Nazirlik bu layihələrin icrasına 7 milyon ödəyib Hadisə

Nazirlik bu layihələrin icrasına 7 milyon ödəyib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən il 2 milyon manat vəsait sosial sifarişlər üçün qeyri-hökumət təşkilatları ilə əməkdaşlığa yönəldilib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev "Sosial xidmətlər sahəsində qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq: nailiyyətlər və perspektivlər" mövzusunda keçirilən konfransda çıxışı zamanı bildirib.
O bildirib ki, əməkdaşlıq çərçivəsində 68 layihə icra olunub:
“Dövlət başçısının 1 iyul 2019-cu il sərəncamı ilə 2 milyon manatdan başqa 5 milyon manat da əlavə edilib. Ümumilikdə 7 milyon manat vəsait hesabına 195 layihə maliyyələşdirilir. Bunların hər biri müvafiq satınalma prosedurlarına uyğun şəkildə tənzimlənir”.
Nazir qeyd edib ki, sosial sifarişlərin icrasında çevikliyi qorumaq çox önəmlidir:
“Çevikliyi qoruya bilməsək, layihələrin icra səviyyəsi ciddi şəkildə aşağı düşəcək. İlin ilk 2-3 ayı ərzində bütün layihələr hazırlanıb təqdim olunmalıdır ki, il ərzində xidmətlər göstərilə bilsin. Ona görə də bu mexanizmi daima təkmilləşdirməyə hazırıq”.
S.Babayev bildirib ki, ancaq bu layihələrinin sayının artırılmasına ehtiyac dəfələrlə artıqdır. Yəni bir il ərzində 200-ə qədər layihə kifayət deyil. Bu 200 layihənin içərisində ahıllar mərkəzinin sayı cəmi 10-dur. Amma ölkənin ən azı 60 rayonunda ahıllar mərkəzinin yaradılmasına çox ciddi ehtiyac var. Surdioloji Mərkəzlərin sayı cəmi 10-15 dənədir. Görmə qabiliyyəti zəif olan uşaqlar üçün mərkəzlərin sayı bu qədərdir. Bunlar hər rayonda olmalıdır. Günərzi mərkəzlərinin sayının 70 olmasına baxmayaraq, bu Mərkəzlərə ehtiyac dəfələrlə artıqdır. Bir Günərzi Mərkəzi ən yaxşı halda 30-50 arası uşağa xidmət edə bilir. Aydın məsələdir ki, 30-50 uşağa xidmət edən Günərzi Mərkəzi 1-2 kəndin ehtiyacını görə bilir, bütöv rayonun yox. Ona görə də bütün təşəbbüsləri dəstəkləyirik və birgə əməkdaşlıq göstərməkdə maraqlıyıq. Düşünürəm ki, həm qanunvericiliyin inkişaf etdirilməsi, həm də ortaq layihələrlə bu seqmenti daha da artıra bilərik”.