Ötən tədris ilinin təhsil islahatları Hadisə

Ötən tədris ilinin təhsil islahatları

Son illər təhsil sahəsində inkişaf, təhsilin bütün sahələrində islahatların daha da dərinləşməsi dövrü kimi xarakterizə olunur. Təhsilin inkişafı dövlət siyasətinin əsas prioritetlərindən biridir.
Belə ki, təhsilin inkişafı ilə bağlı qəbul olunan mühüm strategiya və proqramlar nəticəsində dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artıb.
2018-2019-cu tədris ilinin hansı yenilik və islahatlarla yadda qalması ilə bağlı danışan ekspert Nadir İsrafilov vurğulayıb ki, 2018-2019-cu tədris ilində “Ümumi təhsil haqqında” qanunun qəbul edilməsi ilə yadda qalıb: “Bununla da şagirdlərin yerlərinin dəyişməsi prosesinin elektron qaydada olması şəffaflığa zəmin yaradır. Ümumtəhsil məktəblərinə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyətinin verilməsi bu təhsil ocaqlarına maddi-texniki bazasının genişləndirmək imkanını vermiş olur. Ötən tədris ilində təhsil qanunvericiliyi əsaslı şəkildə yenilənib”.
Ekspert xatırladıb ki, ötən tədris ilində “Təhsil haqqında” qanuna 62 dəyişikliyi özündə əks etdirən təkliflər paketi və “Peşə təhsili haqqında” qanun qəbul edilib: “Dəyişikliklər təhsilin bütün pillələrini və səviyyələrini əhatə edib.Həmçinin orta ixtisas təhsilinin inkişafına yeni yanaşmalar tətbiq edilib. Belə ki, “Təhsil haqqında” qanuna edilən dəyişikliklər əsasında kollec məzunları qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinə qəbul olmaq hüququ qazanıblar. Bundan başqa, məktəbdaxili qiymətləndirmə sistemi əhəmiyyətli şəkildə təkmilləşdirilib, müəllimlərin və valideynlərin rəyi nəzərə alınaraq şagirdlərin tədris yükü optimallaşdırılıb. Təmayül siniflərinin artırılması da nailiyyətlər sırasındadır. İdarəetmə mexanizmlərin təkmilləşdirilməsi və prosesin davam etməsi də müsbət addımdır”.
Deputat Fazil Mustafa isə qeyd edib ki, ötən tədris ilində təhsil sahəsində xeyli dəyişikliklər olub: “Bu müddətdə daha çox təhsilin keyfiyyətinin yüksəlməsinə yönəlik addımlar atıldı. Bu da şagird və tələbələrin müəyyən dərəcədə yeni biliklərin qazanmasına şərait yaratdı. Bu sahədə xüsusilə qiymətləndirmə məsələlərini qeyd etmək lazımdır. Diaqnostik qiymətləndirmə probleminin keyfiyyətli səviyyədə həlli daha çox bilik və bacarığın aşkara çıxarılması imkan yaratdı. Hesab edirəm ki, təhsil sahəsində uğurlu islahatlardan biri də buraxılış imtahanlarının nəticələrinin qəbul imtahanlarında nəzərə alınmasıdır. Sözügedən dəyişiklik bu sahədə əziyyəti, keşməkeşi və çətinlikləri ortadan qaldırdı. Bu həm vaxta qənaətə imkan yaradır, həm də şagirdin əlavə enerji sərf etməsi problemini aradan qaldırır. Summativlərin ləğvi də alqışlanan addımdır. Məktəblərin aşağı siniflərində imtahanların sayının azaldılması müəyyən dərəcədə müsbət amildir”.
Təhsil eksperti Kamran Əsədov “Report”a açıqlamasında bildirib ki, təhsilin keyfiyyətinə təsir edən mühüm amillərdən biri məktəbəqədər təhsillə əhatəlilik səviyyəsidir: “5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi ötən tədris ilində 75%-ə çatdırılıb. İstedadlı uşaqlarla iş sahəsində görülən işlər nəticəsində ötən il Respublika fənn olimpiadalarında iştirakçı sayında artım özünü göstərib. Ümumilikdə, olimpiadalarda 33 min şagird iştirak edib. Bu da 2013-cü illə müqayisədə 5 dəfə çoxdur”.
O qeyd edib ki, 2018-2019-cu tədris ilində Azərbaycanda məktəblərinin 62%-i internetlə təmin olunub: “Yəni, tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi baxımından ölkə üzrə internetə və Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) qoşulmuş məktəblərin sayı 2746-ya çatdırılıb. Ötən tədris ilində məzmun islahatları çərçivəsində dərslik hazırlığında yeni reqlament və prosedurlar tətbiq edilib. Təhsil İnstitutu nəzdində Tədris Resursları Mərkəzi yaradılıb, prosesə dərslik hazırlığı üzrə mütəxəssislər cəlb edilib, qabaqcıl təhsil sistemlərinin təcrübəsi və bu sahədə mövcud olan innovasiyalar tədqiq edilib və yeni məzmun konsepsiyası əsasında ümumtəhsil məktəbləri üçün ehtiyat dərsliklərin hazırlanmasına başlanıb”.
"2018-2019-cu tədris ilində görülən işləri, həyata keçirilən islahatları müsbət hesab edirəm və düşünürəm ki, bu, ölkədə təhsilin inkişafını daha da sürətləndirəcək”.
Ekspert vurğulayıb ki, əvvəlki tədris illərində olduğu kimi ötən müddətdə də müəllimlərin peşəkarlıq səviyyəsi artırılıb: “Sadəcə müəllim olmaq istəyənlərin deyil, müəllim kimi işə başlayanların da sayı artıb. 2018-2019-cu tədris ilində ümumilikdə müddətsiz müqavilə əsasında 4053, müddətli müqavilə əsasında 4500 müəllim işə qəbul edilib ki, bu da son illərdə vakant yerlərin 100 faiz tutulması baxımından ən yüksək göstərici olub. Görülən işlərin nəticəsidir ki, ümumilikdə son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub. Ümumiyyətlə 2018-2019-cu tədris ilində görülən işləri, həyata keçirilən islahatları müsbət hesab edirəm və düşünürəm ki, bu, ölkədə təhsilin inkişafını daha da sürətləndirəcək”.