklər bu dəyişikliklərə adekvat idarəetmə prinsiplərinin tətbiq olunması ilə yanaşı, həm də ciddi struktur islahatlarının həyata keçirilməsini tələb edir. Qeyd edim ki, yanvarın 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında dövlət idarəetməsində struktur islahatlarının anonsu Prezident İlham Əliyev tərəfindən verilmişdi. Bunun ardınca ölkə Prezidenti tərəfindən müvafiq fərmanın imzalanması bir daha sübut etdi ki, Azərbaycan Respublikasının dövlət idarəçiliyində zamanın reallıqlarına uyğun olaraq, mühüm islahatların aparılması və davamlı olması ümumi dövlət siyasətinin mərkəzi trendini təşkil edir. Bununla yanaşı, bir daha şahidi olduq ki, Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində həyata keçirilən islahatların başlıca istiqamətini bu sistemin modernləşdirilməsi, daha çevik olması yönündə addımların atılması təşkil edir".
Politoloq əlavə edib ki, struktur islahatlarının aparılması bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət idarəetməsi sistemində inzibati islahatların mühüm istiqamətlərindən birini təşkil edir. Biri-birilərinin fəaliyyətini təkrarlayan və ümumiyyətlə, fəaliyyətini Azərbaycanın müasir inkişaf dialektikası ilə uzlaşdıra bilməyən dövlət orqanlarının ləğv edilməsi idarəetmənin optimallaşdırılması istiqamətində olduqca mühüm addımdır.
E.Mirbəşiroğlu bildirib ki, idarəetmə sistemində struktur islahatlarının aparılması vəsaitlərə qənat olunmasının və bürokratiyanın qarşısının alınmasının ən effektiv mexanizmlərindən biridir.
Onun sözlərinə görə, bundan əvvəl də ölkəmizdə idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində aparılan inzibat islahatlar nəticəsində bir sıra eyni və oxşar funskiyaları yerinə yetirən strukturların birləşdirilməsi və səlahiyyətlərinin başqa strukturlara verilməsi təmin edilib: "Məsələn, 2015-ci ilin fevralında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunub və onun funksiyaları digər müvafiq dövlət orqanları arasında bölüşdürülüb və s. Bu baxımdan bir daha hesab edirəm ki, ölkə Prezidenti tərəfindən həyata keçirilən struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdiriməsi, çevikliyinin artırılması, vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və dövlət vəsaitlərinə qənaət olunması baxımından zamanında atılmış strateji addımdır".
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı isə deyib ki, artıq bir neçə ildir həm KİV-lərdə, həm də dövlət strukturlarında islahatların aparılması ilə bağlı gedən müzakirələrdə bu, ən aktual və aparıcı mövzulardan biri olub: "İdarəetmənin optimallaşdırılmasının gərəkliyi dönə-dönə vurğulanıb". Baş redaktorun sözlərinə görə, cənab Prezidentin atdığı bu addım da məhz idarəetmənin səmərəliliyini artırmaq, paralel strukturların vahid mərkəzdə birləşdirilməsi işi nöqteyi-nəzərindən çox müsbət dəyərləndirilməlidir: "Hesab edirəm ki, bu cür sənərəli idarəetmənin çox böyük effekti ola bilər. Düşünürəm ki, bu həm dövlətin artıq üzərində yığılıb qalan o maliyyə yükünün azaldılması, eyni zamanda dövlətin ən prioritet məsələsi olan insan amilinə, onun sosial müdafiəsinə yönələn o tədbirlərin daha effektli aparılması üçün lazımi bir addımlardır. Hesab edirəm ki, bu cür səmərəli addımların atılması cəmiyyət tərəfindən də müsbət qəbul olunur. Biz artıq bunu sosial şəbəkələrdə izləyirik. Cəmiyyətin böyük əksəriyyətinin də fikri də məhz cənab Prezidentin vermiş olduğu bu Sərəncamın dəstəklənməsi istiqamətinə yönəldilib. Son dönəmlər aparılan kadr islahatlarında çox diqqət çəkən məqamlar var. Daha çox peşəkar, gənc kadrların önə çıxması müsbət dəyərləndirilir. Həm mediada, həm də sosial mediada bu işinin aparılmasına ictimai dəstək də var. Hesab edirəm ki, bu cür islahatlar davamlı olacaq".