UNICEF: Uşaqlar internetdə təhqirə məruz qalırlar Hadisə

UNICEF: Uşaqlar internetdə təhqirə məruz qalırlar

Azyaşlıların üçdəbirindən çoxu iddia edir ki, internetdə təqibə məruz qalırlar. Hər beş yeniyetmədən biri bildirib ki, sosial şəbəkələrdə həmyaşıdları tərəfindən ələ salındığına görə məktəbdə məşğələləri buraxmalı olub. Onlayn təqiblərin baş verdiyi əsas şəbəkələr isə Facebook, Instagram, Twitter və digərləridir. Bu faktlar BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən aparılmış sorğu nəticəsində üzə çıxarılıb. BMT-nin saytı xəbər verir ki, UNICEF onlarla ölkə - o cümlədən Rusiya, Albaniya, Banqladeş, Braziliya, Qambiya, Nigeriya, Hindistan, İndoneziya, Fransa və Ukraynada 170 min yeniyetmə və gənc arasında anonim sorğu keçirib. Respondentlər öz cavablarını təşkilatın bu məqsədlə xüsusi olaraq yaratdığı mətnli mesajların göndərilməsi sistemi və “U-Report” məlumat bazası vasitəsilə göndəriblər.
UNICEF-in icraçı direktoru Henrietta For bildirib ki, daim onlayn rejimində olmaq dərslərin başa çatması ilə məktəbin qurtarmadığını göstərir. Onun sözlərinə görə, təhsil sistemində uşaqlar üçün ən yaxşı şərait yaratmaqdan ötrü internetdə onların nə ilə məşğul olduqlarını da bilmək vacibdir. Ukraynalı yeniyetmələrin 34 faizi bildirib ki, internetdə təqibə məruz qalıblar. Onların 35 faizi isə ələ salındıqları üçün dərsləri buraxıblar. Rusiyada bu göstərici müvafiq olaraq 34 və 24 faiz olub. Sorğunun təşkilatçıları gender əlamətləri üzrə onlayn təhqirləri də təhlil ediblər. Məlum olub ki, yeniyetmə oğlanlar arasında bu göstərici qızlardan daha çoxdur. Bununla yanaşı, həmin səbəbdən məktəbə getməyən oğlanların sayı da çoxluq təşkil edir. Aparılan təhlillər onu da göstərib ki, “kiberbullinq”in təkcə texnologiyalardan daha asan istifadə edən təminatlı ailələrin uşaqlarına aid olması barədə yaranmış təsəvvürlər heç də doğru deyil. Tropik Afrikada respondentlərin 34 faizi bildirib ki, onlar da internetdə təhqirlərə məruz qalıblar. Bu, inkişaf etmiş və daha varlı ölkələrin göstəricilərinə yaxındır.
Henrietta For deyib: “Həm yoxsul, həm də varlı ölkələrdən olan gənclər bizə bildiriblər ki, onlar internetdə təhsilin səviyyəsinə təsir edən təqiblərə məruz qalıblar və buna son qoyulmasını istəyirlər. Sorğu zamanı UNICEF aydınlaşdırmaq istəyib ki, gənclərin qənaətinə görə bu hallara kim son qoymalıdır. Onların 32 faizi cavab verib ki, bu, dövlətin vəzifəsidir, 31 faiz isə gənclərin özlərinin bu cür hallara son qoymalı olduqlarını bildiriblər. Daha 29 faiz məsuliyyətin internet şirkətlərinin üzərinə düşdüyünü qeyd ediblər”.