Macarıstanda böyük Turan Qurultayı keçirildi Hadisə

Macarıstanda böyük Turan Qurultayı keçirildi

Macarstan fəaliyyət göstərən Macar Turan Fondunun başlatmış olduğu Hun-Türk Qurultayları Avropada yeni bir Hun dalğasının yaranmasına səbəb olub.
Hər iki ildən bir keçirilən bu Qurultayda Azərbaycan, Türkiyə, Qazaxstan, Özbəkstan, Türkmənistan, Qırğızstan, o cümlədən bir çox dövlətlərin tərkibində muxtar subyektlər olaraq var olan Avarlar, Başkurtlar, Çuvaşlar, Qaqauzlar, Qaraqalpaqlar, Tatarlar, Tuvalar, Yakutlar, Noğaylar, Moğollar böyük bir nümayəndə heyəti ilə təmsil olunurlar.
Qurultayda 27 dövlətdən olmaqla böyük bir nümayəndə heyətləri ilə təmsil olunurdular. Avropanın bütün bölgələrindən Qurultaya maraq göstərən ziyarətçilərin sayı isə 250 mindən çox idi.
Sayca V Turan Qurultayı olaraq tarixə düşəcək növbəti Qurultay 8-10 avqust 2014-cü il tarixində Macarstanın Buğacı bölgəsində gerçəkləşdi. Qurultayın keçirildiyi bölgənin adı bütün türk toplumları arasında heç də yabançı səslənmirdi; Bu bölgə öz adını qədim hunların bu bölgədə saxladıqları ağ, böyük buğaların şərəfinə adlandırılmışdı: Buğac (Buğaçı).
Qurultayda Azərbaycan da böyük nümayəndə heyəti ilə təmsil olunurdu. Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) təşkilatçılığı və dəstəyi ilə Qurultayda iştirak iştirak etmək üçün böyük bir nümayəndə heyəti formalaşmışdı. Nümayəndə heyətinin tərkibində ATXƏM sədri İlham İsmayılov, Milli Məclisin deputatları - Qənirə Paşayeva, Cavanşir Feyziyev, Fərəc Quliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, BAMF-ın sədri Umud Mirzəyev, DGTYB-nin başqanı Əkbər Qoşalı, ATXƏM-in icra katibi və "Birlik" jurnalının baş redaktoru İlqar İlkin, AVMVB-nin sədr müavini Mübariz Hacıoğlu, AMEA Ədəbiyyat İnstitunun sədr müavini Şəmil Sadiq, DAK təmsilçisi Samir Turan, türkoloq Nurlanə Qasımlı, Azərbaycan Geyim Ocağının rəhbəri Gülnarə Xəlilova, tele-jurnalistlər Zərnişan Azayeva və Flora Xəlilova, o cümlədən əməkdar artist Nuriyyə Hüseynova və Qədim xalq çalğı ansamblının üzvləri iştirak edirdilər.

Macarstandan "Şərq açılımı"

Qurultaydan bir gün öncə öz tarixi və nadir memarlıq incisi kimi hər kəsi heyrətə salan Macarstan Parlamentində bütün Türk xalqlarının nümayəndə heyətilə görüş keçirildi. Macarstanda keçirilən Turan Qurultaylarının himayəçisi kimi tanınan vitse-spiker Şandor Lezak nümayəndə heyətlərilə keçirdiyi tarixi görüşündə türk xalqların tarixi və soykökü, o cümlədən gələcək birlikləri doğrultusunda önəmli mesajlar verdi: "Biz babalarımızın, atalarımızın şərqdən gətirdikləri motivləri, ornamentləri bu gün də yaşadırıq. Bizi siyasi baxımdan müxtəlif yerlərə çəkmək istədilər. Amma biz babalarımızın gətirdiklərini, onlarla bir yerdə gələnləri heç bir vaxt unutmadıq, öz içimizdə yaşatdıq. Bax budur, biz bu gün öz qardaşlarımızla, əqrabalarımızla öz möhtəşəm tariximizi yenidən yad edirik".
Macarstan Parlamentində çıxış edən dövlət müşaviri Keskey Erno da Macarstan Hökumətinin türk xalqları ilə əməkdaşlıqda nə qədər qətiyyətli olduğunu bir daha vurğulamış oldu: "Dil və soykökü əqrabalığımız yeni anlam, yeni məzmun qazanır. Dörd il öncə Macarstan Hökuməti "Şərq Açılımı" siyasətinə başladı. Bu çox önəmli qərardır. Şərqdə qohum olan xalqlarla, eyni soykökə malik olan insanlarla bir yerdə olmağımuzu bilirik, onlarla əlaqələrimizi genişləndirmək istəyirik. Buna görə də Macarstan Hökuməti Turan Qurultayını yalnız mənəvi baxımdan deyil, həm də maddi olaraq dəstəkləyir".
Macar Turan Fondunun rəhbəri Andros Biro Parlamentdəki tarixi çıxışında həm də Turan Qurultayının keçirilməsinin məqsədlərini, hədəflərini açıqlamış oldu: "Biz böyük bir ailəyik - Hun-Türk kökənlilərin böyük ailəsi... Birlikdə olmağımız sadəcə tariximizi yansıtmır, biz həm də öz gələcəyimizi birlikdə qururuq. Bu gün Hun-türk kökənlilər öz torpaqlarında problemlər yaşayırlar; Uyğurlar, Kipr türkləri, İraq və Suriya türkmənləri böyük problemlər yaşayırlar. Azərbaycanın işğal altında olan Qarabağ bölgəsini unutmamalıyıq. Biz əlbəttə nifrət deyil, sevgi göstərmək istəyirik. Qlobalistlər istəyir ki, dünyada sadəcə vahid bir insan topluluğu yaratsınlar, lakin dünya rəngarəng millətlərin varlığı ilə gözəldir. Biz Avropanın göbəyində yaşasaq da. öz soykökümüzü, öz mədəniyyətimizi əsla unutmadıq. Biz eyni taleyi, eyni qədəri paylaşan qardaş xalqlarıq. Bizim aramızda işbirlikləri önəmlidir, lakin bizimki sadəcə işbirli deyil, eyni qanı daşıyan əqrabaların işbirliyidir. İşbirliyində portnyorlar dəyişə bilər, qohumluq bağları isə dəyişməz ".

Kim bu Macarlar?

Uzun illər boyu Macarların Fin-Uqor mənşəli olduğu iddia edilmiş, onlar bu cür tanıdılmışdı. Lakin antropoloji və etnoqrafik araşdırmalar aparıldığı zaman ortaya çıxan müxtəlifliklər onların yenidən köklü şəkildə araşdırılması ehtiyacını yaratmışdı. Çünki bir çox araşdırmaçılara görə, Macarlar Orta Asiyadakı türk xalqları ilə böyük bənzərliklərə sahibdirlər. Macarların etnogenetik hərəkətləri Altaylaran başlayaraq, Qazaxstanın və Özbəkstanın bəzi yerlərindən keçmişdir. Macarların Orta Asyadan Qərbə köç etdikləri və Aral-Həzər bölgəsində uzun zaman qaldıqları təxmin edilir. Macar qəbilələri Xəzər xanlığının tarixində də böyük rol oynamış, bu xanlığın ordusunun əsas hissəsini təşkil etmişlər. Buna görə də Macarların etnogenetik hərəkətlərinin böyük bir bölümü Şimali Qafqazda (Dağstan, Çeçenstan, Kabardin-Balqarya, Karaçay) keçmişdir. Macar qəbiləlrinin bir qismi cənubi Qafqaza getmiş (Savard Macarları) və Cənubi Azərbaycanda yerləşmişlər. Bəzi araşdırmaçıların iddialarına görə, Savard macarları Azərbaycan xalqının etnogenezində də yer almışlar.
Orta əsrlərdəki macar tarixçiləri Arpad xanədanlığının Atilladan, Hun imperatorluğundan gəldiyini qeyd edirlər. Bütün bunlar macar əfsanələrində də qeyd olunmuşdur.
Elmi araşdırmalara görə, V əsrin əvvəllərindən başlayaraq, Hunlar Karpat hövzəsinə gələrək, Macarstanı Avropa imperatorluğunun mərkəzinə çevirmişlər. Hun imperatoru Atilla imperatorluğu məhz buradan idarə etmiş, əfsanələrə görə ölərkən də Macarstan torpaqlarında Tisa çayının altında dəfn etmişlər. Atillanın ölümündən sonra Hunların hökmü altında olan Karpat hövzəsinin ərazilərini german xalqları öz idarəçilikləri altına almışlar. Atillanın ölümündən sonra Hunların böyük bir qismi Şərqə qayıdaraq, Qaradənizin şimal sahilində və Qafqazın şimalında yerləşdilər. Daha sonra onlar buradan macar qəbilələri adıyla Qərbə köç edərək, birdəfəlik Karpat hövzəsinə yerləşdilər.

Avropada böyük Hun-Türk günü

Buğacda düzənlənən V Hun-Türk Qurultayını fərqləndirən əsas özəlliklərdən biri Qurultay keçirilən ərazidə böyük Atilla "yurta"sının (çadır) qurulması oldu. Qara rəngdə qurulan "yurta" tarixə həm də bu vaxtadək qurulan ən böyük çadır olaraq keçdi. V əsr hun döyüşçülərinin zirehli geyimləri ilə təpədən-dirnağa silahlanmış atlılar yurtanın ətrafında keşik çəkirdilər. İki gün ərzində on minlərlə insanın ziyarət etdiyi yurtanın içərisində hunların Altaylardan Karpat hövzəsinə gəlişini əks etdirən əsl tarix canlandırılmışdı. Yuzlərlə yurtaların qurulduğu böyük ərazidə həm də Macar və Avar qəbilələrinin tarixi, mədəniyyətlərini əks etdirən sərgi düzənlənmişdi. Turan birliyi atlı döyüşçülərin və yay atanların zirehli geyimləri, oynadıqları köböre yarışmalarını həyacansız izləmək mümkün deyildi.Qədim Hun və Turk mədəniyyətini əks etdirən əşyaların satış yarmarkası, bütün türk xalqlarının müsiqi tanıtımı Qurultayın daha da rəngarəng olmasına səbəb olurdu. Atillanın və hunların zəfərlərini alqışlayan şaman davulçuları səhnəyə dünyanın ən böyük davulları ilə çıxdılar. Bütün dualar Atillanın ruhuna və Türk xalqlarının gələcəyinə yönəlmişdi. İndi bütün Macarstanda, Avropada Atilla sanki yenidən doğulur...

Türk birliyinə xoş gəldin Macarstan!