Müəllimlərin bacarıqlarının artırılması ilə bağlı təlim Hadisə

Müəllimlərin bacarıqlarının artırılması ilə bağlı təlim

"Müəllimlərin inklüziv təhsil sahəsində bacarıqlarının artırılması" layihəsi çərçivəsində təlimlərə başlanılıb. Təlimlər Təhsil Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində Avropa İttifaqının maliyyə dəstəyi ilə Heydər Əliyev Fondunun "Regional İnkişaf" İctimai Birliyi (RİİB) tərəfindən icra olunur. Təlimlərə Bakı, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabad rayonlarından 51 ali məktəb müəllimi cəlb edilib. Təhsil Nazirliyindən bildiriblər ki, beynəlxalq ekspertlər tərəfindən aparılan təlimin əsas məqsədi layihənin əhatə dairəsinə daxil olan region müəllimlərinin təlim bacarıqlarını artırmaq və onları inklüziv təhsil sahəsində yeni tədris üsullarının tətbiqinə təşviq etməkdir.
Təlimdə layihənin rəhbəri Leyla Tağıyeva diqqətə çatdırıb ki, müəllimlər sağlamlıq imkanları məhdud uşaqların məktəbə uğurlu inteqrasiyası və səmərəli öyrənmə mühitinin stimullaşdırılmasında hərəkətverici qüvvədir. Təlimlərdə təqdim edilən yanaşmalar müəllimlər arasında əməkdaşlıq və təcrübə mübadiləsinin təşviqinə əsaslandığından daha çox müəllimin inklüziv təhsil sahəsində bacarıqlarının artırılmasına nail olunacaq.
Təlim keçən müəllimlər Bakı, Quba, Şəki, Şamaxı, Ağcabədi və Cəlilabadda 1000 nəfər ibtidai sinif müəlliminin, 400 nəfər direktor və direktor müavininin, Azərbaycan Dövlət Pedaqoji Universiteti və digər universitetlərin pedaqoji fakültələrində çalışan 400 nəfər pedaqoq-müəllimin və 2 min tələbənin təlimində iştirak edəcəklər. Növbəti mərhələlərdə layihə çərçivəsində hazırlanmış inklüziv təhsil üzrə təlim proqramları ilkin pedaqoji və ixtisasartırma təhsilinin kurikulumuna inteqrasiya ediləcək. Layihə inklüziv təhsil sahəsində müəllimlərin tədris imkanlarının və pedaqoji resurslarının təkmilləşdirilməsinə öz töhfəsini verəcək. Təlimlər fevralın 8-dək davam edəcək.