Milli Mətbuat günü və siqaret... Hadisə

Milli Mətbuat günü və siqaret...

Almaz

Yəqin deyəcəksiniz ki, Milli Mətbuat günündə siqaretdən yazmaq hardan yadına düşdü. Əslində düşmədi, beynimə pərçim elədi-18 saylı marşurutun köntöy sürücüsü. Yolboyu fikirləşirdim ki, gedib mətbuatda çalışdığım günlərdəki xatirələrdən yazaram, Emin Eminbəyli başda olmaqla dəyər verdiyim qələm dostlarımı xatırlayar, həmin illərin həsrətini çəkdiyimi sözə düzüb çatdıraram. Ancaq siqaret pülüyən, sanki kimdənsə acığını çıxaran sürücü imkan vermədi. Oruc vaxtımda siqaretin tüstüsü fikirlərimi alt-üst elədi və qərara aldım ki, dəyər verdiklərim bir az da gözləyərlər. Həm də onlar mənim yerimə olsaydı ilk öncə gördüklərini, cəmiyyət üçün nələr və kimlər ki, zərər verir, onları yazıb tənqid edərdi. Elə isə başlayıram...
...Sərnişin daşıyan avtobuslarda çox güman ki, bu elana rast gəlmisiniz-siqaret çəkmək qəti qadağandır. Bu elan sürücünün düz başı üzərindən iri hərflərlə yazılaraq asılıb. Sərnişinlər buna əməl eləsələr də, sürücülər əksinə, yarım saat qət elədiyin yol boyu bir-birinin ardınca siqaret çəkməklə məşğul olurlar. Etirazını bildirəndə də növbətçi cavablarla qarşılaşırsan-xoşun gəlmir, taksiylə gedə bilərsən. Təkcə bu hala avtobuslarda rast gəlmirsən, eyni zamanda, ictimai yerlərdə də siqaret çəkənlərlə birgə sən də ciyərlərinə zəhər yığmalı olursan. Səhər də işə gələndə eyni aqibətlə rastlaşdım. Etirazımı bildirəndə sürücü dedi:" Siqaret çəkməsəm bu tıxacların əlindən başım xarab olar, avtobusu idarə edə bilmərəm. Bu siqarət karıma gəlir və əsəblərimi sakitləşdirir". Və beləcə fikirləşdim ki, başqa ölkələrdə siqaret çəkilməsinə qadağa qanunla tənzimlənir. Bəs Azərbaycanda necədir?
Təxminən 2008-ci ildə millət vəkili Qənirə Paşayeva bu məsələylə bağlı qanun layihəsi hazırlayaraq parlamentə təqdim etdi. Söhbət əyləncə yerləri, kafe, restoran, stadion və bütün növ sosial-ticarət obyektləri, nəqliyyat vasitələrində, eləcə də taksi, qatar və avtobuslarda siqaret çəkilməsinin tamamilə qadağan olunmasından gedir. Layihəyə görə, 4 nəfərdən artıq insanın olduğu ofis, idman mərkəzləri, tibb və təhsil müəssisələrində, əhaliyə mədəni xidmət göstərən təşkilatlarda siqaret çəkilməsi tamamilə qadağan olunmalıdır. Bundan başqa, məktəblərin qapısında, açıq havada təşkil edilən konsertlərdə və digər əyləncə yerlərində siqaret çəkilməsinə qadağa nəzərdə tutulmalıdır.
Düzdür bu layihə müzakirəyə çıxarılmasa da, hər halda geniş ictimaiyyət arasında təqdir olundu. Çox təəssüf ki, o gündən bu günə həmin layihə hələ də müzakirəsini gözləyir...
Hazırladığı qanun layihəsilə bağlı bir neçə dəfə mətuata açıqlama verən millət vəkilinin sözlərinə görə, küçələrdə siqareti, ancaq qanunla müəyyən edilmiş yerlərdə çəkmək olar:"Çox təəssüflər olsun biz də siqaret çəkənlərin sayının artdığı, bu sahəyə meyilli ölkələrdən biriyik. Bu isə cəmiyyətdə böyük narahatçılıq yaratmalıdır. Təəssüf ki, bizdə qadınlar və uşaqlar arasında siqaret çəkmə halları artır. Mən hesab etmirəm ki, bu, hansısa ehtiyacdan yaranır, əslində bu, müxtəlif xarici filmlərin pis təbliğatının nəticəsidir. Dünyanın müxtəlif ölkələrində siqaretdən istifadənin artmasına qarşı mübarizə gedir. Hətta siqaretdən istifadəçilərin sayının azaldılması istiqamətində ciddi tədbirlər həyata keçirilir. Bu tədbirlər həm qanunvericilik sahəsində, həm maarifləndirmə, həm də təbliğat və təşviqat materialları ilə reallaşdırılır. Avropa ölkələri, qonşu Türkiyə və Şərq ölkələrində bu sahədə müxtəlif işlər görülür. Artıq Türkiyədə müvafiq qanun qəbul edilib. İctimai yerlərdə siqaretdən istifadə nəticəsində hətta siqaret çəkməyən insanlar da onun zərərli təsirinə məruz qalır. Ona görə də ictimai yerlərdə siqaret çəkilməsi qadağan edilməlidir. Kim çəkmək istəyirsə, onun üçün müəyyən olunmuş yerlərdən istifadə edə bilər".
Diqqət yetirmisinizsə, Türkiyənin aparıcı telekanallarında siqaret çəkməyin hansı fəsadlara gətirib çıxarmasıyla bağlı reklamlar verilir. Həmin reklamlarda illərdir çiqaret çəkən birisinin son aqibəti göstərilir və bundan nəticə çıxarmaq tövsiyyə olunur.
Bu və digər nüanslara istinadən deyə bilərik ki, siqaretdən istifadəyə görə ölümlərin, xəstəliklərin sayı artır. Hazırda dünyada, o cümlədən Azərbaycanda xərçəng xəstələrinin sayı çoxalıb. Təkcə Azərbaycanda son beş ildə xərçəng xəstəliyinin səviyyəsi 26 faizdən çox artıb. İnsanlarda xərçəng şişi əmələ gətirən maddələrin bir qismi orqanizmə tənəffüs yolları vasitəsilə daxil olur ki, burada da siqaretin rolu "böyükdür". Həkimlərin xəbərdarlığına görə, hazırda xərçəng xəstəliyinin əmələ gəlməsinin 20 faizi məhz siqaret çəkmə ilə bağlıdır. Kişilər arasında ən geniş yayılan xərçəng növü ağ ciyər xərçəngidir. Onu da nəzərə almaq lazımdır ki, bizdə siqaretlərin keyfiyyəti hələ ki Avropa ölkələrindəki kimi deyil. Amerikada bu istiqamətdə işin 50 faizi qanunvericiliklə tənzimlənirsə, qalan 50 faizi maarifləndirmə, təbliğat vasitəsilə reallaşdırılır. Maraqlı bir məsələ var ki, Amerikada işə qəbul zamanı siqaret çəkməyənlərə daha çox üstünlük verirlər. Bu isə cəmiyyətə bir mesajdır ki, insanlar bu zərərli vərdişi tərgitsinlər. Səudiyyə Ərəbistanında "Siqaretsiz ailə: xərçəngdən müdafiə olunaq" adı altında kampaniya keçirilir. Burada da məqsəd siqaret istifadəçilərinin sayının azaldılmasına nail olmaqdır. Bundan başqa, dünyada "Siqaretsiz gələcək", "Millətin sağlamlığı naminə siqaretə "yox" deyək!" kimi kampaniyalar həyata keçirilir. Azərbaycanda da belə bir qanunun qəbul edilməsinə çox böyük ehtiyac var. Və bundan sonra ictimai yerlərdə siqaretin çəkilməsinə qadağa qoyular və bu qadağaları pozan insanlara qarşı cərimələr tətbiq olunar.
Bir məsələyə də diqqət yetirək. Azərbaycanda qanunla tütün və tütün məmulatlarının reklamına qadağa qoyulsa da, təəssüf ki, televiziya filmləri, seriallar və kliplərdə geniş miqyasda siqaretin açıq şəkildə təbliğatını görürük. Türkiyədə müvafiq qanun qəbul edildikdən sonra belə hallara tamamilə yol verilmir. Telekanallarda siqaretlərin nümayiş olunmasına yasaq qoyulub, belə hal olduqda onun üstü mütləq bağlanmalıdır. Çünki bu çox pis təbliğat növüdür və xüsusən gənclərə pis təsir göstərir. Təəssüf ki, bizdə bəzən bir çox televiziya proqramlarında tanınmış ziyalılarımız onun pis təbliğat vasitəsi olmasını bilmədən siqaretdən istifadə edirlər. Televiziyalarda belə təbliğatın aparılması qadağan olunmalıdır, hətta ziyalılarımız bu cür kampaniyalara açıq dəstək verməlidirlər. Türkiyədə prezident də daxil olmaqla, cəmiyyətdə üzdə olan insanlar siqaret əleyhinə kampaniyalara qoşularaq fəal mübarizəyə başlayıblar. Nəticədə milyonlarla insanın siqareti tərgitməsinə nail olunur. Yəni, biz də qanunvericilik və maarifləndirmə işi ilə buna nail ola bilərik. Əslində Səhiyyə Nazirliyi bu məsələdə dəstək göstərməli, televiziyalarda xüsusi çarxların verilməsində iştirak etməlidir.
Qənirə Paşayevanın təklif etdiyi qanun layihəsinə görə, 18 yaşından aşağı uşaqlara siqaretin satılmasına qadağa qoyulması nəzərdə tutulur. Qeyd edək ki, bir neçə il bundan əvvəl Böyük Britaniyada ticarət mərkəzlərində siqaretin açıq şəkildə satılmasına qadağa qoyulması məsələsi müzakirə olunurdu. Burada məqsəd siqaretin açıq şəkildə nümayiş olunmasının qarşısının alınmasıdır ki, bu da bir təbliğat vasitəsidir. Bizdə də ictimai yerlərdə siqaret çəkilməsinə qadağa qoyan qanunun qəbulundan əvvəl ciddi təbliğat işi aparılmalıdır.
Ancaq o da maraqlıdır ki, Qənirə Paşayeva siqaretin ictimai yerlərdə çəkilməsinə qadağa qoyan qanun layihəsi hazırladığı halda, bəzi deputatlar narkomanların narkotik vasitələrindən açıq şəkildə istifadə edilməsiylə bağlı qanunvericilikdə dəyişikliklərin olunmasını təklif edirdilər. Halbuki, bütün hallarda narkomaniya əleyhinə ciddi mübarizə aparılmalıdır. Çünki bütün dünyada olduğu kimi Azərbaycanda da narkomaniya artır. Bu isə birbaşa cəmiyyətin problemidir. Harkomaniyanın qarşısının alınması işində də qanunvericilik və təbliğat-təşviqat sahəsində ciddi işlər görülməlidir. İlk növbədə narkomaniyanın gətirə biləcəyə fəsadlarla bağlı sosial çarxlar telekanallarda verilməlidir. Təəssüf ki, belə bir məsələnin şahidi olmuruq. Biz gənclərə aşılamalıyıq ki, narkotik vasitələrdən istifadə onların həyatını tamamilə məhv edə bilər. Gənclərə narkomaniyanın zərərli təsiri ilə yanaşı, insanların bu tora necə salınması barədə ilkin informasiyalar verilməlidir ki, gənclər ayıq olsunlar. Bu sahədə müxtəlif layihələr həyata keçirilərək məktəblərdə və digər təhsil müəssisələrində maarifləndirmə işi aparılmalıdır. Çox təəssüf ki, Azərbaycanda narkomaniyaya qarşı mübarizə maarifləndirmə, təbliğat-təşviqat baxımından lazımi səviyyədə aparılmır. Aparılsaydı, bu gün orta məktəblərdə narkotikaya meyillik artmazdı. Bununla yanaşı, narkomaniyaya yuvarlanmış gənclərin xilas olunmasına çalışmalıyıq. Bunun üçün maarifləndirmə işi hətta ailələrdə aparılmalıdır. Ailələrə izah olunmalıdır ki, əgər ailə üzvlərindən biri belə bir yola düşübsə, onu gizlətməklə, vaxtı uzatmaqla onun vəziyyətini daha da gərginləşdirirsiniz. Yəni, onun ağır vəziyyətə düşməsinə kömək edirsiniz. Nəticədə öz ailənizi tamamilə risk altına alırsınız. Eyni zamanda, narkotik aludəçilərinə izah olunmalıdır ki, geri qayıtmaq imkanınız var, müalicə olunmaqla özünüzü və ailənizi gələcək bədbəxtliklərdən xilas edə bilərsiniz. Yalnız bu halda həmin şəxs könüllü müalicəyə gələ bilər.
Bir sözlə, həm siqaret çəkmək, həm də narkotikadan istifadə etmək böyük faciələrə gətirib çıxarır ki, biz hələ də sərt qanunların qəbulunu ləngitməkdə israrlıyıq.