“İki uşaqla artım olmaz” Hadisə

“İki uşaqla artım olmaz”

Zakir Eminov: "Əhalinin təbii artımının azalması meyli müşahidə edilə bilər"
Əhməd Qəşəmoğlu: "İnkişaf uşaqların sayının azalmasına səbəb olacaq"

Hazırda 2 uşaqdan çox övladın dünyaya gəlməməsi üçün əsas səbəblərdən bir də məhz doğuşun çox baha başa gəlməsi, həm də təhlükəli olmasıdır. Belə ki, qadın doğuş zamanı həkimin pulundan başqa hər gün növbə dəyişən tibb bacılarını da görməlidir. Hər gün gəlib müxtəlif bəhanələrlə doğuşdan özünə gəlməyən və emosional vəziyyətdə olan anadan ödəniş tələb etmək ana üçün psixoloji travmadır. Təbii ki, valideyn canı çıxsa da ondan tələb olunan pulu verir. Əks təqdirdə, övladını uşaqların saxlanıldığı otaqda narahatlıqdan daim ağladığını görəcək. Və ya uşaqla ehtiyatsız rəftar ediləcək. Belə rəftar nəticəsində heç də az körpə zərər çəkməyib. Pulun varsa, uşağa yaxşı baxacaqlar, ağlayanda sakitləşdirəcəklər və ya xəbər edəcəklər, bir sözlə, heç nədən korluq çəkməyəcəksən. Təbii ki, özəl xəstəxanalarda vəziyyət fərqlidir. Doğuşa gələn kassada pulunu ödəyəndən sonra xəstəxananı tərk edənə qədər kimsə pul tələb etmir. Əslində, bu daha sərfəli olsa da kassaya hamının 1500-2000 manat ödəməyə maddi imkanı yoxdur.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk 5 ayı ərzində Azərbaycanda 67,3 min, yaxud hər gün orta hesabla 445 körpə doğulub. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6 faizi oğlan, 46,4 faizi isə qız uşaqlarıdır. Körpələrin 1150-si əkiz, 30-u isə üçəm doğulub. Bütün ömür boyu dünyaya uşaq gətirmək qabiliyyətinə malik olan qadınların hər birinə orta hesabla 2,2 doğulmuş uşaq düşür və bu da ölkə üzrə əhalinin təkrar istehsalını təmin edir.
Azərbaycan müstəqillik əldə edən zaman, yəni 1991-ci ildə ölkədə doğulan uşaqların sayı 190 min nəfərdən çox olub. 2013-cü ildə isə doğulan uşaqların sayı 112 min nəfərədək azalıb. Bu isə o deməkdir ki, keçmiş SSRİ dağılan dövr ilə müqayisədə təbii artım ildə təxminən 80 min nəfər azalıb. Doğrudur, ötən əsrin 90-cı illərinin sonu ilə müqayisədə son ilin yekunları nikbindir: belə ki, həmin dövrdə illik təbii artım 75 minədək azalmışdı.
Ekspertlər bildirir ki, Azərbaycan üçün təbii artımın qorunub saxlanması və ən azı müstəqilliyin ilk illəri səviyyəsinə çatdırılması olduqca vacibdir. Aydındır ki, indi ailədə uşaqların optimal sayına münasibət keçmiş ittifaq dövründə olduğu kimi eyni deyil. Bunun kifayət qədər obyektiv və psixiloji səbəbləri var. Məhz bu səbəblər yerləşdiyimiz regionda və hətta bütün MDB ölkələri üzrə təbii artımın azalmasına səbəb olub. İqtisadi faktorlar ilə yanaşı psixoloji və zamanla dəyişən dəyər səbəblər də təbii artımın aşağı düşməsində az rol oynamır.
Bu artım daha çox iqtisadi məsələdir. Əgər orta əsrlərdə daha çox uşaq - daha çox işçi qüvvəsi anlamına gəlirdisə, indi çox ailə üzvü çox xərcdir. Yəni, ailədə uşaqların sayının çox olması artıq ailə büdcəsində gəlir deyil, xərc yaradır. Təbii artımda maraqlı olan dövlətlər isə məhz həmin xərci qarşılamalıdırlar ki, ailələr artımda maraqlı olsunlar. Digər tərəfdən, təbii artım işçi qüvvəsinə olan tələbatın ödənilməsi baxımdan da əhəmiyyətlidir. Əslində, təbii artımın zəif olması səbəbindən hazırda bir sıra inkişaf etmiş ölkələr işçi qüvvəsinə olan tələbin ödənilməsi üçün xaricdən əmək miqrantların gəlməsinə şərait yaradırlar.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin bu sahədə araşdırdığı fərqli ölkələrin təcrübəsi göstərir ki, təbbi artımın dəstəklənməsi üçün stimullaşdırıcı tədbirlərin həyata keçirilməsinə ehtiyac var. Əvvəlla, Norveç və bir sıra digər inkişaf etmiş ölkələrdə olduğu kimi uşaqların sayına uyğun olaraq gəlir vergisindən azad edilmə prinsipinin tətbiqi həyata keçirilə bilər. Belə ki, bu ölkələrdə ailədə uşaqları sayı 3 və daha artıqdırsa o zaman valdeyinlər gəlir vergisi ödəməkdən azad edilirlər. Bu isə ailədə uşaqların sayının artırılması üçün stimul yaradır. Çünki bu halda çox uşaq çox xərc anlamına gəlmir. Vergi ödəməməkdən əldə edilən qənaət uşağın xərclərinə yönəldilir.
İkincisi, Ruminiya və bir sıra Mərkəzi Avropa ölkələrində olduğu kimi uşaqların sayı çox olan ailələrə aşağı faizli və uzun müddətli kreditlər, o cümlədən güzəştli ipoteka krediti təklif edilə bilər. Bu zaman, çox uşaqlı ailə simvolik faizlı kredit götürərək hətta özünə biznes belə yaratmaq imkanına malik olur.
Üçüncüsü, əksər Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi ailədə uşaqların sayına uyğun olaraq pensiyaya çıxma yaşı müəyyənləşdirilə bilər. Uşaqların sayı 3-dən artıq olduğu halda dünyaya gələn hər bir körpəyə görə valdeyinlərin pensiya yaşı azaldıla bilər. Məsələn, 3 uşaqlı ailədə ata pensiyaya 63 yaşında deyil 61, ana isə 59.5 deyil 57.5 yaşında çıxma hüququ verilə bilər. Uşaqların sayı 4 olduqda isə daha 2 il azaldıla bilər. Uşaqların sayı 5-dən çox olduqda isə bu saydam çox olan hər körpəyə qədər pensiya yaşı azaldılması 1 il müəyyənləşdirilə bilər.
Dördüncüsü, Rusiya və hətta neftlə zəngin əksər Yaxın Şərq ölkələrində olduğu kimi uşaq doğulan zaman verilən birbaşa müavinatın məbləği yüksək müəyyənləşdirilə bilər. Verilən vəsait uşağın adına açılmış hesaba köçürülür və valideyn həmin vəsaitin 1/3-dən istifadə etmək hüququ olur. Qalan vəsaitdən isə uşaq böyüdükdən sonra özü sərbəst istifadə edir. Bu zaman, hər bir uşaq doğulan zaman 5 min manat birdəfəlik yardımın edilməsi və onun 66 faizinin depozit kimi uşağın gələcəkdə təhsil və digər məqsədlər üçün istifadə edilməsinə sərf edilər bilər.
AMEA-nın Coğrafiya İnstitutunun Azərbaycan əhalisi və sosial inkişaf şöbəsinin aparıcı elmi işçisi, coğrafiya elmləri doktoru Zakir Eminov mətbuatda çıxış edərək bildirib ki, ölkədə 10-12 ildən sonra əhalinin təbii artımının azalması meyli müşahidə edilə bilər. Onun sözlərinə görə, müstəqillik dövründə əhalinin təbii artımı ciddi sürətdə aşağı düşüb. 1993-2003-cü illərdə bu proses davam edib. Hazırda bu proses normal olsa da, ancaq bir demoqrafik nəsil təxminən 10 ildən sonra nikah yaşına çatanda təbii artımın azalması meyli müşahidə olunacaq. Çünki bir ildə doğulmuş uşaqların sayı 50-70 min nəfər az olubsa, bu, cavanların sayında da özünü göstərəcək".
Ekspert Adil Qeybulla bildirir ki, "Tibbi sığorta haqqında" qanun layihəsi 10 ildən çoxdur imzalanıb, amma hələ də qüvvəyə minməyib: "Düşünürəm ki, tezliklə məsələ həllini tapacaq. Belə olacağı təqdirdə tibb sığortası ilkin olaraq, doğuş və təxirə salınmaz yardıma şamil olunacaq. Əhalinin, vətəndaşın üzərinə düşəcək müəyyən xidmətlər, var onlara ehtiyac olmayacaq. Bu həm də həkim məsuliyyətini artıracaq. Bizdə konkret xəstəliklərin aparılması ilə bağlı klinik protokollar tərtib olunmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının, dünyanın aparıcı klinikalarının Qərb təbabətinin standartları çərçivəsində həyata keçirdiyi kliniki protokollar var. Hamilə qadının aparılması qaydası, hamilə olan andan hansı məsələlər tədqiq olunmalıdır, hansı situasiyalarda taktika necə olmalıdır, doğuş necə keçirilməlidir və s. Bu gün hansısa bir ağırlaşmaya görə sorunlu olan şəxsləri ittiham etmək üçün əlimizdə bir sənəd yoxdur. Sovet təbabəti dağılıb. Ölkədə qərb təbabəti tətbiq edilir. Lakin onların indiyə qədər protokolları tətbiq olunmur. Biz vakkum şəraitində fəaliyyət göstəririk. Hesab edirəm ki, dövlət klinikalarında "təchizat pulsuzdur və vətəndaşlar hər cür şəraitlə təchiz olunur" kimi deklorativ bəyənatlardan konkret işə keçməliyik. Bu da sığorta təbabətinin tətbiqindən keçir. Belə olan halda xeyli məsələlər öz həllini tapacaq. Düzdür, peşəkarlıqla bağlı problemlərimiz də çoxdur, amma sadaladıqlarım heç də peşəkarlıq problemindən geridə qalmır".
Sosioloq Əhməd Qəşəmoğlu insanların təbii artımında azalmanın bütün dünyada müşahidə edildiyini, BMT və digər təşkilatların da bu siyasətin bütün ölkələrdə həyata keçməsində maraqlı olduqlarını vurğulayır: "Bütün sosioloji təhlillər göstərir ki, maarifləndirmə, təhsilli insanların sayı çoxaldıqca, urbanizasiya gücləndikcə ailələrdə uşaqların sayı azalır. Bəzi ölkələrdə bu artım mənfi indekslə qeyd edilir. Azərbaycanda əhali artımı daha çox kənd rayondakı ailələr hesabına təmin olunub. Artıq müasir həyat tərzi kəndlərdə də müşahidə edilir. Bu inkişaf uşaqların sayının azalmasına səbəb olacaq. İldən-ilə bu proses müşahidə edilir, yaxın 10-12 ildə də təbii artımın azalması müşahidə edilə bilər, bu da normaldır. Əhalinin artımının mənfi indeksə keçməsi problem ola bilər. Yaxın illərdə isə bu proses müşahidə edilməyəcək".
Sosioloqun sözlərinə görə, əhali artımı ən çox ötən əsrin 60-70-ci illərinə təsadüf edib, sonrakı dövrlərdə isə rəqəmlərdə müxtəlif dəyişikliklər olub. Sosioloq təbii artımın azalmasının problemlərə yol aça biləcəyini vurğulayır: "Hazırda bu problemin müşahidə olunduğu Avropa ölkələrinin ən böyük problemi miqrantların sayının çoxalmasıdır. Gəlmələrin sayı artdıqca əhalinin etnik tərkibi sürətlə dəyişir. Bu ölkənin mənəviyyat, mədəniyyətinin dəyişməsinə təsir edir. Bundan başqa, pensiya alanların sayı artır, vergi ödəyicilərinin sayı azalır. Xarici ölkədən gələnlərin qarşısını almağa çalışsaq, bu zaman da işçi qüvvəsi çatışmayacaq. Bu zaman isə Fransa, Almaniya kimi ölkələrdəki vəziyyət yaranacaq. Əhalinin sayından daha çox keyfiyyətli artımı stimullaşdırmaq lazımdır. Say artımının tərəfdarı deyiləm, bu köhnə təfəkkürün məhsuludur. Artım mənfi indeks olmadan çoxalmaya ehtiyac var. Ailədə iki uşağın olması, normal olsa da, üç uşağın olması daha düzgündür. İki uşaq olanda həm əhali artımı dayanır, həm də uşaqlar arasında psixoloji problem olur. Hazırkı durumda əhalinin sayı təbii formada artır, lakin elə bu artımın özü də gələcəkdə bu sahədə problem yaşayacağımıza işarə verir. Bu gələcəyin konkret 10-12 yaxud daha gec olacağını deyə bilmərik. Amma rəqəmlər bunun qaçılmaz olduğunu göstərir. Axı iki uşaqla artım olmaz".

Ülviyyə Tahirqızı