“Pislərin ən yaxşısı” və ya əlverişsiz vəziyyətlərdə seçim spektri Hadisə

“Pislərin ən yaxşısı” və ya əlverişsiz vəziyyətlərdə seçim spektri

Tofiq Abbasov: "Hazırda Ermənistan elə bir duruma düşüb ki..."
Mübariz Əhmədoğlu: "Rusiya İrəvana mesaj verdi ki, Dağlıq Qarabağ ayrı, Ermənistan ayrı məsələdir"

"Ermənistan çox təhlükəli bir dövr yaşayır və bu səbəbdən o, uzunmüddətli addımları əsas götürməlidir, nəinki qısamüddətli". Bu sözləri nüfuzlu amerikalı politoloq Pol Qobl bildirib.
Onun sözlərinə görə, İrəvan düşdüyü mürəkkəb vəziyyətdən çıxmaq üçün təcili tədbirlər görməlidir: "Bu nöqteyi-nəzərdən Ermənistan üçün "yaxşı variantlar" yoxdur, ölkə pislərin yaxşısını seçməlidir".
Qobl Rusiyanı Ermənistanın dostu saymadığı söyləyib: "Düşünmürəm ki, Rusiya Ermənistanın tərəfindədir. Məşhur ifadə var: Moskva üçün Gürcüstan - yol, Ermənistan - silah, Azərbaycan isə - dəyərdir. Rusiya Ermənistandan müstəsna olaraq öz maraqları üçün istifadə edir".
Politoloq Rusiyanın Krımı işğal eləməklə böyük səhvə yol verdiyini deyib: "O mənada ki, indi bütün ölkələr sərhədlərin zorla dəyişdirilməsindən narahatdır. Əgər Ermənistan da eyni yolla gedib Qarabağı ilhaq eləsə, o yeni müharibə və təcridlə üzləşəcək. Ermənistan, daha doğrusu, ermənilər strateji düşünə bilmirlər. Ermənistan bu gün 25 ildən sonra özünü necə gördüyü barədə fikirləşməlidir. Bundan ötrü Qarabağ məsələsi Azərbaycanla anlaşma əsasında həllini tapmalıdır".
Erməni jurnalistin "bu, o deməkdirmi ki, Ermənistan Qarabağı unutmalıdır" sualına ekspert belə cavab verib: "Şəxsən mən hesab edirəm ki, Dağlıq Qarabağ Azərbaycanın tərkibində geniş muxtariyyət almalıdır".
Maraqlı yanaşmadır. Politoloq Tofiq Abbasov dedi ki, "pislərin ən yaxşısı" adətən əlverişsiz vəziyyətlərdə seçim spektrinə deyirlər. Hazırda Ermənistan elə bir duruma düşüb ki, ondan asılı olan məqamlar cüzidir və Azərbaycan qəsbkar məmləkətə diktə eləmək imkanlarından istifadə etməyə başlayıb... Soçi görüşündə prezident İlham Əliyev ona görə lakonik tərzdə öz münasibətini ifadə etdi ki, Soçiyə qədər cəbhə bölgəsində keçirdiyi müşavirədə bütün deyəcəklərini həm Azərbaycana xalqına, həm birliyə və həm də qarşı tərəfə bildirmişdi. Ermənistanı "faşist ölkəsi" kimi qiymətləndirən Azərbaycan lideri bildirdi ki, işğalçılar özgə ərazilərində uşaqları, qadın və qocaları gülləbərən edərək, mülki əhalini özünə hədəf seçərək bölgədə dözülməz vəziyyət yaradır. Digər tərəfdən Ermənistan rəhbəriyi öz əhalisinə qarşı da soyqırım siyasəti yeridir ki, bunun da bariz təzahürləri göz önündədir. İlham Əliyevin bu tezisi o deməkdir ki, təhlükəli düşmən əgər öz xoşu ilə danışıq və barışığa getmirsə, onu güc vasitəsi ilə tərkisilah edib sabit vəziyyət yaradırlar...
Azərbaycan bu gün istənilən təmbehedici, sülhə vadaredici qərara imza atmaq gücündədir. Ola bilsin ki, rəsmi İrəvan bundan sonra da qeyri-adekvat davranmağa üstünlük versə, onda Bakı onlar üçün ən arzuolunmaz ssenarinin gerçəkləşməsinə qərar verəcək. Hər halda düşmən və onunla bərabər vasitəçi tərəflər də bu haqda artıq məlumatlıdırlar...".
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlunun fikrincə, Rusiya prezidenti Vladimir Putinin bəyanatlarından belə başa düşmək olar ki, Rusiya Azərbaycanı özü üçün yenidən kəşf edib, yenidən tanıyıb: "Putin bir daha etiraf etdi ki, Azərbaycan Rusiya üçün önəmli bir dövlətdir. Onun Azərbaycan prezidentinin ünvanına səsləndirdiyi fikirlər də çox böyük siyasi yükə malikdir".
Politoloq xatırladıb ki, Rusiya və Azərbaycan prezidentlərinin ikitərəfli görüşü Putinin Azərbaycanla münasibətlərə verdiyi qiymət, inam məsələsini gündəliyə gətirməsi ilə diqqət çəkdi. Onun sözlərinə görə, bu vaxta kimi ermənilər Rusiya ilə Azərbaycan arasında inamsızlıq, düşmən münasibətin olmasına çalışıblar. Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə üçtərəfli görüşdə də Putin bir neçə dəfə Azərbaycan prezidentinin fikirlərinə istinad etdi: "Rusiyanın dövlət başçısı hər bir yaranan imkandan istifadə edərək Azərbaycan, onun prezidenti haqqında xoş sözlər dedi. Putin bununla bütün dünyaya göstərmək istəyirdi ki, Rusiyanın Azərbaycana münasibəti çox yaxşıdır. Amma təəssüf ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı heç nə əldə olunmadı. Ən azı ortada xarici işlər naziri Sergey Lavrovun bəyanatı var. O bildirib ki, bu vaxta kimi razılaşdırılmamış məsələlər açıq qalır.
Rusiyanın Qarabağ məsələsində xüsusi rola malik olmasını ortaya qoyanda, artıq hər şey üzə çıxdı. Yəni Azərbaycan münaqişənin tənzimlənməsində Rusiyanın xüsusi rolunu qəbul etdi, Ermənistan isə Rusiyanın rolunu rədd edərək münaqişənin mütləq ATƏT-in Minsk qrupunun sənədləri əsasında tənzimlənməli olduğunu bəyan etdi. Bu həmin Sarkisyandır ki, bir ay əvvəl bəyan edib ki, Minsk qrupu ortaya normal, dəqiq bir sənəd qoymayıb. İndi isə həmin sənədə söykənərək münaqişənin tənzimlənməsini istəyir. Digər tərəfdən, XİN rəhbəri Sergey Lavrov qeyd etdi ki, Ermənistan Gömrük İttifaqına və Avrasiya İqtisadi İttifaqına Ermənistan kimi daxil olur, bunun Dağlıq Qarabağa qətiyyən aidiyyəti yoxdur.
Rusiya bununla da Ermənistana mesajını verdi ki, Dağlıq Qarabağ ayrı, Ermənistan ayrı məsələdir, yəqin ki, bu istiqamətdə konkret addımların şahidi olacağıq".
Əhmədoğlu hesab edir ki, Soçi görüşü cəbhədəki gərginliyi azaltmayacaq: "Ermənilər hücum etməsələr, dayana bilməzlər. Müharibə ab-havası Sarkisyan üçün vacibdir. Çünki o, atəşkəs rejimini tez-tez pozmalıdır ki, xalqını müharibə ilə qorxutsun. Ona görə cəbhədə atəşkəsin pozulması intensivliyi qısa müddətdən sonra elə əvvəlki kimi ola bilər".
Millət vəkili, politoloq Rasim Musabəyov deyib ki, Soçi görüşü birbaşa nəticəyə yox, cəbhə xəttində yaranan gərginliyi nizama salmağa hesablanmışdı: "Əvvəllər də Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Bu format bərpa olunub yoxsa olunmayıb, məqsədə çatılıb yoxsa çatılmayıb, bunu biz cəbhə xəttindəkı vəziyyətdən və danışıqların sonrakı mərhələsinin aparılmasında müşahidə edəcəyik. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından bu formatın nəticə verəcəyi inandırıcı deyil. Odur ki, cəbhə xəttində atəşkəsin müvəqqəti və ya davamlı olacağını söyləmək çətindir".

Əli